İnyesta: "Barselona" səviyyəsində oynaya bilməyəcəyimi anladım və ayrılmaq qərarı verdim"

Dünya çempionatının başlamasına 4 gün qalmış İspaniya millisinin yarımmüdafiəçisi Andres İnyesta İngiltərə mətbuatına müsahibə verib.

Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu "Barselona"dan ayrılaraq, Yaponiyanın "Vissel Kobe" klubuna transfer oldu. 34 yaşlı futbolçu 22 mövsüm sonra "Barselona"dan başqa bir klubda forma geyərək, top qovmağın həyəcanını yaşayacaq. İnyesta "Barselona"da keçirdiyi son oyunda duyğulu anlar yaşamışdı.  İspaniyalı futbolçu klubda keçirdiyi son oyunu barədə danışıb:

"Karyeran ərzində oynadığın klubdan ayrılmaq asan iş deyildi. Mənim üçün duyğulu anlar oldu. "Nou Kamp"da keçirdiyim son matçda hamı stadiondan ayrıldıqdan sonra mən meydanı tərk etmədim. Stadionda tək qaldım və evimlə vidalaşdım. Duşlardan tutmuş, tunelə kimi gözəl xatirələrim var və bunları unutmayacam. İnanılmaz karyera yaşadım. Ətrafımda olan hər kəsin bunda faydası oldu".

İnyesta Kriştiano Ronaldo və Lionel Messi haqda da danışıb:

"Bu futbolçularla eyni dövrdə oynadım. Onlar inkişafımda pay sahibi oldular. Eyni dövrün futbolçularıyıq. Qazandığımız uğurları və necə futbolçu olduğumuzu bilirik. Bir-birimizə hörmətlə yanaşırıq.Üçümüzün də dünya çempionatında qalib olmasını istəyən milyonlarla azarkeş var. Bizim nəslin oyunçuları üçün bu, son dünya çempionatı olacaq. Buna görə də mundial bizim üçün önəmli olacaq".

Təcrübəli yarımmüdafiəçi "Barselona"dan ayrılmasının səbəbini açıqlayıb:

"Vücudumdan sona qədər istifadə etmişdim. Artıq "Barselona" səviyyəsində və tempində oynaya bilməyəcəyimi anladım və ayrılmaq qərarı verdim. Zirvədə getdiyimi düşünürəm. Belə xatırlanmaq mənim üçün xoş olacaq".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah