Natiq Bağırov: "Onun ürəyi Azərbaycan üçün döyünməlidir"

Cüdo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Natiq Bağırov müsahibə verib.

- Cüdo üzrə Azərbaycan çempionatının döyüşlərini izlədiniz. Burdakı çıxışlar zamanı hansısa idmançını “gözaltı” edə bildiniz?

- Təbii ki, biz burda milliyə namizəd olan cüdoçuların çıxışını yaxından izlədik. Həmçinin, ölkə çempionatında bəzi idmançılar göstərdiyi performansla diqqətimi çəkdi. Millimizdə yeni adların olması istisna deyil. Layiq olan hər kəs Azərbaycan bayrağı altında çıxış edəcək. Bundan əmin ola bilərsiniz. Bakıda olacaq ilk təlim-məşq toplanışında hər kəsi sınayacağıq. Kimin necə vəziyyətdə olduğunu, beynəlxalq yarışlara hansı idmançının hazır olmasına baxacağıq. Yanvarın 3-də bir araya gələcəyik. İl ərzində isə təqvimə uyğun olaraq, yarışlar üçün gedəcəyimiz ölkələrdə təlim-məşq toplanışlarımız baş tutacaq. Bizə hazırlaşmaq üçün hər cür şərait yaradılıb. 

- Kişi cüdoçularımızdan fərqli olaraq, qadın idmançılarımız beynəlxalq turnirlərdə böyük uğurlara imza ata bilmir. Bu nə ilə bağlıdır?

- Kişilərdən ibarət millmiz son vaxtlar çox gözəl çıxış edir. Qadın cüdoçularımız isə istənilən səviyyədə deyil. Buna baxmayaraq, Azərbaycan cüdo Federasiyası bu istiqamətdə böyük işlər görür. Artıq bizim dünya çempionatında mükafatçılar sırasına daxil olan idmançımız belə var. Ən çətini işi başlamaqdır. Əsas işimiz qadınlardan ibarət millimizi də yüksək səviyyəyə çatdırmaqdır. Düşünürəm ki, federasiyanın dəstəyi ilə bunu bacaracaq gücdəyik.

- Millimizdə legioner cüdoçular çıxış edir. Gələcəkdə bu proses davam edəcəkmi?

- Dünya çempionatına 9 ay qalıb. Bu müddət ərzində Azərbaycanı yüksək səviyyədə təmsil edəcək idmançılar tapmalıyıq. Bəli, onlar legioner ola bilər. Biz əcnəbi idmançını yığmaya cəlb ediriksə, mütləq onun ürəyi Azərbaycan üçün döyünməlidir. Ancaq bu müvəqqətidir. Mənim fikrimcə, bir müddət sonra qadınların yığmasında yerli idmançılar üstünlük təşkil edəcək. Bunu mən də istərdim.

Sportfm.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right