“Səbail”in saytı yaxın müddətə hazır olmalıdır (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Fərdi jurnalist araşdırması” mövzusu çərçivəsində hazırladığı 8-ci yazı

Beləliklə, layihəmizin sonuna gəlib çatdıq. Sonuncu yazımız Premyer Liqanın debütantı “Səbail”ə həsr olunub. Elitada ilk mövsümünü keçirməsinə baxmayaraq, “Səbail” heç də özünü debütant kimi aparmır. Hər halda, Samir Əliyevin döyüşkən komandası sonuncu pillədə deyil. Üstəlik, sərgilədiyi futbol gözə gəlimlidir.

Bəs klubun Media Departamentinin fəaliyyəti hansı səviyyədədir? Ənənəmizə sadiq qalaraq, sayt və sosial şəbəkələrdəki fəaliyyətini işıqlandıracaq, “wikipadia” səhifəsinə nəzər salacağıq.

Sayt

Adətən, bu layihədə ən çox saytın fəaliyyətini işıqlandırır, ən xırda detalları belə işıq üzünə çıxardırıq. Həm müsbət məqamları qeyd edirik, həm də çatışmazlıqları nəzərinizə çatdırırıq. Təəssüf ki, “Səbail” haqqında olan yazımızda bunu edə bilməyəcəyik. Çünki klubun portalı hələ hazır deyil. Səbəbini paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Törə Əhmədova izah edib. Bunu aşağıda oxuyacaqsınız. Hələlik isə keçid alaq klubun sosial şəbəkələrdəki fəaliyyətinə.

Facebook

“Səbail”in bu sosial şəbəkədəki fəaliyyəti təqdirəlayiqdir. Tez-tez paylaşımlar edilir. Səhifənin xəbər intervalı böyük olmadığından izləyicilərin sayı kifayət qədərdir. Düzdür, 6107 nəfərlik göstərici ümumi dünya prizmasından baxsaq, o qədər də yüksək rəqəm sayılmaya bilər. Ancaq sırf Azərbaycan daxilindən yanaşsaq və elitanın debütantı olduğunu nəzərə alsaq, o zaman böyük göstərici saya bilərik. Unutmayaq ki, “Səbail” bu sosial şəbəkədəki izləyicilərinin sayına görə “Zirə” və “Kəpəz” kimi klubları qabaqlayır.

İnstagram

Gənc kütlənin daha çox maraq göstərdiyi sosial şəbəkədəki aktivlik də pis deyil. “Facebook”da  edilən paylaşımlar “instagram”da da edilir. Ancaq müqayisədə izləyicilərin sayı təxminən iki dəfə azdır. Bu sosial şəbəkədən “Səbail”i izləyənlərin sayı 3136-ya bərabərdir. İndiyədək 344 şəkil və video paylaşılıb.

Twitter

“Facebook”da edilən paylaşımlar bu sosial şəbəkədə də edilir. Başqa klublarda olduğu kimi, “Səbail”in də “twitter” səhifəsində izləyici qıtlığı var. Amma buna görə Bakı klubunu qınamaq bir qədər insafsızlıq olar. Çünki bu sosial şəbəkədəki azərbaycanlıların sayı azdır. Etiraf edək ki, bizim xalq üçün hələ “twitter” yaddır. Bəlkə zamanla Türkiyədəki kimi, bizdə də bu sosial şəbəkəyə axın olar. Bax o zaman klubların da səhifələrinin izləyici sayı xeyli arta bilər. Hələlik isə “Səbail”in buradakı izləyiciləri 74 nəfərdir və indiyədək 86 paylaşım edilib.

Youtube

Saytla yanaşı, hələ ki “youtube” kanalı da açılmayıb. Ancaq “Səbail”in mətbuat xidmətinin rəhbərindən aldığımız məlumata görə, tezliklə, bu çatışmazlıq da aradan qaldırılacaq. Çünki bu bir peşəkar klub üçün çox lazımlı olan məqamlardan biridir.

Wikipedia

“Səbail”in 7 dildə “wikipedia” səhifəsi var. Ana dilimizdə olan hissədə ən son heyətdə, rəhbərlikdə və məşqçilər korpusunda yer alan şəxslərin kimliyi haqqında məlumat verilib. Ancaq klubla bağlı daha dolğun məlumatların yerləşdirilməsinə ehtiyac var ki, səhifə “quru”görünməsin. İngiliscə olan səhifədə ötən mövsüm 1-ci divizionda yekunda turnir cədvəlindəki göstəricilərinə, Bayram Budaqovun 18 qolla ən məhsuldar futbolçusu olmasına və o zaman Elman Sultanovun baş məşqçi olmasına yer verilib. Ancaq klub rəhbərliyi haqqında detallı məlumat yerləşdirilməyib. Açığı, Belarus və Latviya dillərində olan səhifədə demək olar ki, heç bir məlumat verilməməsi bizi təəccübləndirdi. Rusca informasiya daha zəngindir. “Səbail”in Portuqaliya və Hollandiya dillərində də “wikipedia” səhifəsi fəaliyyət göstərir.

Mətbuat katibinin fikri

Törə Əhmədova: “Hələlik mətbuat xidmətində üç nəfər çalışır. “Səbail”in saytında bəzi problemlər var idi. Məsələn, başlıqda bəzi şriftlər avtomatik böyüyürdü, hərflər dəyişirdi. Saytın içində olan yazılarda çox ciddi problemlər yaranmışdı. Bundan əlavə, klubun loqosunun da dəyişdiyini bilirsiniz. Buna görə də, yeni sayt sifariş verdik. Yaxın zamanda sayt fəaliyyət göstərəcək. Bu qədər uzanmasını mən də istəməzdim əslində. Biz mütəmadi müxtəlif paylaşımlar edirik sosial şəbəkələrimizdə. Hətta mən deyərdim ki, rəsmi sayt müvəqqəti fəaliyyətdə olmadığı üçün "facebook" səhifəmiz çox aktiv işləyir. Oyunqabağı müxtəlif anonslar, rubrikalarımız var və s. Hətta Novruz bayramı vaxtı da bizim sosial şəbəkəmiz aktiv işləyib. "Twitter" səhifəmizi yeni açmışıq. Hardasa 2 aydır. "Facebook"  səhifəmizdə etdiyimiz paylaşımları orada da edirik. Gələcəkdə "youtube" kanalını açmağı düşünürük. Amma hal-hazırda rəsmi saytın tez bir zamanda işə düşməsi üçün çalışırıq.

Layihəyə yekun baxış

Beləliklə, iki aylıq layihəmizi başa vurduq. Əslində məqsədimiz heç də klubların Mətbuat Departamentinin işində nöqsan tapmaq, onlarda sırf mənfi məqamları üzə çıxarmaq deyil. Hədəfimiz bu məsələni gündəmə gətirməklə klubların bu sahədəki fəaliyyətinə işıq tutmaq və daha da peşəkarlaşması istiqamətində öz təkliflərimizi verməkdir. Daha öncə də qeyd etmişdik ki, bir klub təkcə komandasının nəticələrinə görə böyük sayılmır. Böyük klub həm də çox saylı azarkeşiylə, uğurlu biznes, media və marketinq fəaliyyəti ilə seçilir. Biz də məhz bunlar çatışmır. Azarkeş və marketinq marağının formalaşması üçün isə mətbuat xidmətinin üzərinə böyük məsuliyyət düşür. Deməli, klub ilk növbədə güclü struktur yaratmaq istəyirsə, Media Departamentinə sağlam təməl qoymalıdır. Ən azı 4-5 əməkdaşın mətbuat xidmətində çalışması vacibdir. Ən azı 1 operator, 1 fotoqraf olmalıdır. Mətbuat katibi sırf məşqçilər, futbolçular və media arasında vasitəçi olmalıdır. Sayt və sosial şəbəkələr üçün isə ayrıca insanlar ayrılmalıdır. Xüsusən müasir dövrdə sosial şəbəkələrin maksimum dərəcədə aktiv olması həm azarkeşlərin, həm də sponsorların cəlb olunmasına yardım edə bilər. Gün ərzində səhifədə ən azı 4-5 paylaşım edilməlidir. Azarkeşlərin “damarını tutmaq”, onları tribunaya cəlb etmək üçün stimullaşdırıcı, bir qədər qıcıqlandırıcı, rəqibə qarşı motivasiya yaradacaq paylaşımlar edilməlidir. Bu zaman futbolçulardan məşqlərdə alınan açıqlamalar da faydalı ola bilər. Ümumiyyətlə, azarkeşləri futbolçulara yaxınlaşdırmaq, onların suallarına oyunçulardan cavab almaq, virtual müsahibələr almaq diqqətçəkici ola bilər. Bu sahədə dünyanın tanınmış peşəkar klublarının fəaliyyətindən örnək götürmək olar. Ümid edirik ki, ən azı Premyer Liqamızda çıxış edən klublar bu baxımdan əsl peşəkarlıq qazanar. Bu istiqamətdə hər birinə uğurlar arzulayırıq”. 

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz