Gəncə hadisələrinin kölgəsində qalan tur Layihə

Ölkə çempionatının 20-ci turunda qol sarıdan kasadlıq yaşandı. 4 oyunda qapılara cəmi 5 top vuruldu. İki görüşdə qonaqlar, bir qarşılaşmada meydan sahibləri minimal hesabla qələbə qazandı. Bir matçda isə heç-heçə qeydə alındı. Bu tur çempionluğa iddialıların büdrəməsiylə əlamətdar oldu.

Sönük olsun, qələbə olsun

Futbolda gözəl oyun vacib amillərdəndir. Xüsusən də azarkeşlər üçün. Ancaq tarixdə nəticə qalır. Deməli, ilk növbədə nəticəni təmin etmək, daha sonra gözəl oyun haqqında fikirləşmək lazımdı. “Neftçi”nin Şüvəlandakı oyunu da bu fəlsəfəyə söykənmişdi. Elxan Abdullayev bu dəfə 4-5-1 taktiki düzülüşünə üstünlük vermişdi. Bəlkə də rəqibin autsayder olması “Neftçi”nin baş məşqçisini daha aqressiv oyun anlayışına üstünlük verməyə sövq etmişdi. Bu dəfə Rəhman Hacıyevin start heyətində yer alması diqqəti çəkirdi. AZAL optimal heyətlə meydana çıxmışdı. Ancaq qapılarında gördükləri erkən qol “təyyarəçilər”in planlarını alt-üst etdi. Bundan sonra qonaqlar daha ehtiyatlı futbol sərgiləməyə başladı. İkinci hissədə Əhmədov bütün “kartlar”ını açdı. Əvvəlcə Samir Məsimov sabiq komandasına qarşı oynamaq fürsəti yaxaladı. Bir qədər sonra Röyal Nəcəfov meydana buraxıldı. Oyunun sonlarında çalışdırıcı riskə gedərək müdafiəçi Ruslan Əmircanovu hücumameyilli yarımmüdafiəçi Nuqzar Kvirtiya ilə əvəzlədi. Ancaq qış fasiləsində edilən transferlərlə müdafiəsi möhkəmlənən “Neftçi” qələbə hesabını sonadək qoruya bildi. Ancaq bu il 70 yaşını qeyd edən “ağ-qaralar” hələ ilk “5-liy”ə yüksəlmək üçün çox çalışmalıdır. Çünki bir pillə öndəki “Sumqayıt”la arada 5 xallıq fərq var.

“Zirə” qonşusunu qabaqladı

“Sumqayıt”ın medallar uğrunda mübarizəsinə praktiki olaraq, 20-ci turda nöqtə qoyulduğunu söyləyə bilərik. “Qarabağ”a qalib gələrək 3-cü pillədə möhkəmlənən “İnter”ə ən yaxşı halda “Zirə”nin əlcək atacağını iddia edə bilərik. Meydan sahibləri gözlənilən heyətlə meydana çıxmışdı. Qonaqlarda isə Sergey Çernışevin ehtiyatda qalması diqqəti çəkirdi. İlk hissədə “Zirə”nin üstünlüyü diqqəti çəkirdi. Hücum xəttindəki legionerlər “Sumqayıt”ın müdafiəçilərinə əməlli-başlı başağrı olurdu. Bunun məntiqi nəticəsi kimi “Zirə” hesabı açdı. 35-ci dəqiqədə Riçard Qadzenin qarşısını almaq mümkün olmadı. İkinci hissədə “Sumqayıt” bir neçə dəyişikliyə əl ataraq təşəbbüsü ələ keçirdi. Sergey Çernışev və Mirabdulla Abbasov meydana daxil olduqdan sonra bərabərlik qolunu vurmaq şansları yarandı. Xüsusən də Çernışev fəallığıyla seçilirdi. Ancaq bu cəhdlər qolla yekunlaşmadı. Beləliklə, Ayxan Abbasovun gəlişindən sonra daha sabit oynamağa başlayan “Zirə” qonşusunu geridə qoydu.

 “Qarabağ”ın “İnter”lə yenə bacarmadı

Turun mərkəzi qarşılaşması Suraxanıda baş tutdu. Bu mövsüm “Qarabağ”ın “İnter”lə oyunları alınmırdı. Cari mövsüm ölkə çempionu yalnız bu komandaya qalib gələ bilməyib. Bu sindromu 3-cü dövrədə də qırmaq ağdamlılara müyəssər olmadı. Bunda obyektiv səbəblər də müəyyən qədər rol oynadı. Dino Ndlovu məşqlərin birində komanda yoldaşıyla toqquşmuş və huşunu itirmişdi. Bu üzdən meydana çıxmağa hazır deyildi. Həyat yoldaşının səhhətiylə bağlı Türkiyəyə yollanan Əfran İsmayılov da belə vacib qarşılaşmada “Qarabağ”a kömək edə bilmirdi. Maksim Medvedev isə zədəliydi. Əvəzində Rəşad Sadıqov 2017-ci ildə ilk dəfə “Qarabağ”ın heyətində rəsmi oyuna çıxırdı. Qurban Qurbanov itkilər fonunda əvəzedicilərin çempionatında 8 qol vurmuş Vüqar Nadirova start heyətində şans vermişdi. Qapıda İbrahim Şehiç dayanmışdı. Müdafiə “4-lüy”ünü Ansi Aqolli, Rəşad Sadıqov, Bədavi Hüseynov və İlqar Qurbanov təşkil edirdi. Miçel və Coşqun Diniyev dayaq, Qətərlə yoldaşlıq oyununda yığmamızda debüt edəcək Riçard Almeyda isə mərkəz yarımmüdafiəçisi kimi çıxış edirdi. Ön xətdə 3 azərbaycanlı futbolçu – Mahir Mədətov, Vüqar Nadirov və Ağabala Ramazanov yer almışdı. Qonaqların qapısını Səlahət Ağayev qoruyurdu. Müdafiə “5-liy”i Abbas Hüseynov, Zurab Xizanişvili, Tərlan Quliyev, Adrian Skarlatake və İlkin Qırtımovdan ibarət idi. Fuad Bayramov və Elnur Abdullayev “Qarabağ”ın mərkəzdən güclü təzyiqinin qarşısını almalıydı. Cinahlarda yer alan Mirsahib Abbasov və kapitan Nizami Hacıyev yeganə hücumçu Rauf Əliyevi topla təchiz etməliydi. Çempionatımızın ən məhsuldar yerli futbolçusu bu oyunda da fəallığıyla seçilirdi. O, sabiq komandasını məyus etmək üçün dəridən-qabıqdan çıxırdı. Ancaq onun qol arzusunu təcrübəli Zurab Xizanişvili reallaşdırdı. Gürcü stopper 72-ci dəqiqədə gözəl zərbəylə hesabı açdı. Buna qədər “Qarabağ” bir neçə dəfə fərqlənmək imkanını qaçırmışdı. Ancaq etiraf etmək lazımdır ki, ölkə çempionu başqa rəqiblərlə müqayisədə bu görüşdə o qədər də zəngin epizod yaxalaya bilmədi. Buna səbəb rəqibin çox yaxşı qapanması, boşluqlara yol verməməsi və “Qarabağ”dakı itkilər idi. Beləliklə, əsas rəqibinin xal itirdiyi turda ağdamlılar yenidən liderliyə yüksəlmək şansını əldən verdi. Bu nəticə həm də “İnter”in ən azı gümüş medala iddia etmək potensialına sahib olduğunu üzə çıxardı. Başqa sözlə, çempionatın rəngarəngliyi artdı.

Gəncə “bataqlığ”ının növbəti qurbanı

“Kəpəz” – “Qəbələ” oyununun idarəçiliyi və sonrasında verilən cəzalar qarşılaşmanı və nəticəsini kölgədə qoydu. Əslində görüş yetərincə maraqlı keçdi. “Qəbələ”də qapı həmişəki kimi, Dmitri Bezotosnıya həvalə olunmuşdu. Müdafiənin cinahlarında Məhəmməd Mirzəbəyovla Tellur Mütəllimov, mərkəzində isə Vojislav Stankoviç və Rasim Ramaldanov yer almışdı. Nika Kvekveskiriylə yanaşı, Cavid Hüseynovun da dayaq yarımmüdafiəçisi kimi çıxış etməsi diqqəti çəkirdi. Oyunu Filip Ozobiç qururdu. Cinahlardan Sergey Zenyovla Araz Abdullayev Daniel Subotiçi “qidalandırmalıydı”. “Kəpəz”də son vaxtlar uğurlu çıxışıyla diqqətləri üzərinə çəkən Davud Kərimi “çərçivə”ni qoruyurdu. Novruz Məmmədov, Şəhriyar Əliyev, Renan, Şəhriyar Rəhimov və Tural Axundov 5-li müdafiə xəttini təşkil edirdi. Kərim Diniyev müdafiəyə yardım etməliydi. Şahin Diniyevin əsas qol ümidləri Serjinyo, Dario Federiko, Orxan Əliyev və Nicat Qurbanov idi. Ancaq mütəxəssisi bu futbolçular yox, Şəhriyar Rəhimov sevindirdi. Komanda yoldaşının zərbəsini qapıya istiqamətləndirən müdafiəçi 5 min gəncəlini coşdurdu. Buna “Qəbələ”lilər kəskin etirazını bildirdi. Onlar Rəhimovun oyundankənar vəziyyətdə olduğunu düşünürdü. Ancaq həqiqətdə bu belə deyildi və qol “təmiz” idi. Ancaq Əliyar Ağayevin 2 dəqiqə sonra verdiyi qərar ehtirasları son həddə çatdırdı. Nika Kvekveskiri Nicat Qurbanova qarşı kobud oynadı. Sonra onu itələdi və yerli futbolçu bunun cavabında gürcüyə sillə vurdu. Əliyar Qurbanovu haqlı şəkildə meydandan qovdu. Ancaq FİFA referisi Nikaya da “qırmızı” göstərməklə ağır qərar çıxarmış oldu. “Qəbələ”nin 2-ci hissədəki cinah həmlələrinin biri məhsuldar alındı. Araz Abdullayevin asmasını uzaqlaşdırmaq istəyən Renan qapıları səhv saldı – 1:1. Bundan sonra Daniel Subotiç başla boş qapını nişan ala bilmədi. Nəticədə “Qəbələ” ağır Gəncə səfərindən bir xalla ayrıldı.

Bu “soyqırım” nəyə lazım?

“Qəbələ” rəsmiləri “Kəpəz”in vurduğu qol zamanı ofsayd olduğunu düşünürdü. Onlar Kvekveskiriyə qırmızı vərəqə verilməsini də düzgün hesab etmirdi. Bu üzdən paltardəyişmə otağına aparan tuneldə hakimlər briqadasına iradlarını çatdırıblar. AFFA İntizam Komitəsi isə bu klubu “baltalayıb”. İlin-günün bu vaxtı, maliyyə problemlərinin boğaza çıxdığı bir məqamda bir kluba 38500 manat cərimə kəsmək onu de-fakto öldürmək anlamını verir. Axı qarşı tərəfin hakimləri döyməsi ilə bağlı da ortada fakt yoxdu. “Qəbələ”nin marketinq meneceri Səməd Nəsibov və klubun digər idman növləri üzrə kuratoru Səbuhi Qarayev mövsümün sonunadək stadionlarda ola bilməyəcək. Üstəlik, “Qəbələ”yə sırf qısa müddətli insidentə görə bu qədər cərimə kəsmək heç bir məntiqə və insafa sığmır. “Bakı” və “Xəzər Lənkəran”ın aqibətini “Qəbələ”nin də yaşamasını istəyirsiniz? Sonra da deyirsiniz ki, klubları maliyyələşdirməyə sponsor tapılmır. Sizin belə “soyqırımlar”ınızı görən hansı imkanlı şəxs özünü odun-közün içinə atar?

Media əhli Gəncədəki idarəçilikdən narazıdır

Elçin Cəlilov (futbolpress.az saytının redaktoru): “Nicat Qurbanov rəqibə sillə vurduğu üçün meydandan qovulmalıydı. Ona verilən qırmızı vərəqə tam haqlı qərardır. İntizam Komitəsinin ona 4 oyunluq cəza verməsini də doğru hesab edirəm. Ancaq Nika Kvekveskiriyə qırmızı vərəqə verilməməliydi. Onun cəzası sarı vərəqə olmalıydı. Demək olar ki, vitse-prezident Fariz Nəcəfovdan başqa bütün “Qəbələ”rəsmiləri cəzalandırılıb. Klub 38500 manat cərimələnib. Bu cəza və cərimələrə baxanda elə fikir yaranır ki, sanki Gəncədə əməlli-başlı qırğın olub. Amma ortada fakt yoxdur.”Qəbələ” rəsmiləri iddia edir ki, heç bir hakimə fiziki təzyiq göstərməyiblər. Hesab edirəm ki, bu qərarla kluba qarşı haqsızlıq edilib. “Qarabağ”ın “İnter”ə uduzmasına gəlincə, ağdamlılar bu mövsüm bakılılara 2 dəfə uduzub. Bir oyunda isə heç-heçə qeydə alınıb. Xarici çempionatlarda da bele tendensiyalarla rastlaşırıq. Məsələn, “Barselona” üçün ən çətin səfər “Real Sosyedad” səfəri hesab olunur. Başqa misallar da çəkmək olar. “Qarabağ” nə “İnter”dən zəifdi, nə də bu komandaya qarşı zəif hazırlaşır. Sadəcə, qeyd etdiyim tendensiya məsələsidir. Bukmeker ağzıyla danışsaq, “menşelik” tur oldu. “Qarabağ” – “İnter” oyununu çıxmaqla, qalan görüşlərdəki nəticələri gözlənilməz saymıram. “Qəbələ”nin səfərdə xal itirəcəyini gözləyirdim. Gəncə stadionunun bərbad qazonunda oynamaq çox çətindir. “Qəbələ” daha öncə də orda xal itirmişdi. Ümumilikdə bu turu hərəkətli tur saymıram.    

Mahir Rüstəmli (“Futbol+” qəzetinin baş redaktoru): “Əliyar Ağayevin "Kəpəz" - "Qəbələ" oyunundakı idarəçiliyinə yüksək qiymət verə bilmərəm. Artıq ilk yarıda, konkret 38-ci dəqiqədə meydanda ehtiraslar bu dərəcədə coşursa, deməli, baş hakim hansısa məqamda boşluğa yol verib. İntizam Komitəsinin qərarları da yetərincə sərtdi. Xüsusən də ölkədəki və futboldakı iqtisadi durumu nəzərə alanda. Amma "Qəbələ"nin Apellyasiya Komitəsinə müraciət edib cəzaları yumşaltmaq imkanı var və çox güman, klub bundan yararlanacaq. "Qarabağ" - "İnter" oyununa gəlincə, ağdamlıların məğlubiyyətini şərtləndirən iki əsas səbəb görürəm: ciddi itkilər və ənənəvi olaraq bu üslubu seçən rəqiblərlə oynaya bilməmək. Ümumilikdə hesabat turunda çox maraqlı və çempionluq mübarizəsində intriqanı saxlayan nəticələr qeydə alındı ki, buna görə biz jurnalistlər ancaq sevinə bilərik. Məsələn, "Qəbələ" ilə "Qarabağ" son turda qələbə qazansaydı, "İnter" liderlərdən xeyli aralı düşəcəkdi. İnanıram ki, qarşıdakı turlarda da bir neçə sürprizlə üzləşəcəyik”.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right