Çempionatımızın tonqalı “Qəbələ”də alovlandı Layihə

Yaz yaxınlaşır... Yazın carçısı Novruzdur. Novruzun ilk qaranquşu isə su çərşənbəsi sayılır. Artıq su çərşənbəsini geridə qoymuşuq. Deməli, yaz da, Novruz da yaxındadır. Novruz deyəndə ağıla ilk gələn alovlanan tonqal olur. Çempionatımızın da Novruzu yaxınlaşır. Artıq tonqal da alovlanıb. Premyer Liqanın tonqalı Qəbələdə alovlandı. Bayram bayrama qarışdı. İndi çempionat tam fərqli görünür. Daha şirin, daha məzmunlu. Bu yarışdan həzz almağa dəyər. 19-cu turu gözdən keçirməyin vaxtıdır.

“İnter” gözəl fürsəti qaçırdı

ABB-nin sponsorluqdan imtinasından sonra AFFA-nın qanadının altına sığınan “İnter” heç nə olmamış kimi mübarizəni davam etdirir. Yerli futbolçuların dominantlıq etdiyi komanda turun açılış oyununda Ayxan Abbasovun gəlişindən və yeni transferlərdən sonra daha məzmunlu futbol nümayiş etdirən “Zirə”ni qəbul etdi. Abbasov yenilərdən Akim Latifu və Riçard Qadzeni start heyətinə salmışdı. Buna qədər cari mövsüm tərəflər arasında baş tutan ilk 2 oyunda heç-heçə qeydə alınmışdı. Hər iki görüşdə komandalar hərəyə 1 qol vurmuşdu. Ənənə pozulmadı. Belə ki, paytaxt derbisinin 3-cü duelində də 1:1 hesabı qeydə alındı. Əslində bəlkə də komandalar meydana çıxarkən 1 xala razı idi. “İnter” onsuz da mövcud durumda nə çempionluq xəyalıyla yaşayır, nə də gümüş medalın hayındadır. Əsas məqsəd 3-cü yeri qorumaqdır. “Zirə”yə də səfərdə belə komandadan qazanılacaq 1 xal qazanc sayılacaqdı. Hər halda, ilk 25 dəqiqədəki məzmunsuz, sönük mübarizə tərəflərin ehtiyatlı oyununun, 1 xal istəyinin məntiqli nəticəsiydi. Hissənin ortalarından tədricən mübarizə qızışdı. Denis Silvanın avtoqolu meydan sahiblərini ruhdan salmadı. Heç kimin gözlədiyi bir anda səhnəyə çıxan Rauf Əliyev əsl hücumçuya xas qol duyumu ilə toru silkələməyi bacardı. Bu yerdə haşiə çıxaraq bildirək ki, son 5 oyunda 4 qola imza atan forvard hazırda ən məhsuldar yerli futbolçu ünvanına sahibdir. Əslində “İnter” bu oyunda qələbə də qazana bilərdi. Anar Nəzirov cərimə meydançasından kənarda əllə oynadığı üçün meydandan qovulmuşdu. Son 15 dəqiqədə Zaur Svanadzenin nə Pərdis Fərcad-Azadı, nə də Abbas Hüseynovu meydana buraxıb, hücumu gücləndirməməsinə izah vermək çətindir. Bu bir daha göstərir ki, “İnter”i bir xal da qane edirdi.

“Sumqayıt” – tarixi uğura doğru

Ancaq əbəs yerə. Çünki “Sumqayıt” doğma meydanda AZAL-a qalib gələrək “İnter”lə xal fərqini 8-ə endirdi. Yalnız yerli futbolçulardan qurulan və əsasını gənclər təşkil edən “Sumqayıt” autsayderi tək qolla məyus etdi. Qışa qədər meydan sahiblərinin heyətində meydana çıxan Vaqif Cavadov bu dəfə qonaq qismində Sumqayıta gəlmişdi. Oyun sürətli başladı. Qarşılıqlı hücumların fonunda hesab erkən açıldı. Ruslan Əmircanovla Aqil Məmmədovun anlaşmazlığından gənc Yusif Nəbiyev maksimum yararlandı. Bununla da cinah müdafiəçisi növbəti dəfə yığmanın baş məşqçisi Robert Prosineçkiyə “mən də varam” mesajını ünvanladı. Tərlan Əhmədov ikinci hissədə bütün kartlarından istifadə etdi. Vaqif Cavadov, Frank Madu və Nuqzar Kvirtiya kimi futbolçuları meydana buraxaraq hücumu gücləndirməyə çalışdı. Ancaq Samir Abasovun kontur addımı da maraqlı idi. “Sumqayıt” tarixinin ən uğurlu baş məşqçisi Mirabdulla Abbasov və Ehtiram Şahverdiyevi döyüşə atdı. Məqsəd bu futbolçuların sürətindən yararlanmaq, əks-hücumlarda qonaqları cəzalandırmaqdan ibarət idi. Tərəflərin cəhdlərinə baxmayaraq, fasilədən sonra “Kapital Bank Arena”nı dolduran azarkeşlər qol görmədi. Ancaq yerli fanatlar stadiondan məmnun qayıtdı. Axı sevimli komandaları yenidən 4-cü pilləyə qayıtdı. Bu yerdə xatırladaq ki, “Sumqayıt” indiyədək ən yaxşı halda mövsümü 7-ci yerdə başa vurub. Deməli, bu komanda hazırda uğurlu tarix yazır. Ardı gələcək, ya yox, bunu zaman göstərəcək.

“Neftçi”ni bu dəfə Rauf Cabbarov “yandırdı”

Qış fasiləsindən sonra fərqli trayektoriya cızan komandalar “Bakcell Arena”da üz-üzə gəldi. Vaxtilə “Neftçi” və “Kəpəz” üz-üzə gələndə nəfəslər tutulur, həyəcanla bu oyun gözlənilirdi. İndi o rəqabətdən əsər-əlamət qalmayıb. Tarixi derbi əvvəlki əzəmətini çoxdan itirib. Ancaq bu oyunda həmin rəqabətin cücərtilərini gördük. İlk dövrədə “Neftçi”, ikinci dövrədə isə “Kəpəz” 2 cavabsız qolla qalib gəlmişdi. Şahin Diniyev yenə qapını Davud Kərimiyə həvalə etmişdi. Baş məşqçi seçimində yanılmadı. Kərimi 90 dəqiqə boyunca bir-birindən gözəl qurtarışlarıyla komandasını məğlubiyyətdən xilas etdi. Heç Maksim Vaylo da həmkarından geri qalmadı. Bu səbəbdən qapılara qol vurulmadı. Hərçənd bu qarşılaşmada “Neftçi” qalib gələ bilərdi. İlk hissənin əvvəllərində Zdenek Folprexti Tural Axundov aşkar kobudluqla cərimə meydançası daxilində yerə sərsə də, Rauf Cabbarov davam işarəsi verdi. Halbuki hakim epizoddan cəmi 1-2 metr uzaqda idi və hər şey gözünün önündə baş vermişdi. Ancaq nədənsə referinin fiti susdu. Beləliklə, qışdan bu yana 3-cü oyunda “Neftçi”nin haqqı yeyildi. “Kəpəz” əslində bu matça elə 1 xal ümidiylə çıxmışdı. Serjinyo ehtiyatda qalması sırf əks-hücuma hesablanmış oyun anlayışından xəbər verirdi. Oyunun son 20 dəqiqəsində Elxan Abdullayev daha çox hücumu gücləndirdi. Cavid İmamverdiyev, Uqo Barqas və Rəhman Hacıyev ön xətti gücləndirmək üçün meydana daxil oldu. Diniyev isə daha çox arxa xəttin etibarlığını təmin etmək üçün bir neçə dəyişikliyə əl atdı. Ancaq bu dəyişikliklərdən daha çox Kəriminin fərdi bacarığı sözünü dedi. Davud “Bakcell Arena”da keçilməz idi. Nəticədə tərəflər 1 xalla kifayətləndi. Halbuki “Neftçi” qalib gələcəyi halda 5-ci pillədəki “Zirə” ilə xal fərqini 3-ə endirəcəkdi. “Kəpəz” isə “ağ-qaralar”a yaxınlaşmaq fürsətini əldən verdi.

Ajiotaj yaradılmışdı

İndi isə keçək çempionluq uğrunda mübarizə aparan komandaların duelinə. Son 2 ildə Avroliqanın qrup mərhələsində oynayan təmsilçilərimizin çempionluq savaşı böyük maraqla gözlənilirdi. Mətbuat ajiotajı ən son həddə çatdırmışdı. Son bir həftədə gündəmin əsas mövzusu “Qəbələ” – “Qarabağ” oyunu idi. PFL-in təşkilatçılığıyla şimal şəhərinə səfər də təşkil olundu. İlk dəfə rekord sayda – 50-yə yaxın jurnalist bu prinsipial görüşü işıqlandırmaq üçün səfərə çıxmışdı. Meydan sahiblərinin media nümayəndələri üçün yaratdığı şəraitə də alqış düşür.

Azarkeşlər xüsusi hazırlaşmışdı

Bu təbliğat və təşviqat kampaniyasını klublar da aparmışdı. Həm “Qəbələ”, həm də “Qarabağ” “facebook” səhifələrində bu qarşılaşma barəsində promovideo hazırlamışdı. Mətbuatın və klubların səyi nəticəsində azarkeş marağı da maksimum həddə çatmışdı. Nəticədə tribunalar tam dolmuşdu. Yerli azarkeşlər bu matça xüsusi hazırlaşmışdı. “Qarabağ”ı qıcıqlandıran pankartların açılması, atmacalı plakatlar öz yerində. Fanatların bir neçə klubun böyük ölçülü bayrağını stadionun ətrafında gəzdirməklə tamaşaçıları coşdururdu. İlk qol zamanı hakimlə laysman arasında yaşanan anlaşmazlıq zamanı bəzi azarkeşlər hakimə doğru qar topası atmağa başladı. Onlardan biri – daha fəal olanı polislərin nəzərindən qaçmadı. Asayiş keşikçiləri həmin azarkeşi sürüyə-sürüyə şöbəyə apardı. Ancaq sonradan onu azadlığa buraxdılar.

Qriqorçukdan gözlənilməz addım

Baş məşqçilərin bu derbiyə hansı heyətlə çıxacağı maraqla gözlənilirdi. Çünki hər iki komandada itkilər var idi. “Qəbələ”nin əsas problemi müdafiənin mərkəzində idi. Rafael Santos və Vitali Vernidub zədəli, Rasim Ramaldanov isə cəzalıydı. Mətbuatı düşündürən sual Roman Qriqorçukun Vojislav Stankoviçin yanında kimi oynadacağı idi. Ürfan Abbasov və Murad Musayev variantları daha çox hallanırdı. Ancaq ukraynalı mütəxəssis gözlənilməz seçim etdi. O, kapitan Rəşad Sadiqovu müdafiənin mərkəzində oynatdı. Təcrübəli futbolçu ona verilən tapşırığın öhdəsindən layiqincə gəlməyi bacardı. “Qarabağ”da isə Rəşad Sadıqov və Dani Kintananın yeri görünürdü. Kapitanın yoxluğunda stopper kimi Maksim Medvedev oynayırdı. Riçard Almeyda isə oyunqurucusu funksiyasını yerinə yetirməliydi. Zaman göstərdi ki, Qriqorçuk taktiki planda rəqibini daha yaxşı “oxuyub”. Nəticəni məhz uğurlu taktiki hazırlıq həll etdi.

Fariz Yusifov ağır yükün altından çıxdı

Bu mövsüm də əvvəlkilər kimi hakimlik sarıdan qalmaqallı keçir. Xüsusən də qışdan sonra ədalət təmsilçilərinin idarəçiliyi birmənalı qarşılanmır. Əsas da çempionluq uğrunda mübarizə aparan komandaların oyunlarında hakim səhvləri təkrarlanır. Əksəriyyət derbinin Fariz Yusifova tapşırılacağını düşünürdü. Proqnozlar düz çıxdı. Təcrübəli referi ağır yükün altından çıxa bildi. Yalnız ilk qol zamanı laysmanla qısa anlaşmazlıq yaşandı ki, o da bir neçə saniyə içərisində həll edildi. Ümumi götürəndə idarəçilik ideala yaxın idi. Heç bir məşqçi də oyundan sonra hakimlikdən narazılıq etmədi.

Çempionatda intriqa maksimum həddə çatdı

“Qarabağ” bu oyunda qalib gəlsəydi, “Qəbələ” üçün praktiki olaraq çempionluq əldən çıxacaqdı. Hətta heç-heçə də son 3 mövsümün çempionunu qane edirdi. Qonaqların sərgilədiyi futbol da daha çox bundan xəbər verirdi. “Qəbələ” qələbəni güclü əzmi və istəyi ilə qazandı. Filip Ozobiç növbəti dəfə “Qarabağ”la oyunda fərqləndi. O, əvvəlcə Sergey Zenyova assistentlik etdi. İkinci hissədə isə İbrahim Şehiçlə dueldən qalib ayrıldı. Beləliklə, Ozobiç “Qarabağ”la 3-cü matçda da qol vurdu. Bu həm də bombardirlər yarışında 11 topla liderliyin möhkəmləndirilməsi anlamına gəlirdi. “Qarabağ” hesabda geri düşdükdən sonra çox çalışsa da, məğlubiyyətdən yaxa qurtara bilmədi. Mahir Mədətov və Dino Ndlovu yerli azarkeşləri bir neçə dəfə həyəcanlandırsa da, Dmitri Bezotosnı sayıqlığını itirmədi. Nəticədə ilk dövrədəki hesab təkrarlandı. İndi “Qəbələ” əlavə göstəricilərə görə liderdir. Bundan sonrakı “qırğın”ı indidən təsəvvür etmək olar. Biz bayrama indidən girdik. Futbol bayramınız mübarək!   

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right