"Naxçıvanda artıq hamı velosipedə keçir" - Sahib Ələkbərov

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) vitse-prezidenti Sahib Ələkbərovun newsport.az saytına müsahibəsi:

Birinci olmaq heç də asan məsələ deyil

 

- Azərbaycanda velosiped idmanı sürətlə inkişaf edir. Artıq bunun nəticələrini də görməkdəyik. Keçən il və bu il “Tour d’Azerbaidjan” kimi yüksək səviyyəli yarışda komanda hesabında birinci yerə çıxmaq çox yüksək nəticə hesab oluna bilər. Bu il 4-cü mərhələdən sonra komandamız liderdən təxminən 1 dəqiqə geri qalırdı. Amma yekunda ən yaxın izləyicimizi 7 dəqiqə, 14 saniyə qabaqladıq. Üstəlik, iki mərhələdə “Synergy Baku”nun üzvləri birinci yerə çıxdı və bu çox yaxşı göstəricidir. Nəzərə alaq ki, yarışda çıxış edən 21 komandadan 6-sı peşəkar kontinental komanda idi, yəni bizim klubdan bir kateqoriya yüksək idilər. Müxtəlif qitələrdən güclü komandalar “Tour ‘Azerbaidjan-2016”ya qatılmışdı. Belə güclü rəqabətdə birinci yerə çıxmaq heç də asan məsələ deyildi.

Güclü heyətimiz var

 

 - Bəzi velosipedçilərimizin adlarını əzbər bilənlər də var. Artıq Olimpiadaya 4 lisenziya da qazanmışıq.

 - Yarışların ölkəmizdə keçirilməsi 2012-ci ildən başlayıb. Həmin il 23 yaşadək gənclər arasında beynəlxalq yarış keçirdik. Sonrakı illərdə bu velotur “Tour d’Azerbaidjan”la əvəzləndi. Artıq idmançılarımız da yetişir. Komandamızın güclü heyəti var. Onların arasında Olimpiadaya lisenziya qazanmış Maksim Averin də var. Bundan başqa, trek velosipedçimiz Olqa İsmayılova Olimpiya Oyunlarına 2 vəsiqə əldə edib. Daha bir qadın idmançımız Yelena Pavluxina da Olimpiadaya lisenziya qazanıb və şosse velosipedinin qrup yarışlarında çıxış edəcək.

Problemlər oldu, infrastruktur dağıdıldı

 

- AzVİF velosipedçilər üçün lazımı şərait yaradıb. Uğur qazanmamaq üçün artıq onların bəhanəsi yoxdur.

- Bizdə bu idman növünün yaxşı ənənələri olub. Ötən əsrin 20-ci illərindən başlayaraq Azərbaycanda güclü velosipedçilər yetişib. Ələddin Şabanov, Ramiz Bağırov, Maksim Averinin atası, yığmamızın baş məşqçisi Aleksandr Averin ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edib. Gördüyünüz bu Velotrek Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə tikilib və 1980-ci ildə Moskva Olimpiadası ərəfəsində istifadəyə verilib. Təəssüf ki, sonrakı dövrdə bir çox sahələrdə olduğu kimi, velosiped idmanında da problemlər oldu, infrastruktur dağıldı. İndi çalışırıq ki, onu yenidən bərpa edək. Ötən il Avropa Oyunları zamanı Avropa və Beynəlxaq Velosipedçilər İttifaqlarının prezidentləri də burda olub. Onlar bu məşq bazasını çox bəyəniblər. Velopark da idmançılar üçün çox gözəl bazadır. Vaxtilə orda daş karyeri olub, amma Ümummilli Liderimizin təşəbbüsü ilə "Dostluq Parkı"na çevrilib. Payıza qədər orada bütün işlərimizi başa çatdıracağımızı düşünürəm. Velopark həm istirahət yerinə, həm də idmanla məşğul olmaq üçün gözəl məkana çevriləcək. BMX stadionunda 2018-də dünya çempionatının keçirilməsi planlaşdırılır. Dağ velosipedinin inkişafı üçün Atıcılıq Kompleksinin yanında gözəl parkımız var və Avropa Oyunları zamanı müvafiq yarış orda keçirilib. Gəncə, Şəmkir, Bərdə və İsmayıllıda velosiped zolaqları salınıb. Sumqayıt bulvarında çox gözəl velosiped yolları var. Bakının kəndlərindən belə bu bazalarımızda velosiped idmanıyla məşğul olanlar var ki, bu da bizi sevindirir. Kütləvilik gələcəkdə daha yaxşı nəticələr qazanmağa imkan verəcək.

Polislər giley-güzar edir

- İsmayıllıdakı velosiped zavoduyla bağlı vəziyyət nə yerdədir?

- Bu yaxınlarda orda oldum. Əsas tikinti işləri başa çatdırılıb, avadanlıqlar gətirilib. Yaxın vaxtlarda onların quraşdırılmasına başlanılacaq. Bu, bir kommersiya layihəsidir. İlin axırına kimi velosipedlərin istehsalına start veriləcək. Burada bütün yaş kateqoriyaları üzrə velosipedlər istehsal olunacaq. Bu zavodun istifadəyə verilməsi velosipedin həm nəqliyyat, həm də idmn növü kimi inkişafına təkan olacaq. Artıq Bakıda velosipeddən istifadə edənlərin sayı xeyli artıb. Düzdür, bəzən polislər onlardan giley-güzar edir. Ancaq bu yaxınlarda mətbuatdan oxudum ki, Naxçıvanda artıq hamı velosipedə keçir. Bu da təbiidir. Çünki bunun üçün orda gözəl imkan var. Muxtar Respublikada nəqliyyat sıxlığı olmadığından velosipeddən istifadə etmək münasibdir. Niyə də olmasın?! Bu, hər şeydən əvvəl sağlamlıqdır.

Prezident vurğuladı ki, "Eurosport"da velotura baxıb

 

- “Tour d’Azerbaidjan”ın marşrutlarının genişləndirilməsi planı varmı? Ölkənin turizm bölgələrini dünyaya nümayiş etdirmək üçün bu addım gözəl vasitə olardı.

- Bunu etməyə çalışırıq. Hər il marşrutlarda müəyyən dəyişikliklər edirik. Məsələn, keçən il 4-cü mərhələ Mingəçevirə salınmışdı və bu çox yaxşı effekt verdi. Bu il isə Bakı mərhələsini genişləndirdik. Velosipedçilər Zığ şossesiylə hərəkət edib, aeroport yolu ilə geri qayıtdılar. Şəhərin gözəl məkanlarını nümayiş etdirə bildik. Ötən il prezidentimiz İlham Əliyev BMX stadionunda velosipedçilərlə görüşərkən xüsusi vurğuladı ki, “Eurosport”la yarışa baxıb, Bakının və bölgələrimizin dünyaya tanıtdırılmasını çox bəyənib. Azərbaycanın yaxın gələcəkdə turizm ölkəsinə çevrilməsi planlaşdırılır. Velosiped idmanı ölkəni tanıtmaq üçün ən münasib idman növüdür. Velosipedçilərin sürəti imkan verir ki, televiziya izləyiciləri ətraf mühiti də seyr etsin. Mərhələləri genişləndirməyi planlaşdırırıq. Ağsu aşırımını da marşruta daxil etmək istəyirik. Ağsu və Şamaxı rayonunun yollarının təmiri başa çatdırılıb. Yalnız Qaraməryəmdən İsmayıllıyadək olan 29 km-lik hissənin təmirə ehtiyacı var. Mənə məlumat verdilər ki, yaxın aylarda həmin yolun təmiri də başa çatdırılacaq. Belə olarsa, velosipedçilər Bakıya qayıdarkən Ağsu aşırımından keçəcək. Bu isə çox gözəl mənzərə yaradacaq. Bir sözlə, hər il yeni ərazimizi dünyaya nümayiş etdirmək planımız var.

Qazaxıstan bizim təcrübəmizdən yararlandı

- Təsadüfi deyil ki, “Tour d’Azerbaidjan” nüfuzlu yarışlarla müqayisə olunur...

- Velosiped yarışları əsasən Avropa ölkələrində, ABŞ, Çin və Malayziyada keçirilir. Bu dar çərçivə də ondan irəli gəlir ki, velosiped yarışı başqa növlərdəki kimi hansısa kompleksdə yox, geniş məkanda baş tutur, yüzlərlə km ərazini əhatə edir. Tour de France” 28 gün davam edir və 4000 km-dən artıq məsafə qət olunur, velosipedçilər dəniz səviyyəsindən 3000 metr yüksəkliyə kimi qalxırlar. Təhlükəsizliyi təmin etmək çox önəmlidir. Yarış təşkil etdiyimiz 5 ildə hansısa çatışmazlıq qeydə alınmayıb. Bu da böyük kollektivin gərgin əməyi sayəsində baş tutub. Marşrutların düzgün seçilməsi, polisimizin əməyi sözünü deyib. Hər il həm velosipedçilərin, həm də azarkeşlərin təhlükəsizliyini təmin edə bilmişik. Təbii ki, maliyyə məsələsi də önəmlidir. Qazaxıstanda velosiped idmanının inkişafına bizdən xeyli əvvəl start verilib. Onların “Astana” klubu dünyanın ən güclü komandalarından biri sayılır. Buna baxmayaraq orda yarışlar demək olar ki keçirilmirdi. 2 il əvvəl onların nümayəndə heyəti bizim təcrübəmizi öyrənmək üçün Bakıya gəldi və bizim təcrübəmizdən yararlanaraq birgünlük velotur təşkil etməyə başladılar. Dünya Turu komandalarını ölkəmizə gətirmək üçün başqa tədbirlər də həyata keçirməliyik. Bir neçə məsələ həll olunmalıdır. Marşrutlar uzadılmalı və mükafat fondu artırılmalıdır. Düşünürəm ki, yaxın vaxtlarda bu məsələlər də həllini tapacaq. Təbii ki, dövlət dəstəyi olmadan bu işləri görmək olmaz. Ölkə başçısı bütün idman növlərinə olduğu kimi, velosiped idmanından da diqqət və qayğısını əsirgəmir.

İdman üz cizgilərini mülayimləşdirir

- Velosiped idmanına özəl sevginiz var. Özünüz velosiped sürürsünüz?

- Əlbəttə. Düzdür, yarışlara çıxmıram (gülür). Adətən istirahət günlərində bağda olarkən velosiped sürürəm. Gündə 1 saat velosiped sürmək adamı gümrah saxlayır. Nəinki mən, bütün ailə üzvlərim velosipeddən istifadə edir. Nəvələrim artıq yarışlarda da iştirak edir. İdman elədir ki, insanın sifət cizgilərini də mülayimləşdirir. Ona görə gəlin, hamımız idmanla məşğul olaq.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right