“Tour d’Azerbaijan” – velosiped idmanının inkişaf yolu

Ölkəmizdə son zamanlar çiçəklənən və tədricən kütləviləşən idman növlərindən biri də velosiped idmanıdır. Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) diqqət və qayğısı fonunda gedən inkişaf göz önündədir. Bunun bariz nümunəsi kimi UCİ-nin 2.1 kateqoriyalı “Tour d’Azerbaijan” veloyürüşünü göstərə bilərik. İldən-ilə bu yarışın səviyyəsinin artması AzVİF-in doğru yolda olmasından xəbər verir. Bu dəfəki velotur xüsusən nəfəsləri kəsdi. Bu yazıda həm veloyürüşə toxunacaq, həm də velosped idmanının inkişafı üçün daha hansı addımların atılmasının zəruri olduğuna toxunacağıq. 

“Synergy Baku”nun uğuru 

“Tour d’Azerbaijan-2016”nın ilk mərhələsində iştirakçılar Bakı – Sumqayıt (154 km) marşrutu üzrə hərəkət etdi və “Bora-Argon 18”in üzvü Fil Bauhauz qalib gəldi. 2-ci mərhələdə velosipedçilər Bakıdan start alıb, finişi İsmayıllıda başa vurdu. 186,5 km-lik marşrutu hamıdan tez “Synergy Baku”nun yerli velosipedçisi Maksim Averin qət etdi. 3-cü mərhələ də bizim üçün yaddaqalan oldu. Qəbələ - Şəki – Qəbələ (177,2 km) marşrutunu yenə komandamızın təmsilçisi hamıdan öndə başa vurdu. Bu dəfə azarkeşləri sevindirən Matey Müqerli oldu. 4-cü mərhələ ən qısa və eyni zamanda ən çətin marşrut idi. Üzü yuxarı istiqamətdə hərəkət edən velosipedçilər yürüşə Qəbələdə başlayıb, Pirquluda yekun vurdu. 115,3 km-i hamıdan tez “NASR Dubai”nin üzvü Luka Vakerman qət etdi. 5-ci mərhələ Bakıda baş tutdu. Start və finiş nöqtəsi Azadlıq Meydanında olan marşrut 158 km-dən ibarət oldu və son mərhələdə sevinən idmançı “Bora-Argon 18”in təmsilçisi Mikael Şvarzman oldu. Maraqlıdı ki, bütün mərhələlərdə “Rusvelo"nun velosipedçisi İldar Arslanov ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli köynəyi qazandı. Son mərhələdə Avstriyanın "Felbermayr" komandasını qabaqlayan “Synergy Baku” ardıcıl 2-ci dəfə bu yarışın qalibi oldu. Fərdi mübarizədə "Felbermayr"ın üzvü, vaxtilə komandamızda çıxış etmiş Markus Eybeqer 1-ci yeri tutdu.



“Tour d’Azerbaijan” yüksəlişə doğru
Yuxarıda da qeyd etdiyimiz kimi, “Tour d’Azerbaijan” UCİ-nin 2.1 kateqoriyasına sahibdi. İldən-ilə veloyürüşə qatılan komandaların səviyyəsində yüksəliş hiss olunur. Əlbəttə, kateqoriya yüksəlsə, daha güclü komandaların çıxışını ölkəmizdə canlı izləyə bilərik. AzVİF-in vitse-prezidenti Sahib Ələkbərov yarışdan bir gün əvvəl keçirilən mətbuat konfransında gələcəkdə Ağsu dolaylarının da marşruta salmağı düşündüklərini söylədi. Sözsüz, mərhələlərin mürəkkəbləşməsi və daha da rəngarəng olması kateqoriyanın yüksəlməsinə gətirib çıxara bilər. Mərhələlərin sayı və mükafat fondu da artırılsa, Dünya Turu komandaları da ölkəmizə ayaq açar. O zaman bütün güclü velosipedçilər də “Tour d’Azerbaijan”da uğur qazanmağı əsas hədəflərindən biri kimi keçər. Görünən odu ki, AzVİF-in məqsədyönlü siyasəti buna doğru aparır. Dövlətin hərtərəfli dəstəyi davam edəcəyi təqdirdə hər şey müsbətə doğru gedəcək. 


İnkişaf üçün başqa nə edək?
Artıq Maksim Averin və Olqa Ismayılova
 Olimpiadaya vəsiqə qazanıb. Yelena Pavluxina da Rio de Janeyroya gedə bilər. Hətta bu baş verməsə belə, bu idman növündə rekord olacaq. Axı indiyə kimi velosiped idmanında 2 idmançıyla Olimpiya Oyunlarında təmsil olunmamışıq. Sözsüz, onlardan medal gözlənilmir. Cəmi 4 illik inkişaf yoluna start verilən bir idman növündən qısa müddət olimpiya medalı gözləmək real yanaşma olmaz. Ancaq qarşıdakı Olimpiadalarda fəxri kürsüyə daha yaxın olacağımızı indidən iddia edə bilərik. Bunun üçün səbrlə inkişaf mexanizmini davam etdirmək lazımdır. Bu ilin sonuna kimi İsmayıllıda velosiped zavodunun istifadəyə verilməsi bu sistemə böyük təkan verəcək. İnfrastruktur problemlərinin həlli istənilən idman növünün uğuru üçün ən önəmli faktorlardan biridir. Digəe önəmli məqam kadr çatışmazlığının aradan qaldırılmasıdır. Mümkün qədər bölgələrdə məşqçi-müəllimlərin sayını artırmaq lazımdır. Bunun yolu da mütəmadi kurslar və seminarların keçirilməsidir. Bölgələrdə velosiped idmanının inkişafı həm də kütləviliyə nail olmaq deməkdir. Xüsusən də şimal bölgələrindən güclü velosipedçilər yetişə bilər. Fiziki cəhətdən daha güclü yeniyetmələr bu idman növündə uğur qazana bilər. Ümumiyyətlə, velosiped sürməyi bir mədəniyyət halına gətirmək lazımdır. Bütün bu sadaladıqlarımız planlı surətdə icra olunsa, elit növlərdən sayılan velosiped idmanında sözü keçən ölkələrdən biri olacağıq. 

Mərdan Həsənov  

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirili"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right