Paskal Karzaniqa: "İsti hava bizə bəraət ola bilməz"

Lüksemburqun "Differdanj" klubu "Zirə" ilə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün Bakıya gələrkən bir neçə marşrutdan yararlanıb.
 
Newsport.az-ın məlumatına görə, komanda üzvləri ötən gün yerli vaxtla səhər saat 8:30-da doğma şəhərdən Almaniyanın Düsseldorf şəhərinə avtobusla üz tutub. Sonra komanda təyyarə ilə Türkiyənin İstanbul şəhərinə uçub. "Atatürk" Hava Limanından isə komanda Azərbaycan paytaxtına doğru istiqamət alıb. Beləliklə, bu gecə saat 1:00-da "Differdanj" Bakıya çatıb. 
 
Komandanın heyətində cəmi 18 futbolçu yer alıb. Baş məşqçi Paskal Karzaniqa şəxsi problemləri olan yarımmüdafiəçi Ceremi Melinye, ötən mövsümdən cəzası qalan müdafiəçi Tom Zibenaler, hələ hazır olmayan orta sahə oyunçusu Pedro Ribeyro və zədəli Qonsalo Almeydanı gətirməyib. Əvəzində ali məktəbdə təhsil alan Yannik Bastos, şənbə günü işə çıxması qarşılığında oyun üçün icazə alan Ceffri Franzoni və Almaniyanın Regional Liqasındakı "Homburq" klubundan transfer vərəqi gələn yeni oyunçu Amri Şadli "18-liy"ə düşüb.   
 
Bu gün mətbuat konfransı keçirməyəcək Karzaniqa səfər öncəsi yerli mətbuata açıqlamasında deyib: "Cavab oyununda işimizi asanlaşdırmaq üçün ilk görüşdə yaxşı çıxış etməliyik. 28 - 32 dərəcəlik isti bizə bəraət ola bilməz. Komandamız belə havada məşq edib". 
 
Qeyd edək ki, iyunun 29-da "Dalğa Arena"da keçiriləcək "Zirə" "Differdanj" matçı saat 21:00-da başlanacaq.
(sportnet.az)



Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right