Qurban Qurbanov: "Böyükhesablı məğlubiyyət olsa belə, bu cür oyunlardan çəkinmirəm"

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin üçüncü turu çərçivəsində səfərdə "Bayer"in qonağı olacaq.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox güclü komandaya qarşı oynayacağıq. Tək nəticələri ilə yox, oyunu ilə də Bundesliqada seçilirlər. "Bayer" çox bacarıqlı futbolçulardan ibarət komandadır. Rəqibin zəngin karyerası olan baş məşqçisi var. Hamımızın hörmət etdiyi bir şəxsiyyətdir. Xabi Alonso necə futbolçu olubsa, o cür də tələbkar, ciddi məşqçidir. Biz də çalışacağıq ki, diqqətli olaq, yaxşı mübarizə aparaq. Futbolçularım hazırdırlar. Sabah hər biri meydanda ən yaxşı oyunlarını göstərəcəklər.

- Sabah xal və ya xallar qazanmaq üçün komandanı necə motivasiya etməyi düşünürsünüz

- Hər rəqibə qarşı hazırlıq proqramı fərqlidir. "Bayer" üç fərqli sistemlə oynayır. Həddindən artıq ciddi olmalıyıq. Tək mən yox, futbolçular da oyunun gedişində bu komandanı yaxından tanımalıdırlar. Bacardığımız qədər oyunçuları rəqiblə tanış etdik. Bu cür komandarla oyunda motivasiya vermək həm asan olur, həm də çətin. Təcrübəmizə görə daha asan olacaq. Belə oyunlarda həmişə istəmişəm ki, futbolçular daha çox döyüşsün. Bacardığımız qədər motivasiya etmişik. İnanmıram ki, futbolçular sona qədər meydanda oyun intizamını qoruyub-saxlaya biləcəklər.

- Start heyəti müəyyənləşdirmisiz?

- Bəli, müəyyən etmişəm. Demək olar ki, heyət hazırdır. Sadəcə oyunun gedişatında hansısa dəyişikliklər ola bilər.

- "Qarabağ" son illərdə Almaniya klubları ilə tez-tez qarşılaşır. Sonuncu dəfə də Bundesliqanın liderlərindən biri ilə rəqib idiniz. Bu görüşdən öncə həmin oyunla bağlı müzakirələr aparmısız?

- Bundesliqa ən intizamlı oyun göstərən liqalardan biridir. Onlar üçün çempionat oyunu, avrokubok oyunu və ya zəif rəqibin fərqi yoxdur. Hər matça çox məsuliyyətli çıxırlar. Bütün sahələrdə alman intizamı var. Bu, məni narahat edən amillərdən biridir. Bunu əvvəlki rəqiblərlə oyunlarda da hiss etmişik. "Bayer" tam fərqli komandadır. Burada ispan düşüncəsi var. Topla davranışlarını yəqin ki, izləmisiz. Rəqibin baş məşqçisini hamımız bir lider kimi tanıyırıq. Xabi Alonso futbolda ən böyük adlardan biridir. "Bayer"in bu günə kimi olan nəticələri boşuna deyil. Biz belə oyunlarda ancaq böyüyürük. Hər şeyə real yanaşmalıyıq. Son illərdəki təcrübəmiz daha kompakt oynamağa şərait yaradacaq. Böyükhesablı məğlubiyyət olsa belə, bu cür oyunlardan çəkinmirəm. Sabah ən yaxşı oyunlarımızdan biri olacağına şübhə etmirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right