Beş il əvvəlki "Olimpiya" - "Qarabağ" matçından indiyə kimlər qalıb? FOTOLAR

Bu gün “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə "Olimpiya" ilə oynayacaq. Əslində, bu komandalar bir-birinə yad deyil. Çünki komandalar 2018/2019 mövsümündə ÇL-in birinci təsnifat mərhələsində üz-üzə gəlmişdi. Həmin vaxtı da komandaların ilk görüşü Lyublyanada baş tutmuşdu. Maraqlıdır ki, beş il öncə keçirilmiş matçdan bu yana komandada hansı futbolçular qalıb? Sloveniyada keçirilmiş görüş olduqca gərgin və çətin keçmişdi. Amma "Qarabağ" 79-cu dəqiqədə Vild Donald-Geryenin vurduğu qolla qalib gələ bilmişdi. Bu matçda yaddaqalan məqamlardan biri də qırmızı vərəqələr olmuşdu. Matçın 85-ci dəqiqəsində dəqiqədə İssah Abass, 90-cı dəqiqədə isə Qara Qarayevin qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.

"Olimpiya"

Qəribə məqam budur ki, meydana çıxan 11 nəfər və ehtiyatdan oyuna başlayan 7 nəfərdən heç biri "Olimpiya"da qalmayıb. Beş il ərzində komandanın bütün futbolçuları dəyişib və onlar bu gün "Qarabağ" qarşısına tamam fərqli futbolçularla çıxacaq. Həmin vaxtı qısamüddətli Sloveniya klubuna rəhbərlik etmiş, "Qarabağ"la oyuna çıxarmış baş məşqçi İliya Stoliça hazırda Slovakiyanın "Trençin" klubunu çalışdırır. "Qarabağ"a qarşı oynamış futbolçulardan hətta bir nəfər aktiv futbolçu karyerasını başa vurub. Söhbət Branko İliçdən gedir. Digər oyunçular karyerasını davam etsə də, "Olimpiya"da yox, başqa komandada oynayırlar. 

"Qarabağ"

"Qarabağ"da adət etdiyimiz məsələlərdən biri isə heyətin uzun müddət qorunub-saxlanılması, "onurğa sütunu"nun dəyişdirilməməsidir. "Olimpiya"dan fərqli olaraq, bir neçə futbolçu var ki, hələ də "Qarabağ"ın formasını geyinir. Beş il öncəki matça Ağdam klubunu kapitan sarğısı ilə çıxarmış Maksim Medvedev indi komandanın üzvüdür. Həmçinin, əsas kapitanıdır. O vaxtdan bu yana "Qarabağ"da qalan digər futbolçu Bədavi Hüseynovdur ki, 2018-ci ildə Lyublyanadakı matçda meydana çıxmışdı. Bu dəfə isə zədə ucbatından səfərə yollanmayıb. "Qarabağ"ın aparıcı oyunçularından olan Abdullah Zubir beş il əvvəlki matçda 90-cı dəqiqə oynamış, artırma dəqiqələrdə yerini Rəşad Sadıqova buraxmışdı.

Hazırda Azərbaycan çempionunun əsas qolkiperi hesab edilən Şahruddin Məhəmmədəliyev həmin vaxtlarda ikinci qolkiper statusunu daşıyırdı. Çünki qapını braziliyalı legioner Vaqner da Silva qoruyurdu. Onunla yanaşı, meydana çıxmasa da, adı oyunun sifariş ərizəsinə daxil edilmiş Rahil Məmmədov, Abbas Hüseynov da hazırda "Qarabağ"ın üzvləridir.

Xatırladaq ki, “Olimpiya” (1:0, 0:0) səddini keçmiş “Qarabağ” “Kukesi”ni (0:0, 3:0) də mübarizədən kənarlaşdıraraq ÇL-in üçüncü təsnifat mərhələsinə yüksəlmişdi. Orada isə BATE ( 0:1,1:1) səddini keçə bilməyərək mübarizəsini AL-də davam etdirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right