Qurban Qurbanov: "Top yumrudur, istənilən an istiqamətini dəyişə bilər"

"Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Rakuv"a 2:3 hesabı ilə məğlub olub.

Newsport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

 

- Çox yaxşı oyun oldu. Futbolçularım yaxşı oyun göstərdilər. Həddən çox razı qaldım. Əsl Çempionlar Liqası oyunu idi. Meydanda iki yaxşı kollektiv var idi. İlk hissədə bəlkə də daha qapalı futbol gedirdi. Amma ikinci hissədə boş zonalar daha çox oldu. Böyümək üçün faydalı oyun idi. Rəqibi daha yaxından tanıdıq. Bakıda bu komandaya qarşı daha diqqətli olmağa çalışacağıq. "Rakuv"un istənilən an qol vurmaq bacarığı var. İnanıram ki, Bakıda daha yaxşı oynayacağıq. Futbolçuların hər birindən razı qaldım.

- Əvvəllər Şahruddin Məhəmmədəliyevin səhvlərini pley-offda, qrup oyunlarında görürdük. Bu dəfə səhvlər tez başladı. Müsahibələrinizdə demisiz ki, bütün mövqelərə oyunçu axtarırıq. Qapıçı axtarışı da gedir?

- Həmişə Şahruddin və ya başqa futbolçular barədə sual verməyə tələsirsiz. Bu, futboldur. Futbolda elə hallar olur ki, qaçılmazdır. Kənardan bəlkə bir az fərqli görünür. Amma epizoda yaxın olsaz, tam fərqli fikirdə olarsız. Çünki, top yumrudur, istənilən an istiqamətini dəyişə bilər. Bacardığımız qədər  yerli-yerində transferlər etməyə çalışırıq. Bu gün futbolçuların hər birindən razıyam. Bura çəkinmədən, müdafiədə oturmadan oyun göstərməyə gəldik. Futbolçularım bunu bacardılar. Transferlər istənilən an ölə bilər. Hansı mövqeyə olacağını əvvəlcədən deyə bilmərəm.

- Bugünkü məğlubiyyət fərdi səhvlərlə bağlıdır, yoxsa ümumi oyun planında rəqib "Qarabağ"ı üstələdi?

- Fərdi səhvlər yox, bir az diqqətsizlik ola bilər. Rəqibin bütün hücumlarını demək olar ki, bilirdik. Elə ilk qol fərdi, texniki səhvdən buraxıldı. Təkcə bir oyunçu yox, ümumən düzülüşdə gecikdilər. Deməzdim ki, rəqib bu gün bizi üstələdi. Bəlkə də siz kənardan fərqli görürsüz. Oyuna yenə baxacam. İlk hissəyə də baxsaq, xeyli qol epizodlarımız oldu. İkinci hissədə 10-15 dəqiqə dinamikanı qoruyub-saxlaya bilmədik. Sonra get-gedə daha fəal olmağa başladıq. Futbolçuların oyununa görə deyə bilmərəm ki, rəqib bizi üstələdi. Üçüncü qol fərdi ustalıqlarına görə oldu. Belə qollar nadir hallarda olur. Bəlkə də ədalətli nəticə bərabərlik idi. Buraxılan üçüncü qol bizə daha çox məsuliyyət verəcək.

- Uzun müddətdir "Qarabağ"ın baş məşqçisisiz. "Rakuv" digər Polşa komandalarından fərqlənir?

- Oyun üslubunda "Rakuv" bizə qarşı oynamış digər Polşa komandalarından bir az fərqlidir. Bu komanda daha dinamik oynayır. Öz fəlsəfələrini çox ağıllı və düzgün yerinə yetirirlər. Oyun intizamını sona kimi qoruya bildilər. 

- "Rakuv"un futbolçuları sizin oyunçulardan nə ilə fərqlənir?

- Belə bir hesabat verməyə ehtiyac yoxdur. Bu, futboldur. Bu gün futbol elə səviyyəyə gəlib ki, nəinki Polşa, Azərbaycan, bizim zəif düşündüyümüz ölkələrin komandaları da istənilən rəqibə qarşı düzgün oyun qura, mübarizə apara, hətta qalib gələ bilir. Bakıda olanda da bildirmişdim ki, "Rakuv"a simpatiyam çoxdur. Onların oyun üslubunu çox bəyənirəm. Neçə illərdir bu üslubda davam edirlər. Bu komandaya ancaq uğurlar arzulayıram.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right