“Şamaxıdakı oyunumuza çox azarkeş gəlsə, sevinərik”

“Neftçi”nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində səfərdə “Şamaxı”ya qarşı keçirəcəkləri oyundan öncə klub televiziyasına açıqlama verib.

Newsport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Ramazan ayının komandaya problem yaratmadığını bildirib:

“Ötən il də oruc tutub, futbol oynayırdıq. Sadəcə, son oyunumuz (“Zirə” ilə qarşılaşmanı nəzərdə tutur – red.) alınmadı. Danışılası heç nə yoxdur. Bəlkə də yığmanın oyunlarından yeni gəldiyimizə görə yaxşı oynaya bilmədik. Komanda ilə bir dəfə məşq etmişdik. Oyunumuz bu səbəbdən alınmadı. Amma bu komandaya milliyə görə uduzduğumuzu demək düzgün deyil. Xalı yalnız millinin oyunlarından sonra itirmirik, digər vaxtlarda da olur”.

Mahmudov “Şamaxı” ilə səfər qarşılaşmasında qələbə qazanmaq istədiklərini bildirib: “Motivasiyamız normaldır, qələbə qazanmağa çalışacağıq. Şamaxıya ilk dəfə gedirik, meydanın necə olduğunu bilmirik. Ancaq qələbə haqqında düşünürük. Qarşılaşmaya çox azarkeş gəlsə, sevinərik. Çempionat oyunlarına elə də fanat gəlmir. Amma ümid edirəm ki, bu bölgədəki matçlara daha çox tərəfdar gələcək”.

Təcrübəli oyunçu cəza səbəbindən görüşü buraxan Eddi İsrafilovun mövqeyində oynamağa hazır olduğunu söyləyib: “Müxtəlif vaxtlarda – daha çox Rusiyada 6 nömrə mövqeyində çıxış etmişəm. Lazım olsa, məşqçilər hansı mövqeyə qoysalar, orada da oynayacağam”.

Aprelin 9-da Şamaxı şəhər stadionunda keçiriləcək oyuna saat 14:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right