Tükənməyə başlayan “Sumqayıt”, fərqini göstərən “Qarabağ”

9 turdan sonra turnir cədvəli mövsümdən əvvəl ehtimal ediləndən xeyli fərqlidi. Digər tərəfdən, IX turun nəticələri də özündən əvvəlkilər kimi gözlənilməz oldu.

“Sumqayıt”, “Zirə” və “Qarabağ” 15 xalla zirvəyə şərikdi. Ağdam klubunun ehtiyatda bir oyunu da var və komanda şəriksiz lider olmaq imkanını əlində saxlayır. PFL-ə görə isə hazırda “Sumqayıt” 1-ci pillədədi.

Baxmayaraq ki, “gənclik şəhəri” təmsilçisi son turda “Səbail”ə məğlub oldu, üst sıralarda, hətta 1-ci yerdə qalmağı bacardı. Mövsümün əvvəlində qazanılan yaxşı nəticələr Ayxan Abbasovun komandasını hələ bir müddət də “yuxarılar”da saxlayacaq. Ancaq “Sumqayıt”dakı ümumi enişi görmək üçün binokula gərək yoxdu. İndi komandanın həmin “şən” futbolu alınmır. Görünən odu ki, “Sumqayıt” gözlənildiyi kimi tükənməyə başlayır. Əli Qurbaninin zədəli olması hücumdaki ümumi aktivliyin azalmasının bir səbəbidi, digər tərəfdən, indi “kimyaçılar” topu rahatlıqla rəqib qapısına daşımaqda çətinlik çəkir. “Sumqayıt” rəqibləri tərəfindən tam “oxunub” və kasad heyət baş məşqçiyə yeni manevrlər etmək imkanı vermir. Milli fasiləsi nəfəs dərmək, toparlanmaq üçün imkan olacaq.

Bir neçə tur öncə aşkar autsayder olan “Səbail” “Sumqayıt” qələbəsilə vəziyyətini xeyli yaxşılaşdırdı. Bu klubda təkrarlanan senari var: hər yay dəyişikliklər baş verir, əsas heyətin əksər üzvləri komandadan gedir, mövsüm başlayanda bunun məntiqi davamı kimi nəticələr çox pis olur, ancaq getdikcə “Səbail” öz oyununu bərpa edə bilir. Hər halda, Aftandil Hacıyev bir sistem qura bilib və komanda ən pis olduğu matçlarda belə, həmin sistemdən kənara çıxmır. “Səbail”in 5-6-cı sıralardan yuxarıda qərarlaşmaq potensialı yoxdu, daha aşağı düşməmək kifayət etməlidi.

“Neftçi” – “Qarabağ” oyunu maraqla gözlənilirdi. İlk dövrədə səfərdə rəqibini məğlub edə bilən “ağ-qaralar”ın bu dəfə əsas üstünlüyü kimi bu görünürdü ki, “Qarabağ” çox ağır qrafikdədi, hər 3-4 gündən bir meydana çıxır və bunların bəziləri ölkə xaricində olur. Ancaq əzəli rəqibinə hər hissədə 3 qol vuran “atlılar” Azərbaycan çempionatında tək ayaqla da çempion ola biləcəyini göstərdi. Son iki həftəni az qalan bir gün Türkiyədə, bir gün Azərbaycanda olmaqla keçirən Qurban Qurbanovun komandası bu zaman kəsiyində “Keşlə” və “Neftçi”nin hərəsinə 6 qol vurmağa iman tapdı. Bu, “Qarabağ”ın tam fərqli səviyyə olduğunun göstəricisidi, “Qarabağ” fərqidi.

“Neftçi” üçün isə öz meydanında əzəli rəqibinə belə məğlubiyyət biabırçılıqdı. Rəqibin 6 qoluna qarşı 1 real qol imkanı yarada bilməyəcəkdinsə, meydana çıxmağa dəyməzdi. “Neftçi” hər tur əvvəlkindən daha zəif, daha sistemsiz təsir bağışlayır. Bir neçə tur Anton Krivotsyuku oynatmayan Füzuli Məmmədov bu aralar da əsas kapitan Emin Mahmudovla “dirəşib”. Ona nəinki start heyətdə, heç sonradan da yer tapılmır. İlk hissənin sonu gözlənilmədən edilən iki dəyişiklik (!) isə tam əks effekt verir və komanda daha da pis oynamağa başlayır. Komandada ümumən işlər yolunda getmir, derbidəki acınacaqlı məğlubiyyətin də mütləq cəzası olmalıdı. Qarşıdakı fasilədə “Neftçi” üçün çıxış yolu tapılmalıdı. Hələ heç nə itirilməyib, çempionluq üçün mübarizə aparmaq mümkündü. Amma bu cür davam etsə, komanda avrokuboklardan da kənar qalacaq.

Zirvəyə şəriklərdən olan “Zirə” bu gün üçün maksimumunu edir. Komandanın oyununa baxanda, bəlkə də, gözəl futbol, gözoxşayan kombinasiyalar çox görünmür, ancaq yeni baş məşqçinin yenidən qurduğu komanda belə qısa müddətdə bu qədər xal qazana bilirsə, deməli, hər şey qaydasındadı. “Zirə”nin sərgilədiyi futbol, seçilən taktika heyətə mütənasibdi, Rəşad Sadıqov əlindəki futbolçulardan ən yaxşı necə istifadə edə biləcəyini doğru müəyyənləşdirib. Bu isə öz növbəsində nəticə verir. Hələlik əsas məsələ qışa qədər bu gedişatı davam etdirmək olmalıdı. Yanvarda heyətdə bəzi gücləndirmələr aparmaqla yekunda medalçılar sırasına düşmək real olacaq.

“Sabah” isə ardıcıl 6-cı məğlubiyyyətlə son sıraya pərçimlənib. Belə heyətlə, bu cür futbol və bərbad nəticələr – nəsə düzgün deyil. Milli fasiləsi klubda həmin “nəsə”nin nə olduğunu müəyyənləşdirmək və düzəltmək üçün, bəlkə də, son imkandı. Sonra gec ola bilər...

“Qarabağ”a ağır məğlubiyyətdən sonra “Qəbələ” qarşısına çıxan “Keşlə” rəqibdən daha yaxşı oynamasa da, qələbə qazana bildi. Doğrusu, Yunis Hüseynovun komandasından mövsümdən əvvəl gözləntilər daha yüksək idi, ancaq indiyə qədər olan nəticələr bunun çox altındadı. Düzdü, daha bir qələbə ilə “Keşlə” liderlər qrupuna qoşula bilər, ancaq əgər o da “Qəbələ” ilə qarşılaşmadakı kimi olsa, təsadüf, bəxt xarakteri daşıyacaq.

Elmar Baxşıyev oyundan sonra düz deyirdi: “Keşlə”dən 2 dəfə çox qol imkanı yaratmışdılar. Hətta bunların birində Adeniyinin vurduğu zərbə bəxtsizlikdən komanda yoldaşı Rafael Utriqə dəydi və boş qapıdan çıxdı. Sonra da Asif Məmmədovun təsr toxunuşu... “Qəbələ” adətən yaxşı oynamır, bir az də bəxti olsaydı, komanda indi daha yaxşı yerlərddə idi.

“FutbolPress”

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right