Ayxan Abbasov: "Bəlkə də, bu ilin acılarını unutdurmaq üçün fürsətdir"

Azərbaycan Premyer Liqasının 25-ci turunda evdə "Səbail"ə 1:2 hesabı ilə uduzan "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
 
Newsport.az-ın məlumatına görə, 37 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:
 
- Qələbəni əldən verdik. Uduzmağı haqq etmirdik. Təəssüf ki, yenə də məğlub olduq. Qalib gəlib, kubok oyununa motivasiyalı çıxmaq istəyirdik. Xallarımızı artırmaq üçün imkan var idi. Görünür ki, sona qədər mübarizə aparmaq lazımdır. Hər şey son turlarda bəlli olacaq. Futbolçular sona qədər mübarizə apardılar. Bu il ən çatışmayan cəhətimiz odur ki, sonluq yoxdur. Qarşıdakı oyunlarda ümid edirik ki, bu da olacaq.
 
- Hər dəfə deyirsiniz ki, komandada sonluq çatmır. Düşünmürsünüz ki, komandada xarakter yoxdur?
- Xeyr, xarakter var. Futbolçuların içindəyəm. Onlar daha çox istəklidirlər. Əlbəttə, məğlub olduqca psixoloji cəhətdən düşürsən. Bu da istər-istəməz futbolçularda inzamsızlıq yarada bilər. Bu gün bir neçə gənc futbolçuya şans verdik. Onlarda da həyəcan var idi. Ancaq xarakter baxımından komandaya həmişə inanmışam. Sona qədər mübarizə aparacağıq.
 
- Kubokda “Zirə” ilə oyun öncəsi bəzi əsas heyət üzvlərini ehtiyatda saxladınız. Onları qorumaq üçün bu addımı atdınız?
- Əlbəttə, heyətdə balans yaratmalıyıq. İstədik ki, bir çox oyunçunu kubok oyununa daha gümrah çıxaraq. Üç gündən bir oyun olacaq və heyətdə mütləq dəyişikliklər lazımdır. Yarımfinal bizim üçün çox vacibdir. Bəlkə də, bu ilin acılarını unutdurmaq üçün fürsətdir. Futbolçular da bunu dərk edir. Hazırlaşacağıq. İnanıram ki, əzmkar komanda olacağıq.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah