“Birinci turda “Qarabağ”la qarşılaşmaq çox çətindir” – Ayxan Abbasov

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov müsahibə verib.

Newsport.az-ın məlumatına görə, Türkiyədə davam edən hazırlıq prosesini dəyərləndirən gənc mütəxəssis yeni transferlərdən də söz açıb.
 

- Təlim-məşq toplanışınız necə keçir? Hazırlıq prosesindən razısınız?

- Hazırlıq planlaşdırdığımız kimi keçir. Artıq iki yoxlama oyunu keçirmişik. Bu gün daha bir matçımız olacaq. Ayın 30-da isə sonuncu oyunumuzdur. Oyundan-oyuna yaxşı mənada fərq hiss olunur. Hələ tam hazır deyilik. Bu da normaldır. Fasilə çox oldu, futbolçuların fiziki durumu aşağı idi. Hələ Bakıda təlim-məşq toplanışında bunu düzəltmək istəyirdik. Burda keçirdiyimiz yoxlama oyunlarından sonra səhvləri analiz edirik. Bunun üzərində işləyirik. Çempionata az vaxt qalıb. Əsas odur ki, uşaqların istəyi məni qane edir. Bu şəkildə davam edirik.

- Yeni transferlərin durumu necə, sizi qane edir?

- İstər yerli futbolçular, istərsə də legionerlər olsun,yeni transferlərimizi bəyənib götürmüşük. Var gücləri ilə məşq edirlər. Düzdür, bir az fiziki formalarından uzaq idilər, amma məşqlərdəki istəkləri xoşumuza gəlir. İnanıram ki, gələcəkdə bizə çox xeyirləri dəyəcək.

- Mövsümün sonunda bəzi aparıcı futbolçular “Zirə”ni tərk etdi. Gələnlər gedənlərin yerini doldura biləcək?

- Əlbəttə, həmişə gedən futbolçuların yerini doldurmaq çətin olur. Amma yeni gələn futbolçularımız da istəklidirlər. İnanırıq ki, tez bir zamanda gedənlərin boşluğunu dolduracaqlar. Bu, ilin sonunda bir çox komandalarda olur. Bəzi futbolçular gedir, yerinə yeniləri gəlir. Biz da çalışırıq ki, dəvət etdiyimiz futbolçular bizə uyğun olsunlar. Çünki çempionatda çətinlik çəkmək istəmirik.

- Bundan sonra da yeni oyunçuların gəlişi gözlənilirmi?

- Bəli, bu istəqamətdə işlərimizi davam edir. Namizədlərə baxırıq. Heyətə daha iki futbolçu cəlb etmək istəyirik. Çalışacağıq ki, çempionata qədər transferləri yekunlaşdıraq.

- Hansı mövqeyə oyunçu axtarırsınız?

- Baxdığımız futbolçular çoxdur. Əsas müdafiəçi istəyirik. Çünki arxa xəttdə oyunçularımız azdır. Fərqli ölkələrdən oyunçuları izləyirik. Bizə uyğun gələnini tapmağa çalışacağıq.

- Mövsümün sonunda ölkəsinə gedən və hələ də qayıtmayan Jozef Bumun məsələsi nə yerdə qalıb?

- Jozef bizə müraciət edib. Ailəsi ilə bağlı evdə bəzi problemləri var, ölkəni tərk edə bilmir. Buna görə bir az fasilə etdik, gözləyirik. Yəqin ki, hansısa başqa komandaya keçsə belə, bizimlə əlaqə yaradacaq.

- Yeni mövsüm üçün əsas məqsədiniz nə olacaq: yenə Avroliqaya vəsiqə uğrunda oynayacaqsınız, yoxsa hədəfləri böyütmüsünüz?

- Bu mövsüm çox çətin keçəcək. Rəqiblər hamısı güclüdür. Əsas məqsədimiz “Zirə”nin əzmkarlığını meydanda göstərməkdir. Sona qədər vuruşmaq istəyirik. Rəqiblərə asan təslim olmamağa çalışacağıq.

- Bu gün Azərbaycan Premyer Liqada 2018/2019 mövsümünün püşkü atıldı. “Zirə” birinci turda “Qarabağ”la qarşılaşacaq. Bunu necə dəyərləndirirsiniz?

- Əlbəttə, birinci turda “Qarabağ” kimi güclü komanda ilə qarşılaşmaq çox çətindir. Onların gücü hamıya bəllidir. Son illərin çempionudur. Onları analiz edib, oyuna hazırlaşacağıq. Öz oyunumuzu göstərməyə çalışağacağıq. Onsuz da mövsüm ərzində bütün komandalarla oynamalıyıq.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right