"Bəziləri asan qələbə qazandığımızı deyə bilər. Biz düşünürdük ki, qol vuracağıq. Lakin daha erkən qol vurmağımız, fasilə ərəfəsində də hesabı 2:0 etməyimiz oyunçulara güvən və rahatlıq verdi. Oyunu nəzarətimizdə saxlaya bildik. İkinci yarıda da şanslarımız və səhvlərimiz var idi. Ümumən, oyun yaxşı keçdi".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 30-cu turunun "Araz-Naxçıvan"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün müdafiədə Mark Tamaşa şans verdiniz və etibarlı görünürdü. Gələcək oyunlarda da ona şans verəcəksiz?
- Mark Tamaş əsas heyətin oyunçusudur. Sadəcə "Səbail"lə oyunda zədələnmişdi. Bir neçə oyun buraxmışdı. Bərpa edildi və əsas heyət uğrunda rəqabət aparacaq. Çox sürətli şəkildə bərpa olundu.
- Yeni mövsüm komandada qalsanız, ötən ilki kimi, Sankt-Peterburqdakı futbol turnirində iştirak etmək istəyərdiz?
- Turnir haqda hələ heç nə deyə bilmərəm.
- Qarşılaşmanın 89-cu dəqiqəsində hesab 3:0 olarkən, etdiyiniz əvəzetmələr nə ilə bağlı idi?
- Heç kimi dəyişməyə də bilərdim. 2:0 bəzən təhlükəli olur. Amma ehtiyatdakı oyunçuları da meydana buraxmaq istədim. Hansısa əvəzetmə müsbət və ya mənfi hal kimi də yaşana bilir. Belə alındı ki, əvəzetmələri son dəqiqələrdə etdik.