“Qarabağ”dakı ab-hava: Hər vəziyyətdə uğura gedən bir yol var

Məşhur səfərə nəzirə olmasın...

99-cu il olmalıdır, səhv etmirəmsə. İndi AXCP-də müavin olan Nurəddin Məmmədli o vaxt Rəsul Quliyevin ADP-sində idi. Okeanın o tayında olan partiya sədri bir qrup tərəfdaşını Amerikaya səfərə dəvət etmişdi. Getdilər, gəzdilər, gəldilər və başlandı. Xüsusən də Nurəddin Məmmədli. Hansı müsahibə, hansı söhbət olurdu, cümləsini “Mən axrıncı dəfə Amerikada olanda” ilə başlayırdı. Daha bir dəfə etiraf etmədi ki, Biləcəridən o tərəfə -Amerikaya cəmi-cümlətanı bir dəfə gedib, o da “məşhur səfər”. Düz iki il “Mən axrıncı dəfə Amerikada olanda” ifadəsi ilə qulaqlarımız dəng, bir partiya sədrinin “Yalnız dəlilər və ölülər mövqelərini dəyişmir” ifadəsini oxumaqdan gözümüz mazol oldu.
İndi məşhur sözə nəzirə olmasın, Çexiyada təhsilimin sonuncu ili dünyadakı qlobal iqtisadi böhranın cövlan etdiyi dövrə düşdü. Ailəli adam, xarici dildə təhsil (sözün əsl mənasında təhsil haa-müəl.), iqtisadi vəziyyətin getdikcə ağırlaşması, tələbələr üçün həftədə yalnız 8 saat işləmək icazəsi və s. Bir sözlə, vəziyyət yaxşı deyildi. 
Qərara gəldim ki, Azərbaycandakı şirkətlərə müraciət edim. Bəlkə kiminsə gələcəkdə Avropada çex dilində təhsil almış sistem mühəndisinə ehtiyacı olar. “Maliyyəni əvvəlcədən versinlər, gələcəkdə borclu qalmaram” fikriylə tanıdığımız, tanımadığınız bütün şirkətlərə ağız açdım. Cavab gözlədiyim oldu. Bunlara mütəxəssis-filan lazım deyil. Müraciət etdiyim şirkət və şəxslərdən yalnız birini qeyd edəcəm: “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözəl. Buradan da imtina cavabı almışdım. “Pulumuz yoxdur” deyib üzrxahlıq edən şirkətlərdən birinin rəhbəri haqda üstündən üç ay keçməmiş xəbər çıxdı. Xəbər çıxdı ki, katibəsinin oğlu - təkrar edirəm, katibəsinin oğlu- üçün ev alıb. Başqa birisinin meyxana yarışmasına 30 min manat pul ödədiyi bəlli oldu. Digəri külli miqdarda maliyyə yeyintisinə görə həbs olundu. Halbuki bunların mənim xaricdə təhsil almağıma yardım edəcək 2-3 min avroları yox idi. Nə isə...
O vaxtdan illər ötür. Mən Azərbaycana belə demək mümkünsə, Avropada təhsil alıb qayıtdım. Mütəxəssisəm-deyiləm, bu başqa söhbətin mövzusudur. Mənə sponsorluq ediblər-etməyiblər, bu da heç. Niyə Abdulbari Gözəlin adını çəkdim? 
Şirkətdən imtina cavabı alandan sonra oradakılardan biri ilə yazışmamız davam etdi. Sadəcə bir cavab məni susdurdu. Nə idi? Məni susduran arqument haqda yazacam. Bir az səbirli olaq. Hələliksə...

NLP-nin əlifbasından anladıqlarım...

Çexiyada təhsilim sistem mühəndisliyi və menecment olub. İctimaiyyətlə əlaqələrin qurulmasını (PR) dərs kimi keçiblər. Uğur, motivasiya, özünəinamdan bildiklərimi və burada öyrəndiklərimi cəmləşdirib, NLP-dən yararlandıqlarımı əlavə edərək hazırda dərs keçirəm. Bu zaman ərzində uğura gedən yol, özünə inam və nailiyyətlərin açarı haqda çox oxudum, çox araşdırdım. Kütlə psixologiyasına baş vurdum. Nailiyyət əldə edən insanların həyat yolunu incələdim, memurlarını gözdən keçirdim. 
Özümə sual verdim. Necə olur ki, bir insan həyatda uğur qazanır, nailiyyət əldə edir, liderə çevrilir, onunla eyni xalqdan, millətdən, dindən, dildən, hətta eyni təbəqədən, zümrədən olan digər biri bu nailiyyətlərə çabalasa da, çata bilmir? Bunu NLP izah etdi. Sadəcə, uğur qazanan insanı qəlibləyib, başqasına tətbiq etmək. Alınmaması mümkün deyil. Sadəcə hədəf, istək, elastiklik və fəaliyyətə keçmək lazımdır. Hər halda NLP-nin əlifbasından anladıqlarım budur.

Onun haqqında saatlarla danışmaq olar, amma...

Uğur, nailiyyət. Oxuduqlarım, öyrəndiyim budur ki, rəhbərlik etidiyin şirkət, qrup, təşkilat, lap götürsək futbol komandasının motivasiyası yüksək olarsa, uğur qazanmaq daha asan olar. Komandanı daim motivasiyada saxlamaq üçün 5 təməl prinsipə riayət etmək lazımdır. Hansılardır? Qarşıya aydın məqsədlər qoy, insanlara səlahiyyət ver, düzgün dəstəklə təmin et, gələcəyə dair baxış yarat və nəhayət "Hər şey səninlə başlar!".
Marketoloqlar deyirlər ki, heç kim biznes qurmağın hansı yollarının düzgün olduğunu bilmir, sadəcə uğurlu və ya uğursuz cəhdlər var. Bir də “Əsas insanlardır!” deyimi var. Daha doğrusu, bütün resursların arasında ən vacibi insandır. 
Belə... Bu gün “Qarabağ” Avroliqanın qrup mərhələsində ilk matçına çıxır. İllərlə gözlədiyimiz o an gəlib çıxdı. Mən də “Qarabağ” tərəfdarı olan yazarlar kimi “Qarabağ” xalq komandasıdır”, “Qarabağ”ın nailiyyətləri - azərbaycanlıların özünəinamında mühüm bir hadisə oldu”, “stadionda əsl Avropa futbolu görürük”, “Qarabağ”ın uğuru təbliğatdır”, “Avropa Qarabağı Azərbaycanın ərazisi kimi tanıyacaq”, “Qarabağ”ın timsalında bizim futbol ölü nöqtədən tərpəndi” və s. və i. yaza bilərdim. Ancaq daha uzun-uzadı girişə ehtiyac yox idi. Ələlxüsus da Qurban Qurbanov haqda saatlarla danışmaq olar. Açın saytları, qəzetləri - “Qurban Qurbanov peşakardır”, “O, futbolu daha yaxşı bilir”, “O, uğur modelidir”, “Qurban Qurbanov “krasavçikdi”, bir dənədi”, “çox xarizmatikdi, ciddi, təmkinli, sakitdir” kimi fikirlər nə qədər desən...

5 təməl prinsipindən 3-nü gördük...

Dediklərinizlə tam şərikəm. Hətta etiraf edim ki, Qurban Qurbanov “Qarabağ”dan ayrılsa, onda məyus olacam...
Məsələ bunda deyil. Mən “Qarabağ” futbol klubunun idarəçiliyini bir model kimi müşahidə edirəm. Bundan gözəl predmet ola bilməz. Və marketoloqları, NLP mütəxəssislərini bu məqamlara diqqət yetirməyə çağırıram. Hərçənd, bir işi doğru etmək, nə üçün yalnış etdiyini izah etməkdən daha az zaman aparır. Amma yenə də məsləhət maraqlanmaq istəyənlərindir. 
Bayaq uğurdan danışdım. İndi bir az da komanda işindən. “Qarabağ” klubunun rəhbərliyi ilə məşqçilər korpusu və məşqçilər korpusu ilə komanda arasında inanılmaz peşəkar tellər var. Bunu sezmək elə də çətin deyil. Axı deyiblər, komanda işi əməkdaşlığı və başqaları ilə ümumi dilin tapılmasını tələb edir. Effektiv komanda səylərinin əsasında, şəxslərarası ünsiyyət dayanır. Siz müstəqil işləyirsizsə, şəxslərarası ünsiyyət bacarıqları bir o qədər də əhəmiyyətli deyil. Amma nə vaxt ki, sizdən başqa insanlarla sahmanlı əməkdaşlıq tələb olunur, bu keyfiyyətlərin əhəmiyyəti o zaman dəfələrlə böyüyür. 
“Qarabağ”dakı ab-havanı fikirləşin. Uzağa getməyin, eləcə klub rəhbərinin baş məşqçi haqda dediklərinə diqqət edin: “Qurban bəyin istəyi hər zaman əsas olub bizim üçün. Baş məşqçimizdən çox razıyıq. Qurban Qurbanov "Qarabağ"a layiqli baş məşqçidir. Qələbələrlə yanaşı, komandamızın çətin anları da olub. İstər oyun, istərsə də digər amilləri nəzərdə tuturam. Qurban bəy heç zaman təslim olmayıb. Həmişə uğura inanıb və komandanı qələbəyə daşıyıb. Biz də hər zaman hocamızın yanındayıq”. 
Vəssallam! Bayaq dediyim komandanı daim motivasiyada saxlamaq üçün 5 təməl prinsipindən 3-nü gördük. 
a) Qarşıya aydın məqsədlər qoy, b) insanlara səlahiyyət ver, c) düzgün dəstəklə təmin et! 
Davamı gələcək.

Neftlə torpaq qədər fərq var arada

“Qarabağ”ın son illərdəki göstəriciləri sübut etdi ki, statistika nə deyir desin, hər vəziyyətdə müvəffəqiyyətə gedən bir yol var. Uğur istədiyin həyatı yaşaya bilməkdir. Həyat velosipedə minmək kimidir. Pedalı fırlatmağa davam etdiyiniz müddətcə yıxılmazsız. Bu komanda pedalı dayanmadan fırladır. Ağıllı, sürətlə və templə.
Söhbəti elə burada yekunlaşdıra bilərdim. Amma şans yaranmışkən, yəni yazmağa həvəs varkən, uzun müddət ürəyimdə qalanların bəzilərini də ipə-sapa düzüm. 
Demək, kolxoz yığıncağı. Gündəlikdə dayanan məsələlər: anbar tikintisi, ikincisi isə kommunizm quruculuğu. 
İclasın aparıcısı: Yoldaşlar, anbar tikintisi üçün taxta-şalbanımız olmadığı üçün birbaşa keçirik ikinci məsələyə. 
Birinci məsələ, “Qarabağ”ın Ağdamın deyil, Azərbaycanın komandası olması haqda klub prezidentinin sözlərinin saytlardan tutmuş sosial şəbəkələrə qədər hallanmasıdır. 
Fikir belə idi: “Amma bu gün Azərbaycana Quzanlıda oynayan yox, Avropada oynayan “Qarabağ” lazımdı. Bunu üçün isə “Azərsun” lazım olanı edir”. 
Bəlkə, səhvdir? Bəlkə yanlışlıq var? Bu sözdə narahatlıq keçirməli nə var? “Qarabağ” Quzanlınındırmı? Ağstafadan, Lənkəranda olan “Qarabağ” azarkeşini niyə Quzanlı qədər kiçildirsiz? Razılaşaq ki, Azərbaycan futbolu tarixində könülləri bu qədər fəth etmiş ikinci bir komanda olmayıb. Sovet dönəmindəki “Neftyannik” ayrı söhbətdir, onu buna qatmayaq. Neftlə torpaq qədər fərq var arada.

“Şuşa”nı “Qarabağ” edə bilmədilər axı

Digər tərəfdən, hətta təklif edirlər ki, Ağdamın ikinci klubu yaradılsın. Allah xatirinə, buyurun, edək, dəstək verək. Kim istəməz? Amma... Şəmkir, Gəncə, Tovuz, İmişli, Qazax kimi futbol ənənələri olmuş rayonları və şəhərləri yada salın. Bir vaxtlar azarkeşinin səsindən qulaq tutulan, oyunları ilə regionun komandasına çevrilmiş komandalar hanı? Hanı o futbol, hanı azarkeşlər, hanı ənənə? Yoxdur. Nə qədər çalışsalar da qaytara bilmirlər. 
Bütün bu rayon və şəhərləri bir yerə yığsaz, yenə də cəm halda “Qarabağ”ın idarəçiliyi və bu idarəçilikdən doğan nailiyyətləri təkrarlaya bilməzlər. 
Dostlardan biri sağ olsun. ABŞ-ın futbol saytlarından birinə məqalə yazıb göndərdi və onlar da verdilər: Avroliqada ilk qaçqın komanda haqqında. Bəli, kabus şəhərin qalib komandasıdır, indi Avropada sinəsinə döyən komandaların “kabus”una çevrilib. Futbolun ən ağır vaxtlarında belə (çempionatın keçirilməməsi, ikitirəlik zamanları) komanda yaşayıb. Bunu ki, gözümüzlə görmüşük. 
Yazmağa dünən gələn uşaqlar bundan xəbərsiz ola bilərlər. Biz ki, bunu yaşamışıq. “Bakı” futbol klubunun aqibəti göz önündədir. “Onun cibinə pul basdım”, “bunun cibinə pul basdım”la kollektiv, şirkət idarə etməzlər, atam balası. Bu aeroport “talkuçka”sı deyil. Bu, “Qarabağ”dır. Adı belə incə və siyasidir. Heç uzağa getməyin, “Şuşa” komandası yaradılmışdı. Ölüsündən-dirisindən xəbəriniz var? Şuşa Qarabağdır, amma “Şuşa”nı “Qarabağ” edə bilmədilər axı. Böyük Mirzə Cəlil demişkən, müftə-müftə “nicat”, “məktəb” deməklə Fatıya tuman olmaz. Demək, idarəçilikdə boşluqlar var, menecerlik, marketinqi düzgün qurulmayıb, kadr seçimi doğru deyil ki, nəticəsi yoxdur. Bəli, Ağdamın “Qarabağ”ı Azərbaycanındır. Qarabağ Ağdamın deyil...

Məsələ təriqətdə deyil, dostlar

Qətiyyən o fikirdə deyiləm ki, Qurban Qurbanovun bir məşqçi kimi Azərbaycan futboluna xidmətlərinə görə onu tənqid etmək olmaz. Əksinə, futboldan başı çıxan, taktika-strategiya nə olduğunu anlayanlar, buyursunlar, tənqid etsinlər. 
Amma tənqid var, tənqid var. Bu da toxunacağım ikinci məsələ. Dini təriqətlərlə bağlı söz-söhbətlər. 2008-ci ildən bu günə kimi dayanmadan ancaq bu söhbəti eşidirəm. “Qarabağ”da filankəslər var...
Cavabım direkt olmasa da, fikirlərim aydın olacaq. Demək istəyirsizsə ki, yağış yağır, yazın”yağış yağır”, daha bazar açmayın, Allah xatirinə. Bekonsayağı deyin ki, vicdanımızı özümüzdə saxlamaq üçün vəsaitimiz çatışmır. Vəssallam. 
Tutaq ki, dini cərəyan üzvüdürlər. İçki içib, gecəsi-gündüzü diskotekada olmalı idilər? Ya eyş-işrət məclislərində olsaydılar, ləzzət alacaqdız? Adama sual edərlər, dini inancların, bundan irəli gələn ayinlərin yerinə yetirilməsinin sizə nə istisi, soyuğu? Hansınızın dini əqidəsini dəyişiblər, hansı yaxınınızı, qohumunuzu yoldan çıxardıblar? Kimə nə pislikləri keçib? Məsələ təriqətdə deyil, dostlar, qətiyyən təriqətdə deyil. Burda söhbət nailiyyəti olanı gözdən salmaq üçün aparılan ucuz qarayaxmadan gedir. Yoxsa “Ramazan ayında istidə oruc tutub, oyuna çıxdı, qoldan sonra səcdə etdi, saqqal saxladı” kimi fikirlər hamısı bəhanədir.

Bizim zəifliyimiz ondadır ki...

Bəhanədirsə, buyurun, yaddan çıxarmayaq: iki bədbəxt bir yerdə xoşbəxtdir. Bu bəhanələr, təxribatlar onlar üçün yaşam kredosudursa, qoy yaşasınlar. Belələrinin söhbəti tutursa, qoy danışsınlar, dedim axı bədbəxtdirlər. “Qarabağ”ın nailiyyətinə sevinən uşaqlara rişxəndlə “Nə olub, “Qarabağ”ı almısız” deyə, sual edənlərdən nə gözləyəsən? İnanın, Qarabağı alanda da belələri “Qarabağı aldıq, nə xeyri?” deyəcəklər.
Cücə kainata diqqətlə baxarsa, bundan kainatın vəziyyəti dəyişirmi? Təbii ki, dəyişməz. Bizim zəifliyimiz ondadır ki, fili əslində olduğundan kiçik, birəni isə çox-çox böyük təsvir edirik.

Sovetlər dövrü haqda son lətifəylə söhbətimizi yekunlaşdırım:
Sovet dövründə Stalindən sonra SSRİ kimi nəhəng dövlətin rəhbəri olmuş Xruşov heç bir ölçüyə sığmayan hərəkətləriylə dünya ictimaiyyətində heyrət və təəccüb doğurmağı ilə yadda qalıb. Onun bir hərəkəti isə həmişəlik tarixə düşüb. BMT-nin iclas zalında səs-küyün qarşısını almaq üçün ayaqqabısını çıxardıb tribunaya döyəcləyən Xruşov hamını heyərətə salıb. İnglis nümayəndə heyətinin rəhbəri buna ingilis yumoru ilə cavab verib:
- Yoldaş Xruşov, indi bunu mənim üçün tərcümə edin. 
İndi, dostlar, bu stola döyəclənən ayaqqabı taqqıltılarını mənə tərcümə edin. 
Söhbətimizin əvvəlinə qayıdaq. “Azərsun” şirkətinin aqrumenti bu oldu: bizi tənqid edə bilərsiz, inciyə də bilərsiz, amma nəzərə alın ki, biz hazırda 150 qaçqın uşaq oxuduruq. Və nöqtə!

Sənan NƏCƏFOV,
komanda.az


P.S. Rəhbərlik etdiyim saytın reklama ehtiyacı yoxdur. Reklam marağım mümkün deyil. 
P.P.S. Xaricə getmək problemim heç vaxt olmayıb. Son vaxtlarda isə təyyarədə səyahət təzyiq problemləri yaradır deyə, təyyarədə uçmaqdan maksimal dərəcədə uzaq durmağa çalışıram. 
P.P.S.S. Dini baxışlarım sələfiliklə heç uyğun gəlmir.

 





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz