Bir kapitandan daha artıq! YAZI

Tanınmış insanlar haqqında danışmaq asandır. Həyat və yaradıcılığı zəngin olan birisi ilə bağlı saatlarla, hətta günlərlə danışa, kitab yaza bilərsiniz. Ancaq belə insanları bir yazıda təsvir etmək çox çətindir və hər qələm sahibinin öhdəsindən gəldiyi bir iş deyil. Rəşad Sadıqov da belə insanlardan biridir.

Necə yazı yazasan ki, bu futbolçunu tam təsvir edə biləsən. Axı o təkcə sıradan futbolçu yox, həm də önə çıxan və seçilən şəxsiyyətdir. Peşəkar karyerasına “Turan”da start versə də, hamı onu “Neftçi”li Rəşad kimi tanıyırdı. Çünki ilk ciddi uğurlarını məhz “ağ-qaralar”la qazanmışdı və bu kluba çox bağlıydı. Haqsız yerə flaqmandan uzaqlaşdırılanda belə ölkənin ən köklü klubuna məhəbbət bəslədiyini gizlətməyib.“Neftçi” ilə iki dəfə ölkə çempionu oldu, Moskvada “Birlik kuboku”nu başı üzərinə qaldırdı, ermənilərə qalib gəldi.

Türkiyədən qayıdanda yenə “Neftçi”nin formasını geyindi. Ancaq Gede kimi səriştəsiz məşqçinin qərarıyla komandadan getmək məcburiyyətində qaldı. Bununla da Rəşadın karyerasında yeni dönəm başladı. Uğurlarla zəngin, qürurlu “Qarabağ” dönəmi. Milyonları sevincə boğan, hər yay ürəyini titrədən dönəm. Və bu dönəmin təməli də Rəşadın 11 il əvvəl “Rusenborq”a Bakıda vurduğu möhtəşəm qolla atıldı. Avrukuboklarda tarixi qələbələr, ardıcıl qrup mərhələsi həyəcanı və Çempionlar Liqasında çıxış. Bir azərbaycanlı futbolçunun yaşaya biləcəyi ən dəyərli anlarla bəzədi karyerasını Rəşad. Bir çoxlarından fərqli olaraq, legioner həyatı yaşamaqdan da çəkinmədi. Ölkədə futbol çempionatı dayananda İrana üz tutub, “Fulad”da təcrübə topladı. 2000-ci illərin ortalarında Ərtuğrul Sağlamın “Kayserispor”u ilə superliqada çıxış etdi. Daha sonra “Kocaelispor”da azarkeşlərin sevimlisinə çevrildi, “terminator” ləqəbi aldı. Ən sonda da “Əskişəhərspor”da forma geyindi. Amma ən böyük uğurlarına Ağdam klubunda imza atdı. 7 çempionluq və avrokubok zəfərlərində Sadıqov böyük pay sahibi oldu. Həm “Neftçi”də, həm “Qarabağ”da, həm də millidə kapitanlıq sarğısı ona boşuna həvalə olunmamışdı. Çünki futbolçu keyfiyyətləri ilə yanaşı, meydanda əsl lider idi. Soyuqqanlı çıxışıyla seçilən stopperin kritik müdaxilələri, hücumu başlamaq bacarığı və texniki keyfiyyətləri Azərbaycan futbolçusu adına üst səviyyədə idi. Güclü zərbələri ilə də seçilirdi. Uels və Qazaxıstan yığmalarını cərimə zərbəsindən məyus etmişdi. Millidə ən dəyərli qolunu isə Türkiyə ilə oyunda vurmuşdu.

Əlbəttə, Rəşadın bu qədər çox sevilməsinin səbəbi təkcə meydanda etdikləri deyildi. O həm də insan kimi böyük hörmət qazanmışdı. Mən indiyə kimi hansısa futbolçunun və ya məşqçinin onun haqqında mənfi fikir səsləndirdiyini eşitməmişəm. Moskvada erməni futbolçulara “həyatı başa salan” Rəşad Rusiya ilə Bakıdakı oyun ərəfəsində “çaşan” Aleksandr Səmədovu sözləriylə “döymüşdü”. Onun vaxtında millidə heç bir legioner artıq-əskik hərəkət edə bilməzdi. Amma indi hərənin ağzından bir avaz çıxır, intizamsızlıq baş alıb gedir. Nahaq yerə Torresin, Foqtsun, Prosineçkinin rəğbətini və etibarını qazanmamışdı ki... Karyerasını daha erkən bitirə bilərdi. Bir neçə dəfə buna cəhd də etmişdi. Ancaq yaxın dostu və baş məşqçisi Qurban Qurbanovun təkidiylə “Qarabağ”a kömək etmək naminə butslarını mismardan asmırdı. Nəhayət, o an yetişdi. Və biz artıq “14 nömrə”ni bir daha meydanda görməyəcəyik.

Əsas odur ki, futbolumuz Rəşadsız qalmasın. Onun bu sahədə qazandığı təcrübə, futbol savadı, liderlik keyfiyyəti və idarəetmə qabiliyyəti həm məşqçi, həm də futbol funksioneri kimi uğur qazanmağa imkan verir. Kim bilir, bəlkə uzun illər kapitanı olduğu milliyə bu dəfə baş məşqçi kimi qayıdacaq. İndi yeni mərhələdə futbolumuza fayda verməyin vaxtıdır.

Hər şey üçün çox sağ ol, Böyük KAPİTAN!

Hacı Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right