"İldən-ilə “Tour d’Azerbaijan”a qatılan komandaların keyfiyyətində yüksəliş hiss olunur"

“Tour d’Azerbaijan-2016” veloyürüşünü bir xeyli jurnalist işıqlandırdı ki, onlar arasında əcnəbilər də var idi. Onlardan biri xüsusən diqqəti çəkirdi.Geert Broekhuizen mətbuat konfranslarında bir növ aparıcılıq funksiyasını yerinə yetirir, velosipedçilərə ilk sualları o verirdi.

Yarışın gedişində holland həmkarımız Newsport.az saytına müsahibə verdi: 

- Hollandiyada yerləşən Kommunikasiya üzrə agentlikdə çalışıram. Müxtəlif ölkələrdə keçirilən veloyürüşləri işıqlandırırıq. Müştərilərimiz sırasında bu yürüşləri keçirən təşkilatçılar, komandalar və velosipedçilər var. Bu, Azərbaycana 4-cü səfərimdir. İlk dəfə ölkənizə 2012-ci ildə gəlmişdim. Həmin müddətdən bu yana böyük tərəqqi müşahidə etmişəm. 

- Yalnız velosiped idmanını işıqlandırırsınız, yoxsa maraq dairənizdə başqa idman növləri də var?
- Bəli, mən sırf velosiped idmanı üzrə ixtisaslaşmışam. Çünki bu sahə xüsusi biliklər tələb edir. Ancaq çalışdığım agentlikdə başqa növləri işıqlandıran həmkarlarım var.


- Qeyd etdiniz ki, 2012-dən bu yana böyük inkişaf var. O dövrdən bəri hansı problemlər aradan qaldırılıb və hansı problemlər hələ də qalmaqdadır?
- Çox gözəl sualdır. Əlbəttə, 2012-də təcrübəsizlik özünü göstərirdi. Bunu təbii qarşılayıram. Məsələn, Hollandiya və Belçika güləş turniri keçirsə, bənzər vəziyyətlə üzləşər.Hər il müşahidə etdiyim tərəqqi məni çox sevindirir. Artıq insanlarınız velosiped idmanını daha yaxşı anlayır. İndi rahat fikir mübadiləsi aparmaq olur. Mövcud problemlərin həll olunması üçün zamana ehtiyac var. Təcrübə topladıqca problemlər də həllini tapacaq.
- “Tour d’Azerbaijan” veloyürüşünün hansı mərhələsi sizin üçün daha maraqlıdır?
- 4-cü mərhələni daha çox bəyənirəm. Çünki velosipedçilər Qəbələ - Pirqulu marşrutunda üzü yuxarı hərəkət edir. Dağ mərhələsi mənə daha maraqlı gəlir. 
- Hazırda “Tour d’Azerbaijan” 2.1 kateqoriyalı yarışdır. Bu kateqoriyanı yüksəltmək üçün hansı addımlar atılmalıdır?
- Böyük ölçüdə bu veloyürüş səviyyəsinə görə başqa nüfuzlu turnirlərə yaxındır. Sadəcə, bir neçə addımın atılmasına ehtiyac var. Daha güclü velosipedçilərin “Tour d’Azerbaijan”a cəlb olunması bunlardan biri ola bilər. Marşrutun dəyişdirilməsinə ehtiyac görmürəm. Həm sprinterlər, həm də dağ velosipedçiləri özlərini göstərə bilər.
- Azərbaycanda bu idman növünə azarkeş marağının artdığını söyləmək olar?
- İlk öncə onu qeyd edim ki, ildən-ilə “Tour d’Azerbaijan”a qatılan komandaların keyfiyyətində yüksəliş hiss olunur. Get-gedə daha çox Pro Kontinental komandalar bu veloyürüşdə çıxış edir. Bəllidir ki, veloturun səviyyəsi yüksəldikcə Kontinental komandaların sayı azalmalı, Pro Kontinental komandaların kəmiyyəti isə artmalıdır. Bu 4 ildə bu baxımdan müsbət tendensiya müşahidə olunur. Təşkilatçılıq sarıdan da inkişaf var. Sıravi polisdən tutmuş işçilərə qədər daha təcrübəli olub.


- Velosiped idmanının ən nüfuzlu yarışı sayılan “Tour d’France”da komandaların kateqoriyası ilə bağlı vəziyyət necədir?
- Həmin yarışda Kontinental komandalar çıxış etmir. Ən ali səviyyəyə sahib Dünya Turu komandaları və Pro Kontinental klublar “Tour d’France”da mübarizə aparır. Məsələn, “Tour d’Azerbaijan”a qatılan “Bora” Fransadakı veloyürüşdə də mübarizə aparır.
- Hollandiyada futbol, otüstü hokkey və cüdo kimi növlər inkişaf edib. Bəs velosiped idmanıyla bağlı vəziyyət nə yerdədir?
- Ölkəmdə velosiped idmanı 2-ci ən populyar növ sayılır. Bu baxımdan yalnız futboldan geri qalır. Ancaq kütləviliyə görə birinci yerdədir. Hollandiyada 1 milyon insan velosiped sürür. Bu idman növünə bizdə böyük sərmayə yatırılır. İctimai həyatımızda böyük rol oynayır.

- Azərbaycan mətbəxi haqqında nə deyə bilərsiz? Yeməklərimizi bəyəndiniz?

- Əlbəttə. Çox zəngin və dadlı təamlarınız var. Yeməkləriniz çox xoşuma gəlir. Ad çəkməli olsam, kababı xüsusən fərqləndirə bilərəm. Bu yeməyinizə valeh oldum. Hər dəfə gələndə ləzzətlə yeyirəm.

- Bəs Bakı, bölgələrimiz haqqında düşüncələriniz necədir?

- Açığı, ölkənizin belə gözəl olacağını gözləmirdim. Həqiqətən çox heyrətləndim. İlk dəfə burda 2012-ci ildə olmuşam. Hər dəfə gələndə paytaxtınızın və bölgələrinizin inkişaf etdiyini, gözəlləşdiyini və müasirləşdiyini görürəm. Bakı bir çox Avropa şəhərlərindən gözəldir. Bölgələrinizin təbiəti də adamı heyrətləndirir. Bura turistlər üçün çox cəlbedici məkan ola bilər. Hər kəsi Azərbaycana səfər etməyə çağırıram.

Mərdan Həsənov  

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirili"

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right