Ramil Quliyev: "O duyğu heç vaxt silinməyəcək"

Türkiyə millisində 200 metr məsafəyə qaçışda Avropa və dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev "Anadolu" agentliyinə müsahibə verib.

 

Newsport.az xəbər verir ki, 29 yaşlı atlet koronavirusun məşqlərə təsirindən danışıb:

 

"Ümid edirəm ki, COVID-19 tezliklə yox olar və hazırlığa başlayarıq. Əlimizdən gələn qədər evdə hazırlaşırıq. Mümkün qədər formada qalmağa çalışırıq. Çünki məşq etməsək, formadan düşərik və əvvəlki vəziyyətə qayıtmaq uzun zaman alar. Boş zamanımda "PlayStation" oynayır, kitab oxuyur və seriallara baxıram".

 

Ramil karyerasında unutmayacağı anlardan söz açıb:

 

"Dünya çempionatını unutmaq mümkün deyil. Londondakı yarışı yüksək nəticə ilə yekunlaşdırmaq gözəl hissdir. O duyğu heç vaxt silinməyəcək. Olimpiya Oyunlarında daha yaxşısını edə biləcəyimə inanıram".

 

Quliyev olimpiadada mükafat qazanmaq arzusunda olduğunu bildirib:

 

"Bütün idmançılar Olimpiya mükafatı arzu edir. Avropa və dünya çempionu olmuşam. Olimpiya medalı qalıb və ən çətin olanı qazanmaq istəyirəm".

 

Azərbaycanlı idmançı Tokio Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmağı barədə bunları deyib:

 

"Olimpiadaya yaxşı hazırlaşırdıq. Ancaq yarış koronavirusa görə təxirə salınıb. İndi daha çox vaxt qazandıq. Ən böyük hədəfimizə daha ciddi hazırlaşa bilərik. Ola bilər ki, məşqçimiz hazırlıqda dəyişiklik etsin".

 

Ramil Quliyev 2017-ci ildə dünya, 2018-ci ildə isə Avropa çempionu olub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right