Naxçıvanda karate turniri keçirilib

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublikası açıq turniri keçirilib.

Newsport.az xəbər verir ki, turnirdə 300-ə yaxın idmançı iştirak edib. Yarışda muxtar respublikanın şəhər və rayonlarının 8 komandası ilə yanaşı, Bakı şəhərinin 5 komandası da mübarizə aparıb.  

Çempionatın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov yarış iştirakçılarını salamlayaraq, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. 

Fazil Ələkbərov bildirib ki, muxtar respublikada idmanın maddi-texniki bazasının gücləndirilməsi, yüksək səviyyəli idman yarışlarının keçirilməsi, məktəblərdə müasir standartlara cavab verən idman zallarının istifadəyə verilməsi yeniyetmə və gənclərin bu sahəyə olan marağını xeyli artırıb. Bunun nəticəsində muxtar respublika idmançıları hər il idmanın bir çox sahələrində böyük nailiyyətlər əldə edirlər. Təsadüfi deyil ki, muxtar respublikada 500-ə yaxın yeniyetmə və gənc idmanın karate növü ilə məşğul olur. Bunların 115-i qızlardı. Fazil Ələkbərov yarış iştirakçılarına uğurlar arzulayıb və çempionatı açıq elan edib.

Çempionatın açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək qeyd edib ki, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada öndə gedən ölkələrdən biridi. Qələbə sədaları Olimpiya oyunlarından, Avropa çempionatlarından gələn Azərbaycan bu sahədə inkişafa görə nəinki keçmiş SSRİ respublikalarını, hətta əksər Avropa dövlətlərini də geridə qoyur. Ölkə Prezidentinin böyük diqqət və qayğısı idmançılarımızı daha da ruhlandırır. Onları yeni-yeni qələbələrə aparır.

“Ali Məclis sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada da idmanın inkişafı istiqamətində mühüm işlər görülür” - deyən nazir qeyd edib ki, bunun nəticəsində 2017-ci ildə muxtar respublika idmançıları Azərbaycan birinciliklərində 129, beynəlxalq turnirlərdə 89, Asiya çempionatlarında 2, Avrasiya çempionatlarında 13, Avropa çempionatlarında 1, dünya çempionatlarında 5, 4-cü İslam Həmrəyliyi Oyunlarında 1 medal qazanıblar. Çıxışının sonunda nazir idmançılara yarışlarda qələbə əzmi arzulayıb.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və Azərbaycan Milli Karate Federasiyasının baş katibi, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək, ulu öndər Heydər Əliyevin idman siyasətindən, Azərbaycanda bu sahəyə göstərilən yüksək diqqət və qayğıdan bəhs edib, iştirakçılara uğurlar diləyiblər.
Sonra Azərbaycan Milli Karate Federasiyası tərəfindən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərova və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarova Azərbaycan Milli Karate Federasiyasının xatirə hədiyyələri təqdim olunub.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib.

Karateçilərin nümunəvi çıxışlarından sonra turnirin final görüşlərinə start verilib.

Yekun nəticələrə görə Vüsal Seyidov, İmran Mövsümov, Hüseyn Məmmədli, Əsəd İmanov, Aslan İsmayılov, Sərcan Məmmədov və Babək Qələmzadə öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək turnirin qalibi adını qazanıblar. Qızlar arasında isə Səmra Məmmədli qalib olub.

Qaliblərə təşkilatçılar tərəfində diplom və medallar təqdim edilib.

Komanda hesabında “Naxçıvan” 1-ci, “Arpaçay” 2-ci, “Araz” isə 3-cü yerin qalibi olub. Qalib komandalara turnirin kubokları verilib. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasına isə yarışın yaxşı təşkil olunmasına görə “Heydər Əliyev kuboku” təqdim olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right