Belarus üçün Azərbaycan örnəyi

Bildiyiniz kimi, 2-ci Avropa Oyunları 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək. Azərbaycanın haqq işinə bir çox məsələlərdə ciddi dəstək verən bu ölkədə uğurlu təcrübələrdən örnək götürmək həvəsi də var. Belarus Milli Olimpiya Komitəsinin binasında iyulun 6-7-də “Turistlərin cəlb olunması üçün innovativ ideyalar” adlı beynəlxalq konfrans keçirilir. Minskdə olan azərbaycanlı jurnalistlərin bir qrupu dünən konfransın işində iştirak etdi. MOK-un möhtəşəm binasının sonuncu mərtəbəsində keçirilən konfransda bir çox maraqlı çıxış izlədik. Amma Mədəniyyət və Turizm Nazirliyinin turizm departamentinin direktoru Rauf Paşayevin çıxışı məzmunca başqalarından fərqlənirdi. “Nəhəng hadisələrin Azərbaycanda turizmə iqtisadi və sosial” təsiri mövzusunda, rus və ingilis dillərində çıxış edən həmyerlimiz ölkəmizdə son illərdə keçirilən böyük tədbirlərin, xüsusən də ilk Avropa Oyunlarının turistlərin cəlb olunması sahəsində önəmindən danışdı, Azərbaycanın bu sahədəki maraqlı təcrübəsini bölüşdü, eləcə də Belarus idmanına rəhbərlik edənlərə bəzi məsləhətlərini çatdırdı. Onun çıxışını böyük monitorda ölkəmizim gözəlliklərinə dair video da müşayiət edirdi.

Yerli həmkarlarımızın müşayiəti ilə Belarusun olimpiya şərəfi muzeyində də olduq. Muzeylə bağlı təəssüratımı vətənə dönəndən sonra bölüşəcəm. Sadəcə, onu deyim ki, Belarusa olimpiya “qızıl”ı qazandıranlar sırasında soydaşımız Kamandar Məcidovu görmək yalnız qürurverici məqam idi. Muzeyin “interaktiv əlaqə” bölməsində fəxri kürsüyə qalxıb şəkil çəkdirmək (foto dərhal çıxarılır ), hətta tapançadan hədəflərə atəş açmaq imkanımız da oldu. Bir sözlə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşən səfərimiz davam edir. İyulun 7-də isə bizi belaruslu həmkarlarımızla beynəlxalq oyun gözləyir. Təbii ki, futbol meydanında...

Mərdan HƏSƏNOV, Minsk





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right