"Maaşlar verilmədiyindən mənim də pulum batdı” - Tərlan Əhmədov Layihə

“Kəpəz”lə AZAL eyni dərddədir. Qış fasiləsində ölkə xaricində təlim-məşq toplanışı keçməyə pul tapmadılar. Ona görə də Bakıda hazırlıq keçməklə kifayətləndilər. Maliyyə baxımından AZAL-ın durumu daha ağırdır. Çempionatın autsayderi turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq üçün heyətinə əl gəzdirir. Gedənlər də var, gələnlər də. Bir neçə gün əvvəl komandanın məşqini yaxından izlədik. Elə fürsətdən istifadə edib, AZAL-ın baş məşqçisi Tərlan Əhmədovla da ayaqüstü söhbət etdik:

- Təlim-məşq prosesi necə gedir?

- Hər şey normaldır. Yanvarın 5-dən hazırlıq prosesinə başlamışıq. Bu günə kimi fasiləsiz işləmişik. Toplanış çərçivəsində U-19 və əvəzedici heyətdən futbolçuları baxışdan keçiririk. Bir neçə legioner oyunçu da cəlb olunub. Onlardan biri də liberiyalıdır. Yaxın günlərdə başqa bir legioner də komandaya qoşulacaq. Birinci divizion komandalarıyla yoxlama oyunları keçirmişik. Hər ikisində də qalib gəlmişik. Hər şey normal, plan üzrə gedir. Zədəli futbolçularımız sıraya dönüb. Yalnız Qeyrətin ağrıları var. Qalan hər şey normaldır.

- Yeni futbolçular haqda nə deyə bilərsiz?

- Liberiyalı Amiqa ölkəsinin 1-ci divizionunda oynayıb. Arkaş Rusiya və Ukraynada da çıxış edib. Ancaq belə Amerikada yaşayır. Maddi gücümüzə uyğun futbolçuları heyətə qatmışıq. Maliyyə imkanımız güclü olsaydı, yüksək liqalarda çıxış etmiş futbolçulara dəvət göndərirdik. Ancaq bugünkü vəziyyətimiz bunu etməyə imkan vermir. İndi bu işə başlamışıq ki, nəyəsə nail ola bilək.

- AZAL-ı qış fasiləsində bir neçə futbolçu tərk etdi. Ən çox hansı futbolçunun gedişinə məyus oldunuz?

- Mənə ən çox təsir edən Mirzağa Hüseynpurun gedişi oldu. AZAL-a gəlməmişdən onun potensialına bələd idim. “Qəbələ” ilə kubok oyununda da qolumuzu o vurmuşdu. Ancaq Rəşad Abdullayev və Sadio Tounkaranın gəlişindən sonra Hüseynpurun əsas heyətə düşmək şansı azalmışdı. Bunu nəzərə alıb, oynaya biləcəyi komandaya getməsini istədim. Hələ o qədər də yaşı yoxdur ki, vaxtını ehtiyatda keçirsin. Yaxşı oynamaq potensialı var. Amma onun gedişi mənim üçün ağır oldu. Ruslan Nəsirli hərbi xidmətə yollandığından MOİK-ə qoşuldu. Müqavilə ilə bizə məxsusdur. Yaş limitinə də uyğun gəlir. Onun xidmətindən gələcəkdə də istifadə edəcəyik. O da potensialı olan futbolçulardandır.

- Yanvarın əvvəlindən seleksiya məqsədli məşqləriniz oldu? Hansısa futbolçunu bu yolla heyətə cəlb edə bildiniz?

- Hər yaş qrupuna bu yolla oyunçu götürmüşük. U-17, U-19 və əvəzedicilərə futbolçu cəlb etmişik. Həftədə 3-4 dəfə məşqlərimizdə iştirak edirlər. Onları daim nəzarətdə saxlayıram. Qalanları öz yaş qruplarında məşq edirlər. Uyğunlaşma prosesini geridə qoymalıdırlar. Bundan sonra ölkə çempionatı ərəfəsində həftədə bir-iki məşqimizdə iştirak edəcəklər.

- Turnir cədvəlində qonşunuz “Neftçi” xeyli transfer edib. Bu size narahat edir?

- Bizim üçün fərq etmir. Bu gün mövsümün ikinci yarısında “Neftçi” və “Qarabağ”la başa-baş oynayacağımı deyə bilmərəm. Bu futboldur, biz işimizi davam etdiririk. Hətta “Kəpəz” və “Sumqayıt”ın da büdcəsi bizdən böyükdür. Futbolçularımın aldığı maaşı da bilirsiniz. Amma heç vaxt bu məqamı özümə bəhanə saymamışam. Lakin biz keçən il də bu büdcəylə oynamışıq. Mövsümün əvvəllərində bizə autsayder gözüylə baxırdılar. AZAL-ın elitanı tərk edəcəyini düşünənlər var idi. Hətta bir nəfər televiziyaya çıxıb demişdi ki, AZAL qış fasiləsinə kimi 3 xal toplasa, mən Azərbaycanı tərk edəcəyəm. Bu qədər söz-söhbətlərə, bədbin proqnozlara baxmayaraq, AZAL-ın Avroliqaya vəsiqə qazanmaq şansı yaranmışdı. Müəyyən səbəblərdən bu şansı itirdik. “Neftçi” ilə aramızda 1 xal fərq var. Ancaq yalnız bu klubla mübarizə aparmıram. İrəlidə 14 oyun var. Bütün komandalarla mübarizə aparıram.

- Mövsümün ikinci yarısından nə gözləyirsiniz?

- Hər gün futbolçulara deyirik ki, biz bu oyunla layiq olduğumuz pillədə qərarlaşmamışıq. Ancaq büdcə sarıdan hamıdan geri qalırıq. Bu doğrudur. Çalışıb, vuruşub yuxarı pillələrə dırmanmalıyıq. Futbolçulardan əzm, iradə, dözüm gözləyirəm. 3-4-cü dövrədə daha yüksək səviyyədə oynamalıyıq.

- Ötən mövsüm AZAL əsl ev komandası sayılırdı. Təsadüfi deyil ki, komandanız Şüvəlanda keçirdiyi heç bir oyunda uduzmadı. Bəs bu mövsüm niyə evdə eyni uğuru təkrarlaya bilmədiniz?

- Ötən mövsüm “Neftçi”yə həm evdə, həm səfərdə qalib gəlmişdik. Lənkərandan bir xalla qayıtdıq. Sonra “Xəzər Lənkəran”a da qalib gəldik. Evdə uğurlu seriya yaxalayandan sonra başladılar deməyə ki, AZAL nəsə edir, o meydanda nəsə var. Çox söz-söhbət etdilər. Amma bu mövsüm evdə uğursuz çıxış etsək də, deyən yoxdur ki, AZAL-a nə ediblər görəsən (gülür).

- “Qarabağ”ı, yoxsa “Qəbələ”ni çempionluq yolunda daha şanslı sayırsınız?

- Vallah, bu suala cavab vermək çətindir. Heç vaxt proqnoz verməyi xoşlamamışam. Bunu yalnız Allah bilər. İstərdim ki, kim layiqdirsə, o da çempion olsun.

- Maşınınızı satıb bəzi futbolçuların maaşını verdiyiniz haqqında deyilənlər doğru xəbərdir?

- Yox. Düzdür, maşınımı satmışam. Amma həmin pulla kiminsə maaşını verməmişəm. Bəli, hansısa oyunçunun əmək haqqısını öz cibimdən vermişəm. Ancaq o ərəfədə maaşlar verilmədiyindən mənim də pulum batdı.

- Transfer bazarlığı bununla bitəcək?

- Yaxın günlərdə fransız əsilli bir futbolçu da gəlməlidir. Hazırda viza məsələsi həll olunur. Başqa transfer olmayacaq.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz