Bir cütün taleyi aydındır, bəs digərləri? Layihə

Dekabrın 13-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirildi. 4 görüşün heç birində heç-heçə qeydə alınmadı. Yalnız bir qarşılaşmada qonaqlar qələbə qazandı. Artıq indidən “Qarabağ” və “Neftçi”nin yarımfinala yüksəldiyini söyləyə bilərik. Hər nə qədər “Zirə”nin baş məşqçisi Adil Şükürov şanslarının tükənmədiyini söyləsə belə...

“Fiorentina”nın heyfini “Sumqayıt”dan çıxdı

Ötən həftə böyük məyusluq yaşadıq. “Qarabağ” Avroliqanın 1/16 final mərhələsinə yüksələ bilmədi. Halbuki ölkə çempionumuz evdə “Fiorentina”ya qalib gəlsəydi, futbolumuzda daha bir ilkə imza atacaqdı. Olmadı, alınmadı. Ancaq belə çətin məqamda Qurban Qurbanovun komandasını toparlaya bilməsi bir baş məşqçi üçün böyük işdir. Axı adətən belə ağır oyundan və psixoloji sarsıntıdan sonra futbolçular qat-qat aşağı səviyyəli yarışa köklənməkdə çətinlik çəkir. Ancaq ağdamlılar yaxşı anlayır ki, yenidən Çempionlar Liqası və ya Avroliqada tarixi fürsəti yaxalamaq üçün daxili çempionatda və kubokda zirvəyə yüksəlməlidir. Gözlənildiyi kimi, Rəşad Sadıqov “18-lik”də yox idi. Onun yoxluğunda müdafiənin mərkəzində Bədavi Hüseynovla yanaşı, Maksim Medvedev çıxış edirdi. Cinahlar Ansi Aqolli və İlqar Qurbanova tapşırılmışdı. Dayaqda Qara Qarayevin yerinə Coşqun Diniyevin çıxış etməsi də gözlənilən idi. Qurban bəy ilk dəqiqələrdən Namiq Ələsgərova da şans vermişdi. “Sumqayıt” Suraxanıya itkilərlə gəlmişdi. Nə Vaqif Cavadov var idi, nə də cari mövsümün tapıntısı Yusif Nəbiyev. Ancaq istənilən halda qonaqların bu qədər aciz durumda qalacağını heç kim proqnozlaşdırmırdı. Görünür, hələ də Samir Abasov komandasında sabitlik yaxalaya bilməyib. Buraxılan bir çox qolda müdafiəçilərin kobud səhvi oldu. 25-ci dəqiqədən “Qarabağ” qonaqlar üçün qol olub yağmağa başladı. Əvvəlcə Rail Məlikov, ardınca isə Vurğun Hüseynov cərimə meydançası daxilində əllə oynadı. Səhvlər bununla da yekunlaşmadı. Coşqun Diniyevin zərbəsindən sonra Fərhad Vəliyev topu tutmağa borclu idi. Ancaq təcrübəli qapıçı inamsız oynayaraq 3-cü topu qapısında gördü. 4-cü topu Mahir Mədətov fərdi ustalığı hesabına vurdu. Təcrübəli futbolçular səhv edə bilər, gənclər yox? “Sumqayıt”da səhv etmək növbəsi Bəxtiyar Həsənalızadəyə çatdı. Gənc stopper topu uzaqlaşdıra bilməyincə Namiq Ələsgərov fərqi 5 topa çatdırdı. Oyunda son nöqtəni isə Mədətov qoydu – 6:0. Beləliklə, “Qarabağ” cavab görüşünü formallığa çevirdi. Qurban Qurbanov Sumqayıta hətta 2-ci heyətlə də yollana bilər. Çünki Samir Abasovun komandasının bu qolların əvəzini çıxmaq potensialı yoxdur.

“Kəpəz” sindromu qırıldı

Bu mövsüm “İnter” gəncəlilərlə bacarmırdı. Premyer Liqanın ilk iki dövrəsində paytaxt komandası “Kəpəz”ə qalib gələ bilməmişdi. Nəhayət, Zaur Svanadzenin komandası Şahin Diniyevin yetirmələrini üstələyə bildi. Düzdür, gəncəlilər yenə “ağ-göylər”in əsəbləriylə oynadı. Qonaqlar meydan sahiblərinə bir saata yaxın müqavimət göstərdi. Ancaq cəmi 3 dəqiqəyə qarşılaşmanın taleyi həll olundu. Əvvəlcə Rauf Əliyev hesabı açdı. “Kəpəz” özünə gəlməmiş qapısında ikinci topu gördü. Bu dəfə kapitan Nizami Hacıyev adını tabloya yazdırdı. Şahin Diniyev ən azı fərqi minimum endirmək üçün hücumu gücləndirməyə çalışdı. Təcrübəli mütəxəssis əvvəlcə Ceyhun Cavadovu, bir qədər sonra isə Tural Rzayevi meydana buraxdı. Ancaq nə bu futbolçular, nə də sonradan “İnter Arena”nın süni qazonuna ayaq basan Tural Qürbətov komandasına fayda verdi. Beləliklə, “İnter” 2:0 kimi inamlı qələbəyə sevindi. Amma bu hələ arxayınlaşmaq üçün ciddi əsas ola bilməz. Gəncə Şəhər stadionunun ot örtüyü çox ağırdı. Bu səbəbdən əksər komandalar Gəncə səfərindən məyus qayıdır. “Kəpəz” bu amildən faydalana bilsə, yarımfinala adlaya bilər. Bizi Gəncədə çox gərgin matç gözləyir.

“Qəbələ”dən əzmkar qələbə

Roman Qriqorçukun komandası az qala doğma meydanda şok yaşayacaqdı. Çempionluğa iddialı komandanın evində çempionatın aşkar autsayderi, bu mövsüm qələbə üzünə həsrət qalan AZAL-a qarşı bu qədər çətinlik çəkəcəyini heç kim gözləmirdi. Hətta bir çoxları “qırmızı-qaralar”ın qonaqları böyük hesabla məğlub edəcəyini proqnozlaşdırırdı. Amma onlar yanıldı. Özü də ukraynalı mütəxəssis demək olar ki, əsas heyəti meydana buraxmışdı. Yalnız Nika Kvekveskiri ehtiyatda qalmış, Teo Uiksin adı isə ümumiyyətlə, “18-liy”ə salınmamışdı. Gözlənildiyi kimi, oyuna hücumlarla başlayan “Qəbələ” oldu. Ancaq bəxt sanki meydan sahiblərindən üz döndərmişdi. Əvəzində qonaqların bir təhlükəli hücumu qolla nəticələndi. Mirzağa Hüseynpur 37-ci dəqiqədə yerli azarkeşləri susdurdu. AZAL bir saat boyunca qapısının toxunulmazlığını təmin edə bildi. Ancaq ardıcıl həmlələr və güclü təzyiq qarşısında Tərlan Əhmədovun komandası duruş gətirə bilmədi. Fili Ozobiç hesaba tarazlıq gətirdikdən sonra “Qəbələ”nin futbolçularında bir növ ikinci nəfəs açıldı. Psixoloji üstünlüyü ələ keçirən bölgə təmsilçisi 74-cü dəqiqədə arzusuna çatdı. Ruslan Qurbanovun zərbəsi qarşısıalınmaz oldu. Əslində bu qələbə meydan sahiblərini bir o qədər sevindirmir. Çünki Şüvəlanda rəqibin bir dəqiq zərbəsi Azərbaycan kubokuyla vidalaşmaq üçün kifayət edir. Üstəlik, nəzərə alaq ki, bu komandaların bu mövsüm Bakıdakı oyununda “Qəbələ” qələbə qazana bilməyib. Ümumiyyətlə, “qırmızı-qaralar” süni örtükdə ciddi çətinliklərlə üzləşir. Ona görə də Tərlan Əhmədovun komandası ümidini itirmir. Bu dueldə kimin yarımfinala yüksələcəyini indidən qətiyyətlə söyləmək mümkün deyil.

“Neftçi” də darmadağınla qalib gələrmiş

Tarixinin ən ağır mövsümünü keçirən flaqman çempionatdan əlini üzüb. Mövsümün sonunda heç olmasa Avropa Liqasına vəsiqə qazanmaq üçün ən real şans Azərbaycan kubokunda uğur qazanmaqdan ibarətdir. “Neftçi” Zirədəki öz oyunuyla əsas bu cəbhəyə kökləndiyini sübut etdi. Halbuki “ağ-qaralar”da ciddi itkilər var idi. Cavid İmamverdiyev, Araz Abdullayev və Mahir Şükürov “Bayıl Arena”dakı məşqlər zamanı sıradan çıxmışdı. Üç aparıcı futbolçunun yoxluğunda Elxan Abdullayevin Zirədən başı yuxarı qayıdacağını gözləyənlər az idi. Həm də ona görə ki, “Neftçi” indiyədək heç vaxt “Zirə”yə qalib gələ bilməmişdi. Ancaq flaqman sürprizə imza ata bildi. Elxan Abdullayev əlinin altındakı “material”dan məharətlə istifadə etdi. 5-2-2-1 taktikasına üstünlük verən qonaqlar sırf oyunu əks-hücum üzərində qurmuşdu. Baş məşqçi reallığı qəbul edərək komandasını “ikinci skripka” kimi oynatmağı məqsədəuyğun saymışdı. O, məhz taktikada həmkarı Adil Şükürova qalib gəldi. Amma etiraf etmək lazımdır ki, bəxt də “ağ-qaralar”ın dadına çatdı. Təkcə ilk 20 dəqiqədə meydan sahibləri 3 real qol vəziyyətindən istifadə edə bilmədi. Vurmayana vurdular. “Neftçi”də ən yaxşı oyununu keçirən Jonas Pesalli Rəhman Hacıyevin əməyini yerə vurmadı. Araz Abdullayevin yoxluğunda kapitan sarğısını qoluna taxmış “Bakı”nın yetirməsi sürətlə reyd edərək topu qapıya parallel cərimə meydançasına ötürdü. Braziliyalı hücumçu çətinlik çəkmədən topu boş qapıya göndərdi. İkinci hissədə Rəhman Hacıyev və Fəhmin Muradbəyli sürətiylə “Zirə”nin futbolçularının gününü qara eləmişdi. Elə penaltiləri də bu futbolçular qazandı. Adil Nağıyev Fəhmini, Cavid Tağıyev isə Rəhmanı cərimə meydançası daxilində yerə yıxdı. Hər iki penaltini dəqiq yerinə yetirən Pesalli ağ-qara formayla ilk het-trikinə imza atdı. Beləliklə, tarixində ilk dəfə “Zirə”yə qalib gələn “Neftçi” bu mövsüm həm də ilk darmadağınlı qələbəsinə sevindi. Maraqlı məqam ondan ibarətdir ki, Adil Şükürov mətbuat konfransında cavab qarşılaşmasında 4 cavabsız top vuracaqlarını söylədi. Görək baş məşqçinin dilinə görə də dilçəyi varmı?

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right