Müşviq Qənbərov istefa verməsindən danışdı:"Bu, maliyyə problemiylə də bağlı deyil"

Azərbaycan çempionatının I divizionunda MOİK səfərdə "Şəmkir”ə 1:0 hesabı ilə məğlub olub.

Newsport.az-ın Şəmkirə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyundan sonra  başa çatdıqdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Müşfiq Qənbərov bunları deyib:

- İlk növbədə jurnalistləri salamlayıram. “Şəmkir”i qələbə münasibətiylə təbrik edirəm. 7 tur idi ki, Bayıldan kənara çıxmırdıq. Bu gün meydança o qədər də yaxşı vəziyyətdə deyildi. Palçıq idi. 7 tur “Bayıl Arena”nın sünii örtüyündə oynadıqdan sonra belə meydanda çıxış etmək bizim üçün çox çətin idi. Hesab açıldıqdan sonra müdafiəçimizin qırmızı vərəqə alması planlarımızı alt-üst etdi. İkinci hissədə daha yaxşı oynadıq. Futbolçularımı layiqli mübarizə apardıqları üçün təbrik edirəm.

- İstefa verməyinizin səbəbi nədir?

-İstefa ərizəmi rəhbərliyə təqdim edəcəyəm. Sizin vasitənizlə bunu şifahi də olsa deyirəm. MOİK bir ailədir. Bu səbəbdən ailəmin sirrini açıqlaya bilmərəm. İstefamın səbəbini söyləməyəcəyəm. Şəmkirə sırf futbolçulara görə gəlmişdim. Əslində “Zaqatala”yla oyundan sonra istefa vermişdim. MOİK-də 10 ay baş məşqçi kimi çalışdım. Mənə etimad göstərdikləri üçün rəhbərliyə minnətdarlığımı bildirirəm. Bu, mənim üçün böyük təcrübə oldu. Yəqin ki, hər addım irəli atılır. Məncə gələcəkdə yaxşı olacaq.

- Elitaya yüksəlmək missiyasının öhdəsindən gələ bilmədiyiniz üçün istefa verdiyinizi söyləmək olar?

- Düzdür, məqsədimiz divizionu qalib başa vurmaq idi. Komandanı yarı yolda qoyub qaçmıram. Burdan məğlubiyyətlərə görə getmirəm. Tam başqa səbəbə görə istefa verirəm. Hələ qarşıda çoxlu oyun var. Bilmək olmaz ki, MOİK neçə xal yığacaq.

- Bəlkə səbəb maliyyə problemidir?

- Xeyr, bu, maliyyə problemiylə də bağlı deyil. Yenə deyirəm, bu ailənin sirrini aça bilmərəm.

- Mənə elə gəlir ki, bu, maliyyə ilə bağlıdı. Komandanın baş məşqçisinin 2 yerdə çalışması da bundan xəbər verir.

- Bizdə maliyyə problemi yoxdur. Həm məşqçilər, həm texniki heyət, həm də futbolçular kart vasitəsiylə ay ba ay maaşlarını bankomatdan çıxarır. Bəli mən həm də “Vətən”də çalışıram. Yəqin ki, bundan sonra ordakı işimi davam etdirəcəyəm.

 MOİK -də çalışdığınız 10 ay sizə nə verdi?

- Əlbəttə, bu 10 ərzində böyük təcrübə qazandım. Burda ailə kimi bir kollektivi 70 faiz formalaşdıra bilmişəmsə, bu böyük bir şeydir. Buna görə ən çox futbolçulara təşəkkür edirəm. Lovğalıq olmasın. Mənə qədər MOİK məğlubiyyətləri sıralayırdı. İndi MOİK-in özünəməxsus oyun üslubu var. Fikrimcə, bu 10 ərzində komandaya rəng qata bildim.

Mərdan Həsənov, Şəmkir.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right