Qızıl Qran Pri güləşçilər üçün təcrübə mənbəyidir Layihə

İndiyədək ölkəmizdə güləş üzrə müxtəlif yarışlar keçirilir.

Bura Respublika tabeli turnirlərlə yanaşı, beynəlxalq yarışlar da daxildir. Onların bir çoxu ənənəvi hal alıb və hər il keçirilir. Belə ənənəvi yarışlardan biri də ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniridir. Tarixi 2008-ci ildən başlanan bu yarış elə ilk gündən FİLA-nın (indiki adıyla UWW) təqvimində ən mühüm tədbirlərdən biri kimi seçilir. Qızıl Qran-Pri Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun rəhbərliyilə həm təşkilati məsələlərinə, həm də texniki göstəricilərinə görə artıq dünya miqyasında keyfiyyətcə yeni bir hadisəyə çevrilib.Mütəxəssislər onu idman yarışlarına münasibət baxımından Azərbaycan standartlarının bir nümunəsi sayırlar. Pəhləvanların ali məclisi kimi yarışda yalnız ən güclülər iştirak edə bilərlər. Onları müəyyənləşdirmək məqsədilə mövsüm ərzində ayrı-ayrı ölkələrdə seçmə yarışlar keçirilir. Paris, Budapeşt və Krasnoyarsk şəhərlərində Qran-Pri turnirlərinin qalibləri Bakıda final mərhələsində iştirak etmək hüququ qazanırlar. Turnirin həm Azərbaycan, həm də dünya güləşi üçün əhəmiyyəti çox yüksək qiymətləndirilir. Çünki hər dəfə müvafiq yarışlarda dünya güləşinin mövcud vəziyyəti, ümumi səviyyəsi, qarşıdakı vəzifələr müəyyənləşdirilir. Başqa sözlə, Qızıl Qran-Pri turniri bütövlükdə dünya güləşinin inkişafına təsir göstərir. Bu yarışın yerli idmançılara əvəzsiz faydası var. Belə ki, beynəlxalq yarış təcrübəsi zəngin olmayanlar məhz doğma məkanda tanınmış güləşçilərlə qarşılaşmaq imkanı qazanır. Bu isə onların təcrübələrini artırmağa imkan verir. Bu yerdə onu nəzərinizə çatdıraq ki, təşkilatçı ölkə olduğumuzdan hər çəkidə bir neçə güləşçiylə təmsil olunmaq hüququmuz var. Məhz bu yarış sayəsində yığmaların məşqçiləri ehtiyatda qalan pəhləvanları da sınaqdan keçirə bilir. Bir az da yarışın tarixinə, bu turnirdə qazandığımız uğurlara nəzər salaq. Qızıl Qran Pri indiyədək 8 dəfə təşkil olunub. Bunların hamısında yığmalarımız komanda hesabında ilk “3-lük”də yer alıb.

2008-ci ildə keçirilən ilk yarışda sərbəst güləşçilərimiz 3 qızıl, 2 gümüş və 4 bürünc, qadınlar 2 qızıl, 2 gümüş və 1 bürünc, yunan-Roma güləşçilərimiz isə 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Yarışın debüt ilində ümumilikdə pəhləvanlarımız 22 medal əldə edib. 2009-cu ildə nəticə cüzi də olsa, zəifləyib. Belə ki, bu dəfə ümumilikdə 20 medal hesabımıza yazılıb.

“Sərbəstlər” 2 qızıl, 2 gümüş və 4 bürünc, qadınlar 1 qızıl, 1 gümüş, 3 bürünc, “klassiklər” 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

2010-cu ildə geriləmə davam edib. Bu dəfə sərbəst güləşçilər 3 qızıl, 2 gümüş və 3 bürünc, zərif cinsin nümayəndələrindən yalnız biri bürünc, yunan-Roma güləşçilərimiz isə 2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib. Ümumilikdə komandamız 15 medalı hesabına yazıb.

2011-ci ildə kəskin irəliləyiş baş verib. Belə ki, pəhləvanlarımızın 26-sı Qızıl Qran Pridə fəxri kürsüyə qalxıb. Bu mənada “sərbəstlər” liderlik edib. Bu növdə 5 qızıl, 2 gümüş və 3 bürünc əldə edilib. Xanımlardan 2-si qızıl, 1-i gümüş, 4-ü bürünc, yunan-Roma güləşçilərimiz 2 qızıl, 3 gümüş və 4 bürünc medala sevinib.

2012-ci ildə “sərbəstlər”in gücü 1 qızıl, 3 gümüş, 5 bürüncə, qadınların gücü 1 qızıl, 1 gümüş və 2 bürüncə, “klassiklər”in gücü isə 3 qızıl, 2 gümüş və 4 bürüncə çatıb. İlk dəfə bu yarışda yunan-Roma güləşç üzrə yığmamız digər millilərimizi qabaqlayıb. Həmin il keçirilən Qızıl Qran Pridə ümumilikdə 22 medal əldə olunub.

2013-cü ildə də “klassiklər” daha yaxşı təsir bağışlayıb. Bu növdə hesabımıza 5 qızıl, 2 gümüş və 3 bürünc medal yazılıb. Qadınlardan ibarət yığmamızın üç (1 qızıl, 2 bürünc) üzvü fəxri kürsüyə qalxıb. “Sərbəstlər”dən 3-ü qızıl, 4-ü gümüş və 4-ü bürünc medal əldə edib. Ümumilikdə 24 medal qazanılıb.

2014-cü ildə məhsuldar alındı və bu dəfə də “klassiklər” medalların əyarına görə öndə olub. Kəmiyyət sarıdan isə “sərbəstlər” liderlik edib. Həmin il bu komandaya Semyon Çterev rəhbərlik edirdi. Bolqar mütəxəssisin rəhbərliyi altında 3 qızıl, 3 gümüş və 7 bürünc əldə edilib. Qadınlardan yalnız ikisi fəxri kürsüyə qalxıb. Həm Mariya Stadnik, həm də Yuliya Ratkeviç turnirin qalibi olub. “Klassiklər”in qazancı isə 4 qızıl, 3 gümüş və 3 bürünc medal olub. Ümumilikdə 25 medal qazanılıb. Nəhayət, ötən il bu yarış 8-ci dəfə keçirilib. Bu dəfə sərbəst güləşçilər digər komandalarımızı həm kəmiyyət, həm də keyfiyyətə görə qabaqlayıb. Saypulla Absaidovun yetirmələri 3 qızıl, 4 gümüş və 4 bürüncə sevinib. Qadınlardan yalnız Natalya Sinişin gümüş medalla təsəlli tapıb. Yunan-Roma güləşçilərimizdən 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanılıb. Cəmdə qazancımız 21 medal olub. Bütövlükdə geridə qalan 8 Qızıl Qran Pri yarışında güləşçilərimiz 160 medal əldə edib. Bunlardan 56-sı qızıl, 46-sı gümüş və 58-i bürüncdür.

Sonda onu da qeyd edək ki, Qızıl Qran Pri indiyədək 3 fərqli məkanda – Heydər Əliyev adına İdman-Konsert Kompleksində, “Sərhədçi” İdman Olimpiya Mərkəzində və Bakı İdman Sarayında təşkil olunub.

Hacı Mərdan

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right