Güləş hakimlərimiz, tariximiz və perspektivlər Layihə

Bir çox idman növlərində olduğu kimi, güləşdə də Azərbaycan hakimlik məktəbi özünəməxsus yer tutur. Hələ keçmiş SSRİ dönəmindən etibarən, Azərbaycan güləş hakimləri başda Olimpiya Oyunları olmaqla, dünya və Avropa çempionatları, Ümumittifaq dərəcəli yarışlarda ədaləti qoruyaraq etibarlı hakimlik məktəbinə sahib olduğumuzu sübuta yetiriblər.

Tarixə nəzər salaq – 1988-ci ildə Azərbaycan güləş hakimliyi məktəbinin layiqli yetirməsi Məkan Zalov planetin ən ali idman yarışı olan Yay Olimpiya Oyunlarında uğurlu başlanğıcın əsasını qoyur. Beynəlxalq yarışlarda nümayiş etdirdiyi qətiyyətli, ədalətli hakimliyi onun Seul Olimpiadasına yolunu açır. Bu, Azərbaycan güləşi tarixində ilk belə hal idi.

Məkan Zalov növbəti 4 il ərzində də öz peşəsinin öhdəsindən ləyaqətlə gəlir və onun hakimlik karyerasının növbəti uğurlu dayanacağı 1992-ci ildə Barselonada keçirilən 25-ci Yay Olimpiya Oyunları olur.

1988-ci ildən başlanan uğurlu yolda yeganə fasilə 1996-cı il Atlanta Olimpiadasına təsadüf edir – Azərbaycanın müstəqil ölkə olaraq iştirak etdiyi ilk Yay Olimpiya Oyunları kimi tarixə düşən və sərbəst güləşçimiz Namiq Abdullayevin gümüş medal qazandığı bu mötəbər yarışda güləş hakimimiz olmayıb.

Sükutu 2000-ci il Sidney Olimpiya Oyunlarında Oqtay Hüseynov pozub. Tanınmış referimiz həmçinin 2004-cü ildə Afinada da öz idarəçiliyi ilə diqqət mərkəzində olub.

2008-ci ildən etibarən isə Olimpiya Oyunlarında Azərbaycan güləş hakimliyinin simasını Hicran Şərifov qoruyur. Tanınmış mütəxəssisimiz Pekin-2008, London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında hakimlik edən ədalət təmsilçiləri sırasında yer alıb. Yeri gəlmişkən, bu vaxta qədər heç bir hakimimiz 3 Olimpiya Oyunlarında iş başında olmayıb və bu baxımdan Hicran Şərifov Azərbaycan idmanı tarixində özünəməxsus rekorda imza atıb. Bundan başqa, London-2012 zamanı tanınmış referimiz yüksək peşəkarlığına görə “Qızıl fit” mükafatına da layiq görülüb. Azərbaycan idmanında digər növləri də nəzərə alsaq, bunadək yalnız futbol hakimimiz Tofiq Bəhramovun “Qızıl fit” mükafatını aldığının şahidi olarıq.

Bir neçə kəlmə də 2013-cü ilə kimi FİLA adlanan, daha sonra isə Dünya Güləş Birliyinə (DGB) çevrilən beynəlxalq qurumun hakim seçimi zamanı diqqət yetirdiyi kriteriyalar barədə. Məlum məsələdir ki, bir çox idman federasiyalarında olduğu kimi, bu növdə də zaman-zaman yarış qaydası və kateqoriya dəyişikliyi həyata keçirilir, təkmilləşmə prosesi aparılır. Məsələn, 2005-ci ilə qədər Olimpiya Oyunlarını idarə edən hakimlər “E” (ekstra-klass) kateqoriyalı referi adlandırılırdı. Amma 2005-ci ildə FİLA “E” kateqoriyasını ləğv edərək həmin kateqoriyanın hakimlərini 1-ci kateqoriyaya keçirdi. Həmin il imtahan verərək bu kateqoriyaya düşən referimiz Hicran Şərifovun Olimpiya Oyunlarına yolu məhz buradan başladı. 2008-2014-cü illər aralığında Elit hakimlər üçün “Olimpiya kateqoriyalı hakim” dərəcəsi müəyyənləşdirildi. 2015-ci ildə isə yeni ad qüvvəyə mindi – 1S (super)

Hazırda Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, 5 hakimlik kateqoriyası mövcuddur: milli dərəcə, 3-cü dərəcə, 2-ci dərəcə, 1-ci dərəcə və az öncə haqqında söhbət açdığımız ən ali kateqoriya – 1S. Olimpiya Oyunlarında da məhz sonuncular ədaləti təmsil edirlər. Seçim prosesinə gəlincə, Olimpiya Oyunlarından əvvəl təşkil edilən son dünya və qitələr üzrə çempionatlarda özünü ən yaxşı tərəfdən göstərən, səhvə yol verməyən və ən əsası reputasiyası təmiz olan 36 hakim 4 illiyin zirvə yarışında iştirak etmək hüququ qazanır. Yeri gılmişkən, bu zaman hakimlərin təmsil etdikləri ölkələrin coğrafiyasının mümkün qədər geniş olması da diqqət mərkəzində olan məqamlardandır. Onlara isə ümumi sayları 14-ə bərabər olan instruktor və supervayzerlər qoşulur. Məhz bu 50 nəfər Olimpiya Oyunları zamanı 3 xalça üzərində keçirilən güləş yarışlarında söz sahibi olurlar.

İndiki halda 1S kateqoriyasının yaş həddi 25-60 aralığında dəyişir. 60 yaşı tamam olan 1S kateqoriyalı hakim instruktor və ya supervayzer seçimindən uğurla keçərsə, o zaman daha 5 il müddətinə karyerasını uzatmaq imkanı qazanır.

Hazırda Azərbaycanda 1S kateqoriyasına malik 2 hakim var – onlardan biri daha öncə haqqında söhbət açdığımız Hicran Şərifov, digəri isə son illər uğurla irəliyə addımlayan Asif Şirəliyevdir. 1-ci kateqoriyalı hakimlərimizə gəlincə, bunlar Qərib Əliyev, İntiqam Alıyev, Sədi Quliyev və Natiq Hacıyevdir. Adları çəkilən bütün referilərimiz bütün yaş kateqoriyaları üzrə dünya və qitə çempionatlarında uğurlu hakimlik karyerasına malikdirlər.

Azərbaycanlı hakimlərin dünya elitasında yer alması, gənc perspektivli referilərimizin üzə çıxması son illər ərzində Azərbaycan Güləş Federasiyasının bu sahəyə olan diqqətinin artması ilə əlaqədardır. Məsələ burasındadır ki, ədalət təmsilçilərimizin peşəkarlığının artırılması üçün federasiya tərəfindən silsilə tədbirlər həyata keçirilir. Buraya Dünya Güləş Birliyinin instruktorlarının hakimlərimizə seminar keçməsi üçün Bakıya dəvət edilməsi, hakimlik imtahanlarında iştiraka şərait yaradılması, beynəlxalq yarışlara ezamiyyətdən tutmuş, daxili yarışlarımıza Elit kateqoriyaya aid olan əcnəbi ədalət təmsilçilərinin dəvət edilməsi və təcrübə mübadiləsinə qədər hər şey daxildir.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

Növbəti yazıda:

 

-         “Əminəm ki, öz sözümü Tokioda deyəcəm”

-         “Bu hələ ki, karyeramın ən unudulmaz görüşüdür”

-         “Hakim olmaq istəyirsənsə, ...”

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right