“Məncə elə məhz İslam Rio-2016-da iştirak etməliydi” - Elçin Cəfərov Layihə

Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərovun newsport.az saytına müsahibəsi:

- Güləşçilərimizin çıxışını ümumilikdə necə dəyərləndirirsiniz?
- Federasiya rəhbərliyi nəticələrdən tam razı qalmayıb. Çünki bir neçə güləşçimiz finalda uduzdu. Biri 3 saniyə qalmış qələbəni əldən verdi, biri hesabda öndə olduğu görüşdə üstünlüyünü sonadək qoruya bilmədi. Toğrul Əsgərov isə finalda böyük hesabla məğlub oldu. Federasiya rəhbərliyi komandalarımızdan qızıl medal gözləməkdə tam haqlıydı. Çünki il boyu təlim-məşq toplanışları üçün bütün şərait yaradılmışdı. Dünyanın aparıcı ölkələrinin komandaları bura dəvət olunmuş, onlarla birgə hazırlıq keçilmişdi. Bu diqqət və qayğının nəticəsində gözləntilərin böyük olması da tam təbii idi. 6 sərbəst güləşçidən 5-i, 3 qadın güləşçidən 2-si, 5 yunan-Roma güləşçisindən 2-si medal qazandı. Bu, bilirsiniz nəyə bənzəyir? Sanki gümüş və bürünc medallar üzükdür, qızıl isə bu üzüyün qaşıdır. Bizim üzük qaşsız oldu. Amma bu idmandır. Məğlubiyyət ən çox idmançılara və məşqçilərə mənfi təsir edir. Hesab edirəm ki, ümumilikdə nümayəndə heyətimizin qazandığı 18 medal çox yüksək nəticədir. Elə ölkələr oldu ki, medala həsrət qaldı. Bir bürünc medal üçün monqolustanlı məşqçilərin nə hoqqadan çıxdıqlarını gördünüz. 
- Rövşən Bayramova qələbə üçün nə çatmadı?
- Onda fiziki hazırlıq sarıdan heç vaxt problem olmayıb. Üç Olimpiadada sabit çıxış edib. Amma bəzən adamda gətirməyəndə gətirmir də. Rövşəndə də bu vəziyyətdir. O, adlı-sanlı, titullu güləşçilərimizdəndir. Olimpiada, Avropa və dünya çempionatlarında rəqibləri onunla hesablaşır. Bəlkə də çəkisalmada özünü pis hiss edib. Çünki uzun müddətdi ki, onu belə vəziyyətdə görməmişdim. Çox sönük mübarizə apardı. Məşqçilər korpusuyla birgə onun bu çıxışını müzakirə edəcəyik.


 

- Bayramov karyerasını davam etdirəcək?
- Bəzən idmançılar uğursuzluqdan sonra əsəbləşərək karyerasını bitirməyi düşünür. Rövşənin istəməyi ilə deyil ki. İstibaşla qərar vermək olmaz. Bunun üçün bir qədər fikirləşmək lazımdır. Məğlubiyyətin ən böyük zərbəsi elə idmançıya dəyir. Hava limanında onu görsəm də, bu mövzuda hələ söhbətimiz olmayıb.
- Deyəsən, London Olimpiadasından sonra onu fikrindən siz daşındırmışdınız. Bu dəfə də onunla bu haqda söhbət edəcəksiniz?
- Hirsli başda ağıl olmaz. O zaman da finalda uduzduğu üçün güləşdən ayrılmaq istəyirdi. Çağırdıq, söhbət etdik və qərara gəldik ki, hələ güləşməlidir. Bu dəfə də belə edəcəyik. Sadəcə, zamana ehtiyac var. Bu yaxınlarda görüşüb məsləhətləşəcəyik.
- Rəsul Çunayevin yerinə 66 kq-da Həsən Əliyev Olimpiadaya yollansaydı, finala yüksələ bilərdi?
- Bilirsiniz, kimin yerinə kim getsəydi – bu, çıxış yolu deyi. Bunlar fərqli güləşçilərdir. Çunayev lisenziya turnirinin qalibi olmaqla Olimpiya Oyunlarına yollanmağı haqq etdi. Düzdür, hamımız Rəsuldan çempionluq gözləyirdik. Bəlkə də rusiyalı rəqibiylə görüşdə çox güc sərf etdiyindən yarımfinalda öz güləşini nümayiş etdirə bilmədi. Bürünc medalı da uğur saymaq olar. Hər halda, bu medal belə olmaya bilərdi. Bayaq da qeyd etdiyim kimi, camaat bürüncə görə soyunub meydana atılırdı. Amma yenə də fikirləşirəm ki, Rəsulun potensialı finalda güləşməyə imkan verirdi.


- Bir neçə il 71 kq-da güləşdi. Çəkisini 66 kq-a salmağın ona çətinlik yaratdığını düşünürsünüz?
- Çəkilsalma güləşin bir parçasıdır. O güləşçi ki çəki salmır, onda onu güləşçi saymaq olmaz. Hacı Əliyev Olimpiadaya qatılmaq üçün 10-12 kq çəki atdı və gedib Riodan bürünc medalla qayıtdı. Birinci qəhrəmanlıq bu qədər çəki salması, ikinci qəhrəmanlıq isə Olimpiya Oyunlarında medal qazanması oldu. Hacının hansı əzab-əziyyətlə çəki saldığını özü və həmin yanında olanlar bilir. Kənardan baxanlara çəkisalma asan görünür. Deyir, nə var e, 2 gün yemək yeməsin, çəki salsın. Bu, fiqura salmaq deyil ki. Burda hər bir detal nəzərə alınır. Amma mən Rəsulun çəkisalmaya görə zəif çıxış etdiyini düşünmürəm. Çünki Çunayev Hacı kimi böyük çəki salmadı. 4-5 kq çəki azaltmaq bir o qədər təsir etmir.
- Siz bir təcrübəli mütəxəssis kimi onun növbəti Olimpiadaya kimi 66 kq-da güləşməsini məsləhət görərdiniz, yoxsa yenidən 71 kq-a keçməsi münasib olar?
- Mənim fikrimcə, Tokio-2020-də hansı çəkidə iştirak etmək istəyirsə, indidən o çəkidə bərqərar olmalıdır. Olimpiadaya 6 ay, 1 il qalmış çəkini dəyişmək risklidir. Bu qərarı da idmançı özü verməlidir. Kateqoriyanı dəyişmək asandır. Əsas odur ki, düzgün və sənə uyğun çəkini seçəsən. Hansı kateqoriyada uğur qazanırsansa, o çəkidə qalmalısan.
- Çoxları belə düşünür ki, Olimpiadaya 85 kq-da Saman Təhmasibi yox, İslam Abbasov aparılmalıydı. Bu barədə sizin düşüncəniz necədir?
- Bu haqda hərə bir fikir deyir. Məncə elə məhz İslam Rio-2016-da iştirak etməliydi. Düzdür, kimlərsə əks arqumentlər irəli sürə, Samanın daha təcrübəli olduğunu deyə bilər. Mən baş məşqçi olsaydım, Rioda Abbasova şans verərdim.
- Cəmşid Xeyrabadinin xələfi kimi görürsünüz?
- Kim olur olsun, yaxşı məşqçi olsun. Yığmaya faydası dəysin. Bu səhvlərdən nəticə çıxarmaq lazımdır. Nəticə əldə olunmayan çəkilər ciddi şəkildə təhlil olunmalıdır. Biz də əlimizdən gələn köməyi edərik, məsləhətlərimizi verərik.

 


- Yenidən sizə etimad göstərilsə, bu məsuliyyətin altına girərsiniz.
- Bu suala indi cavab vermək çətin məsələdir. Belə baxanda mən heç kənarda da deyiləm. Elə həmişə komandanın yanında oluram, toplanışlarda məşqləri izləyirəm, məsləhətlərimi verirəm. Bizim işimiz budur da. Güləş aləmində baş verən proseslərdən kənarda qala bilmərəm. Nöqsanları görəndə deyirəm. 

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right