"İntizamlı oyunçular daha çox yadımda qalıb"

Geridə qalmaqda olan 2018-ci il FİFA referisi Elçin Səmədlinin hakim kimi karyerasını başa vurması ilə yadda qalıb. Newsport.az xəbər verir ki, Səmədli bununla bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına müsahibə verib.

 - Mövsümün sonunu gözləməməyiniz yaşla bağlıdı?

- Hakimliklə bağlı UEFA tərəfindən heç bir yaş limiti tətbiq olunmur. Ötən mövsümün sonunda qərarımı açıqladım. Təbii ki, AFFA Hakimlər Komitəsini və UEFA-nı əvvəlcədən məlumatlandırmışdım.

- Karyeranızda 1150-dən çox yerli, 150-yə yaxın beynəlxalq oyun idarə etmisiniz ki, onlardan 83-ü FİFA-nın və UEFA-nın rəsmi matçlarıdı. Hakim kimi ən yaddaqalan oyun hansı olub?

- Sadaladığınız rəqəmlər kiçik göstərici deyil. Təbii ki, karyeram ərzində yaddaqalan oyunlar çox olub. Hər bir matçın özəlliyi, özünəməxsusluğu var. Bu baxımdan konkret ad çəkmək, birini digərindən ayırmaq istəməzdim. İstər dünya, istər Avropa çempionatlarının, istərsə də yeni adı ilə Çempionlar Liqasının oyunları gərginliyi, eyni zamanda maraqlı olması ilə seçilib.

- Hakimlik etdiyiniz illərdə çılğınlığı ilə seçilən, hər qərara etiraz edən hansı futzalçını xatırlayırsız?

- Təbii ki, oyunlar zamanı intizamsız futzalçılar olub. Onları “futzal oyun qaydaları”nın müvafiq bəndləri əsasında cəzalandırırıq. Belə götürdükdə, intizamlı oyunçular daha çox yadımda qalıb.

- Siz Azərbaycan hakimliyi tarixində yeni çığır aça bilərdiniz. Elit kateqoriyaya yüksəlməyinizə nə mane oldu?

- Bu suala konkret cavab verə bilmərəm. Çünki qərarı mən yox, UEFA Hakimlər Komitəsinin müvafiq departamenti verir. Səbəbini onlar izah edə bilər.

- Bəs karyeranızın qürub çağında ikinci kateqoriyaya yüksəlməyiniz nə ilə bağlıydı?

- Ötən mövsümün sonunda UEFA və AFFA Hakimlər Komitəsini karyeramı başa vuracağımla bağlı məlumatlandırmışdım. Buna görə də, UEFA I kateqoriyada olan yeri karyerasını davam etdirən başqa referiyə verir. Geriləməyim bununla bağlı idi.

- Son illərdə komandalar hakimlikdən şikayətlənirlər. Hakimlərimizin əsas çatışmayan cəhətləri hansılardı?

- Hakimlərin idarəçiliyindən əvvəl komandalar oyuçuların və məşqçilərin səhvlərinə tənqidi yanaşsalar, işin daha çox xeyrinə olar. Hakimlər də öz növbələrində oyunlara daim hazır olmalı, idarə etdikləri qarşılaşmaları təhlil etməlidilər. İndi oyunlara hakim-inspektorlar təyinat almasa da, instruktorlar onların idarəçiliyini təhlil edir, səhvlərini göstərirlər.

- 15 illik hakimlik karyeranız sizə nələri qazandırdı?

- Həm daxili yarışlar, həm də xaricdə keçirilən oyunlar zamanı hakimlər müxtəlif insanlarla və mədəniyyətlərlə üzləşir, tanış olur. Nəticədə təcrübə toplayır, dünya görüşü artır.

- Siz Premyer Liqada oyunlar idarə etsəniz də 2007-ci ildə seçimi futzalın lehinə etmisiniz. Amma maddi və məşhurlaşmaq baxımından böyük futbol daha cəlbedici idi. Niyə futbolu yox, futzalı seçdiniz?

- Bu sualın cavabı futzalı anlamaq və onun incəliyinə bələd olmaqla bağlıdı. Futzal oynayan və bu idman oyununu anlayan biri üçün seçim etmək çətin deyil. Əksinə, çox asandı.

- İngilis dilində səlis danışırsınız. Bu, fəaliyyətinizi FİFA hakim-inspektoru kimi davam etdirməyinizə kömək edəcəkmi?

- Qərarı AFFA-nın təqdimatı əsasında UEFA-nın Hakimlər departamenti verəcək.

- Son idarə etdiyiniz “Neftçi” – EKOL matçından sonra sizi təbrik edənlər çox oldu, yoxsa karyeranızı bitirdiyinizə görə təəssüfləndiyini bildirənlər?

- İnanın, həm təbrik edənlərin, həm də təəssüf hisslərini bildirənlərin sayı kifayət qədər idi. Hər kəsə təşəkkür edirəm. Qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və  Yeni il münasibəti ilə hər birinizi təbrik edir, çətin və məsuliyyətli işinizdə uğurlar arzulayıram





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah