Qurban Qurbanov: "Frayburq"un futbolçusu deyib ki, 100 faiz penalti idi"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının ilk turunun "Frayburq"la matçından sonra mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, o, matçla bağlı danışdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb:

"İlk dəqiqələrdə qapımıza bu cür penalti təyin etmək futbolçularda həyəcan yaratdı. Amma get-gedə oyunu ələ almağa çalışdıq. Çox düzgün müdaxilələr etdik oyuna. İlk oyunda çox yaxşı təsir bağışladıq. Baxmayaraq ki, Bundesliqanın liderinə qarşı oynayırdıq. Futbolçularımda oyundan-oyuna inam çoxalır. Qarşıdakı oyuna hazırlaşacağıq. İrəliləmək üçün nə qədər imkan varsa, bundan maksimum istifadə edəcəyik. Gözəl futbol atmosferi var idi. Rəqibi və baş məşqçini təbrik edirəm".

- Qapımıza penalti təyin edildi. Amma son dəqiqələrdə Abdulla Zubirə qarşı kobudluq olsa da, baş hakim VAR-a belə, baxmadı. Sizcə, nəyə görə belədi?
- İndidən sonra deyiləcək bir şey yoxdu. Nə qədər danışsaq da, faydası olmayacaq. Bu cür komandalara qarşı oyunda qapımıza ikinci dəqiqədə belə penalti verilirsə, bu, bizim üçün heç də xoş hal deyil. Zubirin epizoduna gəldikdə, təkrarına baxmamışam. Amma onların futbolçusu epizoddan sonra bizim futbolçulara deyib ki, 100 faiz penalti idi. Özü etiraf edib. Epizodu görməmişəm, gedən prosses belə idi. Belə böyük komandalara qarşı oyunda, kiçik epizod bizim kimi komandalara təsir edir. İlk dəqiqədə qapımıza penalti təyin edildi, daha sonra penaltimizin verilməməsi...İnanırıq ki, qarşıda daha diqqətli olarlar. Bu, bizi ruhdan salmayacaq. Gələcək üçün planlarımız var. Ki, futbolçularımız böyüsün, təcrübəsi artsın. Onu belə oyunlarda hiss etməliyik, riskə getməliyik. 4-5 qol buraxa bilərik, amma rəqibdən çəkinməmək ruhunu futbolumuza, futbolçularımıza qaytarmalıyıq. Hakimin qərarına qayıtdıqda, buna müdaxilə edə bilmərik.

- Toral Bayramovun 90 dəqiqə meydanda qalmasının səbəbi nə idi? Faydalı iş əmsalı aşağı oldu...
- Faydalı iş əmsalının aşağı olduğunu deyə bilmərəm. Penalti epizoduna gəldikdə, futbolçunu bu cür epizodlara görə qınayacaq bir şey yoxdu. Futboldu, mübarizədi. Toral rəqibi mübarizədə udursa, penalti olsa belə, buna sevinirəm. Yaşı artdıqca daha təcrübəli olar. Penalti epizoduna baxmaq lazımdı. Əlimizə yanımıza qoyub mübarizə etmək..Belə mübarizə olmur. Görmədiyiniz, bilmədiyiniz elementlər var ki, onları yerinə yetirirdi Toral. Bir epizoda görə futbolçunu qınamaq olmaz. Sürətli komandaya qarşı oynayırdıq. Futbolçular harada, necə böyüməlidilər? Futbolçunu 45 dəqiqə meydanda saxlayıb, sonradan dəyişsəm, ona inamsızlıq gələ bilər. Mən sizinlə razılaşmayacam. Toralın üstün cəhətləri var idi. Özü də Şahruddin Məhəmmədəliyevə top dəyməmişdi, amma hakimlər küncdən zərbə verdi. Məhz ondan sonra penalti təyin edildi.

- Görüşün əvvəlində və sonunda "Frayburq"un baş məşqçisi ilə nə danışdınız? 
- Görüşün əvvəlindəki görüşümüz tərcüməçi vasitəsilə idi. Ona görə onu daha dəqiq sizə deyəcəm. Tam başa düşdüm. Oyundan sonra isə ingiliscə başa düşdüyüm qədərilə dedi ki, Bakıda görüşərik, paytaxtınıza gəlmək mənim üçün maraqlı olacaq. Əlavə bir neçə cümlə dedi, onları başa düşmədim. Matçdan əvvəl isə bizim komandaya oynamağın xoş olduğunu bildirdi. Əlavə elədi ki, yaxşı komandanız var və yaxşı oynayırsınız. Mən də bildirdim ki, bu klubda böyük işlər görmüsüz, uğurlar arzulayıram.

- Oyuna müdaxilələri sanki gec etdiniz. Bu tipli oyunlar üçün "Qarabağ"ın heyətində çox keyfiyyətli oyunçu qıtlığı hiss olunur?  
-  Düşüncələrimiz daim fərqli ola bilər. Ola bilər ki, həmin dəqiqələrdə müdaxilə etmək lazım olduğunu hiss etdik. Bu ücr komandalarla müqayisə aparsaq, bəli, onlar qədər heyətimizi gücləndirə bilmərik. Çünki onların imkanları bizimkindən 10 dəfə çoxdu. Bizim üçün komandada eyni səviyyədə 20 futbolçu saxlamaq heç də asan deyil. Əksinə, bəzi futbolçularımızı o səviyyəyə gətirib çıxarmalyııq. 4-5 futbolçumuz var ki, aşağı liqa klublarından götürmüşük. Amma bu gün yaxşı səviyyəyə gəliblər. "Frayburq" kimi komandalarla gücümüzü bir etmək olmaz. Futbolumuza, futbolumuzdakı inkişafa, hər şeyə real baxmalıyıq. Bacardığımız qədər çalışırıq ki, səhv etməyək. Amma komandamızın da oyununu itirmək niyyətində deyilik. Mən də istəyərm ki, gələcəkdə imkanlarımız bundan 10 dəfə artıq olsun. Bütün klublarımızın da həmçinin. Ümumi səviyyə daha yuxarı qalxsın. O zaman biz belə oyunlarda daha rahat, daha inamlı iştirak edə bilərik. Ancaq indi əlimdə olan futbolçuların göstərdiyi oyundan tam razıyam.

- Əksər statistik göstəricilərdə rəqibi qabaqlamısınız. Özünüz Bundesliqanın liderinə qarşı bu cür oyun gözləyirdiniz?
- Statistika futbolda mühüm elementdi. Futbolçuya inam verir. Daha da cəsarətli edir. Mən özüm də statistikaya çox önəm verirəm. Bu gün biz bunu bacarıırıqsa, keyfiyyəti yaxşılaşdırıb, qarşıda daha yaxşı nəticələr əldə edə bilərik. Belə oyun, statistika gözləyirdiniz sualına gəlincə, buna heç vaxt yox deyə bilməyəcəm. Çünki yox dediyimdə, özüm inamsız olmuş olaram. Futbolçularıma hər zaman inam verməyə çalışıram. Rəqibi daha üstün sayırdım. Xüsusilə də səfərdə oynayırdıq deyə, "Frayburq"un bizdən iki baş üstün oyun göstərib, yaxşı futbol oynayacağını düşünürdüm. İlk dəqiqələrdə bunu bir az hiss etdik. Amma rəqib nə qədər güclü olsa da, böyük inamla yanaşıram və böyümək üçün bunu etməyə məcburuq. Daha çox əziyyət çəkdik. Bunu bacarırıqsa, demək daha da yaxşısını edə bilərik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right