"Mənə böyük futbolda oynamaq daha rahatdır" - Bəxtiyar Soltanov

Mini-futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Bəxtiyar Soltanov Slovakiyanın Koşitse şəhərində keçiriləcək Avropa çempionatı öncəsi Bakıdakı son məşq zamanı jurnalistlərə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı oyunçu yığmanın hazırlığı və qitə çempionatı ilə bağlı bunları deyib:  "Komanda iki aydan çoxdur ki, Avropa çempionatına hazırlaşır. Hər şey yaxşı gedir. Komanda turnirə hazırdır. İkinci dəfə Avropa çempionatında iştirak edəcəyik. Öncə qrupdan çıxmağa çalışacaq, daha sonra isə növbəti mərhələləri fikirləşəcəyik. 

Qrupda ən çətin rəqib Rumıniyadır. Səhv etmirəmsə, altıqat Avropa çempionlarıdır. İspaniyanı yox, daha çox Rumıniyanı düşünürük. Düzdür, çətin qrupa düşmüşük, amma növbəti mərhələyə adlamağa çalışacağıq. Rəhbərlik də qarşımıza bu vəzifəni qoyub. Əsad hədəf budur. Bilirsiniz ki, əvvəlki Avropa çempionatında qrupda qalmışdıq.

İlk dəfə mini-futbol yığmasının heyətində Avropa çempionatına qatılacağam. Bu üzdən yarışın səviyyəsi, rəqiblərlə bağlı tam məlumatım yoxdur. Qrupdakı rəqibləri internet vasitəsilə analiz edirik. İnanıram ki, yüksək yerlər uğrunda oynaya bilərik. İlboyu məşq edirik. İnanmıram ki, komandada yorğunluq olsun.

Mənim üçün böyük futbol daha rahatdır. Kiçik meydançada oynamaq asan deyil. Temp yuxarı olur, tez-tez dəyişiklər edirsən. Buna öyrəşməyə çalışıram. Mini-futbolda da hücumda oynayıram. Miillidə yüksək nəticə üçün potensial görürəm. İnanıram ki, nəticələr baxımından çimərlik yığmamızı da geridə qoya bilərik".

Qeyd edək ki, Slovakiyanın Koşitse şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsi iyunun 4-də start götürəcək. Azərbaycan yığması İspaniya, Rumıniya və Albaniya seçmələri ilə birlikdə B qrupunda çıxış edəcək. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv ilk oyununu iyunun 4-də Rumıniyaya qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right