“Qarabağ” üçün darıxdığım anlar olur”

Polşanın “Legiya” klubunun heyətində bütün turnirlərdə qol hesabını açan Mahir Emrelinin müsahibəsi

“Avropalılar kimi konkret robotlaşmış insanlar deyillər”

- Artıq 4 aydan çoxdu Azərbaycandan kənarda, Polşada yaşayırsan. Bu ölkələr arasında hansı fərqlər var?
- Fərqli mentallıq və yanaşmaları olan ölkələrdi. Futbol, azarkeşlik başqadı. Müqayisə etmək, hansınınsa üstün olduğunu demək istəmirəm. Sadəcə, onu söyləyə bilərəm ki, tam fərqli ölkələrdi. Bir-birinə oxşarlıqları çox deyil. Bizim kimi emosional insanlardı. Bəlkə bu bənzərlik olsun. Yəni avropalılar kimi konkret robotlaşmış insanlar deyillər. Azərbaycanlılar kimi emosionaldılar.

- Səni Polşada çox sevirlər. “Legiya”nın sosial şəbəkə hesablarının hamısında Mahir Emreli ilə bağlı fotolar, posterlər paylaşırlar. Bunun səbəbi nədi?
- Deməzdim ki, şəkillərimi çox paylaşırlar. Düzdü, mənə aid postlara yer verirlər. Qol vuranda, məşqlərdə şəkillərimizi izləyicilərlə bölüşürlər. Hər futbolçu üçün edirlər bunu. Burda hamı ilə münasibətim çox yaxşıdı. Hər kəs mənə çox isti yanaşır. Rəhbərlik, baş məşqçi, oyunçular ilə əlaqələrim çox yaxşıdı. Klubda çalışanlar, adi siravi işçilərlə mehriban davranıram. Amma suala konkret cavab verə bilmərəm. O səhifəni mən idarə etmirəm. Şəkillərimi paylaşırlar, diqqət göstərirlər, sağ olsunlar. Mən də əlimdən gələni etməyə çalışıram ki, bu diqqətə layiq olum.

- Mətbuat konfranslarının birində səsləndirdiyin fikir Azərbaycanda narahatlıq doğurdu. Qeyd etmişdin ki, Azərbaycan futbolunda bəzi şeyləri mənə öyrətməyiblər. Həmin fikirləri yenidən səsləndirib, məsələyə tam aydınlıq gətirə bilərsən?
- Belə olmayıb. Daha doğrusu, tərcümə ilə bağlı səhv olub. Biz baş məşqçi ilə tez-tez müzakirələr edirik. Mən “Legiya”da, ümumiyyətlə, Polşada uşaq futboluna diqqəti görürəm. Onlara yaradılan şəraitə şahidlik edirəm. Bundan sonra deyirəm ki, həmin uşaqlar bir çox şeyləri müəyyən yaşda, yəni doğru vaxtda öyrənirlər. Amma bizdə əfsuslar olsun ki, belə deyil. Yəni deməmişəm ki, uşaq vaxtı mənə heç nə öyrətməyiblər. Bəli, mənim üzərimdə əziyyəti olan insanlar olub. Bunu heç vaxt unutmuram. İstər Nurəddin müəllim, istər Kamen Vasilyev, istərsə də Adnan hoca olsun. Bu insanlar həqiqətən işinin ən yaxşıları olublar. Bu səbəbdən də adlarını çəkirəm. Onlar məni çəkib qırağa məşq etdiriblər. Amma mənə böyük futbolu, burda necə oynamağın lazım olduğunu “Qarabağ”da Qurban Qurbanov öyrədib. Bəli, düşünürəm ki, bəzi şeyləri daha tez öyrənməliydim. Amma təəssüf ki, gec öyrənmişəm. Hətta deyərdim ki, çox şeyi “Qarabağ”da, Qurban Qurbanovun rəhbərliyi altında öyrəndim. Əlbəttə, burda Elçin müəllimin də, Rəşad Sadıqovun da əməyi danılmazdı. Bu insanların adlarını ona görə çəkirəm ki, onların üzərimdə əməyi çoxdu. Bunu heç vaxt unutmaram. Orda başqa fikirlər də səslənmişdi. Amma indi o barədə nəsə demək istəmirəm.

“Özüm də fərqindəyəm ki, yığmada oyunum alınmır”

- Ölkəmizdə insanlar ən çox Mahir Emreliyə aid olan xəbərləri oxuyurlar. Bunun səbəbi nədi?
- Sağ olsunlar, insanlarımız maraqlanır, dəstək olur, qol, yaxşı oyun gözləyirlər. Necə ki, burda çalışıram öz oyunumla “Legiya” azarkeşlərini sevindirim, bunu eynilə öz həmvətənlərim üçün edirəm. Bunu bir basqı olaraq qəbul etmirəm. Düşünmürəm ki, daha çoxuna ümid edirlər. Çünki belə basqı insanın üzərində olanda daha çətin olur. Çalışıram ki, bu fikrə qapılmayım. Doğruları etməyə cəhd edirəm. Düzgün olanı etməyə, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə, komanda yoldaşlarıma kömək olmağa çalışıram. Bundan sonra necə olacaq, deyə bilmərəm. Amma hər şeyin ən yaxşı və doğru olmasına çalışacam.

- Polşadakı çıxışın xalqda sənə qarşı xüsusi sevgi yaradıb. Siyasətçilər, aktyorlar - hamı səninlə maraqlanır. Bunu hiss edirsən?
- Bəli, həqiqətən hiss edirəm. Buna görə də hamıya təşəkkür edirəm.

- Bir çoxları deyir ki, millidə oyunun "Legiya"dakı kimi alınmır. Bunun səbəbi nədi?
- Bunu heç nə ilə bağlamaq istəmirəm. Çünki milli və “Legiya” fərqli səviyyələrdi. Oyun tərzləri fərqli olan komandalardı. Düzdü, taktiki sxemləri eyni ola bilər, amma “Legiya”da oyun üslübü tam başqadı. Özüm də fərqindəyəm ki, yığmada oyunum alınmır. Həm çoxdandı qol vura bilmirəm, həm də istədiyim şəkildə oyun da keçirməmişəm. Bu barədə özüm də çox düşünürəm. Çalışıram ki, əlimdən gələni edim. Nə qədər alındığını deyə bilmərəm. Amma bəzi fikirlər səslənir. Buna aydınlıq gətirmək istəyirəm. Guya ki, yığmadakı oyunlarda özümü qoruyuram. “Legiya”da oynamağa daha çox üstünlük verirəm. Bu fikirlərlə heç cür razılaşmıram. Milli komanda qürur yerimizdi. Hər bir futbolçunun arzusudu burda oynamaq. O formanı geymək, daşımaq şərəfdi. Çalışırıq ki, əlimizdən gələni edək. Yenə deyirəm, nə dərəcədə alınıb-alınmadığını dəqiq söyləyə bilmərəm. Amma çalışırıq ki, həmişə inkişaf edək, dayanmayaq.

“Bombardirlik haqda düşünmürəm”

- Açıqlamalarından demisən ki, top-klublarda çıxış etmək istəyirsən. Konkret hədəfin hansı klubdu?
- Bəli, istəyim var. Bu, hər bir futbolçunun arzusudu. Hər kəs uşaqlıqdan böyük klublarda oynamaq istəyir. Konkret deyə bilmərəm ki, buna nail olacam. Amma belə bir istəyim var. Çalışacam ki, buna nail olum. Öz üzərimdə çox işləyib, hədəfimə çatmağı planlaşdırıram. Hazırda “Legiya”da çıxış edirəm. Gələcək barədə çox düşünmürəm. Burdakı işimə diqqətimi yönəltmişəm. Çalışıram ki, doğru nədisə, onu edim. Bu komanda üçün meydanda can qoyuram, əlimdən gələni edirəm. Konkret hədəfimin hansı klub olduğunu deyə bilmərəm. Amma mən uşaqlıqdan “Qalatasaray” azarkeşi olmuşam. Düzdü, superliqa top-çempionat deyil, amma “Qalatasaray” böyük klubdu. Konkret hansı kluba keçməyi özümə hədəf seçməmişəm. Sadəcə, uşaqlıqdan simpatiya bəslədiyim klub “Qalatasaray”dı.

- Azərbaycan premyer-liqasında həmişə ən çox qol vuranlar siyahısında olmusan. Polşa çempionatında bombardirlik uğrunda mübarizə apara biləcəksən?
- Yenə deyirəm, Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ”da oynayanda məndən heç vaxt bombardir olmağı tələb etməyib. Yəni bu fikri beynimə yeritməyib. Önəmli olan komandanın uğur qazanması, çempion olmasıdı. Bombardir də ola bilsəm, daha yaxşı olar. Amma bu barədə çox düşünmürəm. Çalışıram ki, oyunlarda komandama xeyir verim. Bundan sonrasına baxacağıq ki, necə olur. Yenə deyirəm, ancaq bombardirlik haqda düşünmürəm. Komandamın uğur qazanması daha vacibdi.

- Uzun illər "Qarabağ"da çıxış etmisən. Ağdam klubundakı komanda yoldaşlarından hansı Polşada çıxış edə bilər?
- Burda onları ayırmaq istəməzdim. Mənim dövrümdə komanda yoldaşım olan hər kəsin böyük potensialı var. Onlar “Legiya”da çıxış edə bilərlər. Hamısı Polşa çempionatında yaxşı oyun sərgiləyərlər.

- “Qarabağ” Konfrans Liqasının qrup mərhələsində mübarizə aparır. “Bazel”lə ev oyununu izlədin?
- Bəli, izlədim. “Qarabağ” həmişəki kimi meydanda üstün tərəf idi. Heyf ki, qələbə qazana bilmədilər. İnşallah, ümid edirəm ki, “Qarabağ” bu qrupdan lider olaraq çıxacaq.

“Darıxdığımı deyə bilmərəm”

- Polşaya gələndən bəri Qurban Qurbanovla əlaqə saxlamısan? Sənə hansısa məsləhətlər verib?
- Qurban müəllimlə hər oyundan sonra əlaqə saxlayırıq. “Legiya” qələbə qazananda, mən qol vuranda, “Qarabağ” qalib gələndə, onlar Konfrans Liqasının qrupuna vəsiqə qazananda əlaqə saxlamışdıq. Uğurlarıma görə məni təbrik edir, məsləhət verir. Həmişə deyir ki, dayanmayım. Qollarımın davamının gəlməli olduğunu bildirir. Yaxşı oyunumu davam etdirməli, ancaq bu barədə düşünməli olduğumu qeyd edir. O deyir ki, bu gün fikrim futboldusa, sabah da ancaq bu olmalıdı. Mənə bu yöndə məsləhətlər verir. Həmişə də onun dəstəyini hiss edirəm. Bunu sırf “Legiya”dayam deyə demirəm. Bilirəm ki, bundan daha yaxşı yerlərə belə getsəm, arzuladığım top-klublarda çıxış etsəm də, həmişə Qurban Qurbanovun məsləhətinə və dəstəyinə ehtiyac duyacam. Əminəm ki, o da mənə həmişə kömək olacaq. Bir daha deyirəm, buralara gəlməyimdə ən böyük pay sahibi məhz Qurban Qurbanovdu.

- İngilis dilində danışa bilirsən. Bəs Polşa dilini öyrənməyə başlamısan?
- Polyak dili mənə rahat gəlir. Rusca da danışa bilirəm. Bu iki dil yaxın olduğuna görə asandı mənim üçün. Düzdü, fərqli sözlər var. Təmiz danışa bilməsəm də, kimsə danışanda anlayıram. Söhbətin nədən getdiyini tuta bilirəm. Özüm hələ ki tam hakim deyiləm bu dilə. Hədəflərimdən biri də budu ki, qısa müddətdə polyak dilini təmiz öyrənib mənimsəyim.

- Polşalı jurnalistlərlə azərbaycanlı media mənsubları arasında fərq var? Ümumiyyətlə, bunu hiss etmisən?
- Azərbaycanlı yaxşı jurnalistlərdən iraq. Ən azı sifarişlə yazı yazanlar yoxdu. Legionerlər barədə nələrinsə yazıldığını, boş-boş mövzulara toxunulduğunu görməmişəm. Həmişə baş verən situasiyalardan bəhs ediblər. Tənqidi tənqid, tərifi də tərif kimi ediblər. Qeyri-adi, fərqli heç nə yoxdu. Sadəcə, yenə deyirəm, yaxşı azərbaycanlı jurnalistlərdən iraq. Burda futbolu daha yaxşı başa düşüb, dərk edirlər.

- Polşada günlərin necə keçir?
- Varşava çox böyük şəhərdi. Bacım indi yanımdadı. Boş vaxtım olanda birgə şəhərə çıxırıq, harasa gedirik, yemək yeyirik. Ancaq məşqlərim olan gün fərqli olur. Burda evimin yanında onsuz da çox restoran var. Tək olanda düşüb orda nəsə yeyirəm. Amma əsasən məşqə gedib, sonra gəlib, evdə vaxtımı keçirirəm. Vaxt olanda komanda yoldaşlarımla harasa çıxırıq. Sadəcə, burda yollar uzundu, tıxaclar çox olur. Ona görə də heç çox vaxt halım da olmur çölə çıxım. Bu səbəbdən də çalışıram ki, məşqdən çıxıb, evə gəlim. Məşqlərimiz səhər olur. Gərək saat 8-də oyanım. Hardasa 45 dəqiqəlik məsafə qət edirəm ki, bazaya çatım. Saat 11-də isə məşq başlayır. Səhər yeməyi, həkim, fizioterapevt müayinəsi və sair vaxt alır. Günüm ancaq belə keçir.

- Azərbaycan üçün darıxmırsan?
- Darıxdığımı deyə bilmərəm. Niyə yalan deyim?! Olur, amma hərdən. Anam üçün darıxıram. “Qarabağ” üçün darıxdığım anlar olur. Komanda yoldaşlarım, baş məşqçimiz Qurban Qurbanov üçün darıxıram. Amma bu işi özümüz seçmişik və bunun nəticələrini gözə almışıq ki, belə həyat yaşayırıq.

futbol+





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right