"Kiminsə tütəyi ilə oynayan deyiləm" - Rafiq Mirzəyev AFFA-nı tənqid etdi

Azərbaycanın U-17 millisinin və AZAL-ın keçmiş baş məşqçisi Radiq Mirzəyev Sportal.az-a açıqlama verib.

Newsport.az-ın məlumatına görəo, ölkə futbolunun indiki durumu barədə danışıb:

"Futbolumuzun indiki vəziyyəti çox pisdir. Premyer Liqa və divizionda yerli uşaqlar oynamalıdır. Əcnəbilərin bura gəlişini məhdudlaşdırmaq lazımdır, onsuz da xeyri yoxdur. Hər komandada yerlilərdən iki dəfə güclü 3 nəfər xarici futbolçu olmalıdır. Futbolçu 21-24 yaş aralığında inkişaf edir, ancaq bizdə buna limit tətbiq edib, oynamaqlarına imkan vermirlər. Deyirlər futbolu atın. Onlar da futbolu atırlar, buna necə baxmaq olar? Əvvəlki dövrlərdə yaşa baxmırdırlar, bacarırsansa, şans verib meydana buraxırdılar".

İctimaiyyət veteranları susmaqda qınayır. Mirzəyevin cavabı belə olub:

"2017-ci ildə U-17 millisi mənə verilmişdi. Mən yığmadan niyə ayrıldım? Çünki rəhbərlik dediklərimi etmədi. Veteranlar deyirlər ki, birlik yoxdur. Əlbəttə ki olmayacaq. Hərə bir tərəfdə bir tikə çörəyini qazanır, deyir ki, əşşi, nə işimə lazımdır, başımı salım aşağı, pulumu qazanım. Onda mənə camaat deyirdi ki, sən dəlisən, niyə millidən çıxmısan? Dedim ki mən belə işləyə bilmərəm. Kiminsə tütəyi ilə oynayan deyiləm. Mən bunu qəbul etmirəm. Mənim kimi insanlar da var".

Mütəxəssis Azərbaycan futbolunun uçuruma getdiyini sözlərinə əlavə edib:

"Futbolumuz uçuruma gedir. Hamı hər şeyi yaxşı bilir. Qoy özləri fikirləşsin, başlarını işlətsinlər. Fikrimcə, Rövnəq Abdullayev çətin ki bundan sonra federasiya prezidenti qalsın. Elə adamı rəhbər qoymaq lazımdır ki, futbolu sevən və bilən olsun. Pulu hamı sevir, amma bunu kişi kimi qazanıb, xərcləmək lazımdır".

"Federasiyada əsas işləri Elxan Məmmədov görür. O, işinin öhdəsindən gələ bilirmi" sualına təcrübəli mütəxəssisin cavabı:

"Xeyr, o, bunu bacarmır. 2007-ci ildən federasiyaya rəhbərlik edir. O vaxt çempionatda 14-16 komanda mübarizə aparırdı. Premyer Liqa ilə yanaşı, aşağı dəstədə də rəqabət vardı. Azarkeşlər stadionlara gəlirdi, futbola maraq böyük idi. Artıq  neçə illərdir 8 komanda qalıb, ancaq eyni oyunlardır. Əgər milli komandaları fikirləşirlərsə, komandaların sayı artmalıdır. Futbolçu klubunda oynamayandan sonra yığmada çalışan baş məşqçi millidə necə nəticə verə bilər? 2012-ci ildə AZAL-dan çıxandan sonra "Elit məşq" layihəsində çalışdım. Orada çalışanda bütün bölgələri gəzmək imkanı olurdu. Bilirsiz ölkəmizdə nə qədər istedadlı uşaqlar var? Onları qalırlar kənarda, batıb gedirlər. Niyə axı bu uşaqların yerini əcnəbilər tutmalıdır? O vaxt Riçard Almeyda "Qarabağ"ın ən yaxşılarından idi. O, milliləşəndən sonra  yığmanı xilas etdi? Xeyr, mümkün deyil, çünki milli komanda tam başqa səviyyədir. 

Ölkə xaricində oynayan futbolçumuz da yoxdur. Bir ara Mahir Şükürov "Anji"də çıxış etdi. Qalanları da gedib, qısa vaxta qayıtdılar. Elə ona görə də futbolumuz pis gündədir. Heç çıxış yolu da axtarmılar. Belə limit olar? AFFA-da işləyənlər fikirləşməlidir ki, bu komandaların sayını artırmaq lazımdır. Onsuz da 6-7 komandaya federasiya baxır. Klublarda daha çox yerli uşaqlar oynamalıdır. 1-2 ilə bunun faydası olacaq. Tovuzda akademiya açılıb, bu, çox yaxşı addımdır. Orada bilirsiz nə qədər uşaqlar var? Oqtay Abdullayev də zəhmət çəkir. Baxarsız, bir neçə ilə Tovuzda yaxşı futbolçular yetişəcək. Bu akademiyaları bölgələrdə açmaq və  komandalarını da yüksək dəstəyə buraxmaq lazımdır ki, futbolçular üzə çıxsın. Yoxsa bu gedişlə futbolumuz daha da bərbad vəziyyətə düşəcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right