Aftandil Hacıyev: "Klub kimi peşəkarlaşmağa ehtiyacımız var"

Azərbaycan Premyer Liqasında I “Neftçi” – “Səbail” (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Uzun müddətdən sonra ölkəmizdə futbolun bərpa olunması hamımızı sevindirir. Hamının futbol üçün necə darıxdığını görmək çətin deyildi. Favorit “Neftçi” idi. Oyuna uyğunlaşmağımız çətin oldu. Amma fasilədən sonra futbolçularım daha aktiv idilər, bir neçə qol epizodu yaratdıq. Ancaq bütün bunlar kifayt etmədi. “Neftçi” qələbəyə layiq idi. Bəzi səbəblər yekun nəticənin belə olmasına gətirib çıxardı. Növbəti oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Heyəti gücləndirməliyik, çatışmazlıqlarımız var. Komandada gözləmədiyimiz oyunçu ayrılıqları baş verdi. Ancaq meydanda yaxşı mübarizə aparmağa çalışdıq. Tam hazır olmasaq da, asanlıqla məğlub olmadıq. Bundan sonra daha mübariz oynamağa çalışacağıq. “Neftçi”ni təbrik edirəm.

- Rauf Əliyevin ehtiyatda qalmasının səbəbi nə idi?
- Zədəsi var idi. Xroniki zədəsi baş qaldırmışdı. 1 həftəyə yaxın məşq etmədi. Hazırda da dizi tam sağalmayıb. Onu meydana buraxmaqla risk etdik. Ona da ehtiyacımız var idi. Ehtiyatda başqa hücumçumuz yox idi.

- Ruslanın buraxdığınız ikinci qolda səhvi, yoxsa vurduğunuz qolda payı daha çox idi?
- Tək onun səhvi deyildi. Hər iki qol diqqətsizlikdən oldu. Ancaq bu o demək deyil ki, “Neftçi” hücumda istədiyini edə bilmirdi. Fərdi keyfiyyətləri yüksək oyunçular var. Qol vurmağımızda da Ruslanın payı oldu. Növbəti matçlarda start heyətdə meydana çıxa bilər.

- Düşünmürsüz ki, “Neftçi” 2-ci qoldan sonra sizə oynamaq imkanı verdi?
- İkinci hissədə “Neftçi”nin dayandığını düşünmürəm. Bizim üçün qol epizodu yaratmaq çətin idi. Fasilədən sonra daha hücumameylli oynadıq. Florianın tam hazır olmaması da özünü göstərirdi. Lema da zədədən sonra start heyətdə idi. Çalışdıq ki, meydanda gənc və təcrübəlilərin qarışıq heyətini quraq.

- Ötən mövsüm komanda aşağı pillələrdə idi. Bu mövsüm üçün hədəfiniz nədi?
- Hədəf həmişə olmalıdı. Sadəcə olaraq mənim qarşıma konkret tələb qoyulmaya bilər. Hər bir məşqçinin, idmançının öz hədəfi olmalıdı. Meydana çıxırsansa, qalib gəlməyi düşünürsən. Biz də maksimum xal toplamaq, yüksək sıralarda qərarlaşmaq istəyirik. Ancaq reallıq da var. İnanıram ki, klubun vəziyyəti daha da yaxşılaşacaq və daha yüksək yerlər uğrunda mübarizə apara bilmərik. Bir mövsüm əvvəl Avropa Liqasına vəsiqə qazanmağımız artıq “Səbail”in hədəflərinin nə olduğundan xəbər verir. Bu, tək mənim yox, bütün kollektivin zəhmətidi. Klub kimi peşəkarlaşmağa ehtiyacımız var. Bu yöndə daha çox işləməliyik.

- Əvəzedici heyətin I Divizionda iştirakdan imtina etməsi gənclərin daha çox əsas komandada oynayacağı deməkdi?
- Əvəzedici komandaların azalması yaxşı hal deyil. Ancaq bəzən klular məcburiyyətdən belə addım atırlar. Bu gün “Qəbələ” kimi ölkəyə xeyli gənc futbolçu bəxş edən klubun əvəzedici komandasının olmaması bizi üzür. “Səbail”də də eyni səbəblərdi. Əsas komandadakı bəzi problemlərin vaxtında həll edilməməsi belə addımlara səbəb olur. Bəzən eşidirəm ki, “Səbail”in ümumiyyətlə Premyer Liqada iştirak etməməsi haqda fikirlər səslənir. Ancaq mən istərdim ki, klubların sayı daha da çoxalsın. Bunun üçün də maddi durum və infrastruktur yüksəlməlidi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right