Tacını özüylə məzara aparan kral Aleksandr Alyoxin

Dahi idmançılar çox olub. Onların karyerası hər zaman maraqlıdı. Ancaq heç də hamısının həyatı diqqət çəkmir. Şahmat üzrə 4-cü dünya çempionu istisnadı. Bütün dünya çempionlarının həsəd apardığı Alyoxini yaxından tanımağa dəyər.
 
Lənətə gəlmiş müharibə
 
1892-ci il noyabrın 1-də Moskvada anadan olan Saşa 7 yaşından şahmatla məşğul olmağa başlayıb. 1907-ci ildən rəsmi yarışlara qatılan Aleksandr ilk iki turnirdə sonuncu yeri tutsa da, ruhdan düşmür. Bir il sonra qatıldığı yarışın qalibi olur və beynəlxalq turnirlərdə mübarizəyə sart verir. Ancaq yenə başlanğıc uğursuzluqla nəticələnir və 1910-11-ci illərdə uğura həsrət qalır. Öz üzərində gecə-gündüz işləyərək görüşləri təhlil edir və çatışmazlıqları aradan qaldırır. Bundan sonra müxtəlif yarışlarda ardıcıl qələbələr qazanır. Alyoxin 1914-cü ildə dünya çempionluğu uğrunda qarşılaşmaya çıxmaq istəsə də, birinci dünya müharibəsinin başlanması onun planının üstündən xətt çəkir. Cəbhədə iki dəfə kontuziya alan Aleksandr inqilabdan sonra ölümlə üz-üzə qalır. Bolşeviklər son anda onu güllələmək fikrindən əl çəkirlər.
 
Tac yeni sahibini tapır
 
1922- ci ildə SSRİ-ni tərk edərək Qərbə doğru yönələn Alyoxin 1927-ci ilə qədər qatıldığı 22 turnirin 13-də qalib gəlir. Əla kombinasiyaları və geniş fantaziyası ilə başqa şahmatçılardan seçilən zəka sahibi artıq şahmat tacını qazanmağa namizəd sayılırdı. Ancaq bir problem var idi. “London protokolu”na əsasən dünya çempionluğu uğrunda oynamaq istəyən şahmatçı o dövr üçün çox böyük vəsait hesab olunan 10 min dollar ödəniş etməliydi. Alyoxin sponsor axtardığı vaxtda Argentina hökuməti bu məbləği qarşılayacağını bildirir və 1927-də tacın sahibi Xose Raul Kapablanka ilə Buenos-Ayresdə çempionluq uğrunda mübarizə baş tutur. Reqlamentə əsasən, 6 qarşılaşmada qələbə qazanan şahmatçı dünya çempionu olacaqdı. 2 ay ərzində 34 görüş keçirilir. 25 partiya heç-heçə başa çatır. Alyoxin 6 oyunu qələbəylə başa vuraraq cəmi 3 oyunda qalib gələn Kapablankanın titulunu əlindən alır. Təəssüf ki, kubalı şahmatçı 10 min dollar tapa bilmədiyi üçün tərəflər arasında heç vaxt revanş baş tutmur.
 
Gözlənilməz məğlubiyyət və revanş
 
Aleksandr dünya çempionluğunun təsadüfi olmadığını növbəti turnirlərdə əldə etdiyi silsilə qələbələrlə sübut edir. Xüsusən də Bled yarışında keçirdiyi 26 görüşün heç birində uduzmayaraq ən yaxın izləyicisini 5,5 xal qabaqlaması dövrünün ən güclü şahmatçısı olmasının göstəricisiydi. Lakin 1935-ci ildə dünya şahmatı şok yaşayır. Niderlandda şahmat tacı uğrunda baş tutan mübarizədə yerli Maks Eyve rus qrossmeysterə qalib gələrək 5-ci dünya çempionu ünvanına sahib çıxır. Reqlamentə əsasən 30 oyun keçirilir. Bunların 9-da Eyve 8-də isə Alyoxin qələbə qazanır. Qalan görüşlər heç-heçə başa çatır. Alyoxinin məğlubiyyətinə səbəb kimi xəstəliyi və içkiyə meyl salması göstərilir. Titulunu əldən verməsi Aleksandra çox pis təsir edir və o spirtli içki aludəçisinə çevrilir. Nəticədə bir neçə yarışda uğura həsrət qalır və bir çox dostları onu tərk edir. Ancaq 2-ci dünya çempionu Emanuel Lasker Alyoxinin yenidən tacı özünə qaytaracağına inanırdı. Onun proqnozu düz çıxır. Çempionluğu əldən verdikdən cəmi 2 il sonra Niderlandda Eyve ilə şahmat tacı uğrunda revanş baş tutur. Bu dəfə Aleksandr həmkarına heç bir şans tanımır: 10 qələbə, 4 məğlubiyyət və 11 heç-heçə.
 
Təsadüfi ölüm, yoxsa düşünülmüş qətl?
 
Alyoxin üçün növbəti ciddi rəqib vətənində üzə çıxır. Gənc Mixail Botvinnik tac uğrunda Alyoxinlə qarşılaşmaq istəsə də, ikinci dünya müharibəsinin başlanması Rusiya derbisinin reallaşmasına imkan vermir. 1943-cü ildə Portuqaliyaya köçən Alyoxin ömrünün sonunadək burda yaşayır. Müharibə vaxtı almanlarla əməkdaşlıqda ittiham olunan dünya çempionu “bunu yaxınlarımın xilası naminə etdim” deyərək özünə bəraət axtarır. Hətta buna görə daha öncə yaşadığı Fransada vətən xaini ittihamı ilə üzləşir.
 
1946-cı ildə SSRİ Botvinniklə təxirə salınan qarşılaşmanın keçirilməsi təşəbbüsünü irəli sürür. FİDE bu addımı dəstəkləyir. Ancaq ertəsi gün – martın 24-də Eştorilin “Park” otelində Alyoxinin şahmat taxtası arxasındakı kresloda meyiti aşkarlanır. Ekspertlər ölümün səbəbini udlaqda ilişmiş tikədən boğulma ilə izah edirlər. Bəzi iddialara görə, bu, SSRİ xüsusi xidmət orqanlarının törətdiyi qətl idi. Ancaq bu iddia sübuta yetirilmədiyi üçün dahi şahmatçının ölümünün dəqiq səbəbi hələ də bilinmir. Dəqiq olan odu ki, Alyoxin dünya çempionu kimi vəfat edən yeganə şahmatçıdı.
 
P.S. Alyoxin haqqında 1980-ci ildə SSRİ-də “Rusiyanın ağ qarı” adlı bədii film çəkilib.
 
Sərxan Musalı




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah