“Zirə”nin sabiq futbolçusu: “Burada vəziyyət yaxşı deyil”

”Buradakı vəziyyət digər ölkələrdə olduğu kimi yaxşı deyil. Artıq ölkədə komendant saatı elan edilib”.

Newsport.az xəbər verir ki, bu fikirləri “Repot”a açıqlamasında Avstraliyanın “Sentral Kost Mariners” klubunda çıxış edən “Zirə”nin sabiq futbolçusu Milan Duriç deyib.

33 yaşlı yarımmüdafiəçi koronavirusa görə bir sıra müəssisələrin bağlı olduğunu bildirib: “Aeroport, kinoteatr, restoranlar və demək olar ki, hər yer bağlıdır. Özümüzü qorumaq üçün digər insanlarla əlaqədə olmamağa çalışır və lazım olan bütün tədbirləri görürəm”.

Serbiyalı oyunçu ölkəsində ailəsi ilə əlaqə saxladığını və hər hansı tanışının koronavirusa yoluxmadığını söyləyib: “Hər gün ailəm və dostlarımla əlaqədəyəm. Mənim ölkəmdə də artıq komendant saatı tətbiq olundu. Hələ ki, heç bir tanışımda bu virus aşkarlanmayıb”.

Duriç Azərbaycanda da çempionatın dayandırılmasından xəbərdar olduğunu deyib: “Azərbaycan çempionatını daim izləyirəm. Ümid edirəm ki, bu virus qısa müddətdə bütün dünyada yox olacaq”.

Qeyd edək ki, Milan Duriç 2016 – 2018-ci illərdə “Zirə”nin formasını geyinib. O, paytaxt təmsilçisinin heyətində Avropa Liqasının I və II təsnifat mərhələsində oynayıb. Avstraliya çempionatı martın 24-də dayandırılıb.

Avstraliyada 3969 koronavirusa yoluxma, 16 ölüm qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right