"Bir milyonluq" hörmət

Avropa çempionatının seçmə mərhləsinə Slovakiyada yekun vuran Azərbaycan millisinin düşərgəsində ara qarışıb.

Newsport.az xəbər verir ki, görüşün gedişində yığmanın kapitanı Qara Qarayev milliləşdirilmiş futbolçu Eddi Silvestr Paskual İsrafilova xəbərdarlı edib. O, Eddiyə tək deyil, komanda şəklində oynamalı olduğunu bildirib. İsrafilov kapitanın sözünə əməl etmək əvəzinə, ona cavab qaytarıb və bu azmış kimi üzərinə gedib.

Yığmanın hücumçusu Ramil Şeydayev də Qaranın doğru dediyini bildirib və İsrafilova komanda şəklində oynamalı olduğunu söyləyib. Eddi Silvestr Ramilə də cavab qaytarıb və öz bildiyi kimi oynayacağını deyib.

Söhbət paltardəyişmə otağına qədər uzanıb. İsrafilov otaqda xoşagəlməz ifadələr işlədib. Onun sözlərinə dözməyən Qara Eddinin üzərinə gedib və bildirib ki, sən nə üçün belə danışırsan ki? Daha sonra İsrafliov formasını soyunub, yerə atıb. Milliləşdirilmiş anqolalı deyib ki, bu oyunu davam etdirməyəcəm.

Hadisələri kənardan izləyən, müdaxilə etməyən Nikola Yurçeviç isə İsrafilovdan xahiş edib, yalvarıb ki, oyuna davam eləsin. Eddi isə sözündən dönməyib və bu matça çıxmayacağını deyib. AFFA-nın baş katibi Elxan Məmmədov da paltardəyişmə otağına gəlib, lakin Eddinin fikrini dəyişdirmək mümkün olmayıb. Əlacsız qalan xorvatiyalı mütəxəssis Silvestrin əvəzinə meydana Elvin Camalovu buraxıb.

Bu da milyonlar verib yığmaya dəvət etdiyiniz İsrafilovun milli formaya qoyduğu hörmət! Günah heç onda deyil. Günah ona bu formanı ucuzlaşdırıb "geyindirən" şəxslərdədir.

Futbolçu yetişdirməkdə aciz olan insanlar uzun illərdir ki, əcnəbiləri yığmaya gətirir. Ancaq ortada da heç nə yoxdur. Çünki bu sistemlə uğur qazanmaq mümkün deyil.

Futbolçu yetişdirmək lazımdır, Eddi Silvestrə yığmada oynaması üçün 1 milyon dollar vermək yox. İsrafilova verilən həmin məbləğə hansısa bölgədə akademiya açıb, uşaqları futbola cəlb etmək mümkün olardı. Ancaq AFFA-dakı futbol məmurları belə düşünmür.

Faydasız əcnəbiləri milliləşdirməklə AFFA azərbaycanlı futbolçulara hörmətsizlik edir, vətən övladlarının haqqı yeyilir.

Azərbaycan futbolunu şəxsi biznesə çevirənlər futbolçu yetişdirə bilmir, dağıstanlı, türk, israilli, braziliyalı oyunçulara pasport paylayır. Bir qrup şəxs qollarını çırmalayıb, iş görmək əvəzinə dövlətin, xalqın pulunu tar-mar edir.

Hacı





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah