"Mən çox şadam ki, PFL-in işini Rövnəq Abdullayev bəyənir" - Ramin Musayev

Peşəkar Futbol Liqası (PFL) haçan dağılacaq? Ümumiyyətlə, niyə belə bir fikir formalaşıb? Bu və başqa suallarla bağlı qurumun prezidenti Ramin Musayev "FutbolPress"ə danışıb

Newsport.az saytı həmin müsahibəni təqdim edir:.  

- PFL-in dağılacağı haqda söz-söhbətlər səngimir. Sizcə, hardan qaynaqlanır bu məsələlər?
- Hardan qaynaqlanır? Gəl, bunu açıq deməyək, mənası yoxdu. Mən gördüyüm odur ki, obyektiv adamlar PFL-in dəyərini düzgün verir.

- Bəs bu qurumun  ləğvi niyə bu qədər müzakirə olunmalıdır, nə ehtiyac var buna?
- PFL tarix yazıb, bu qurumu heç kəs ləğv edə bilməz.

- Tarix yazan qurumu tarixdən silə bilməzlər - iddianız budur?
- Bəli. PFL 2008-ci ildə AFFA prezidenti Rövnəq Abdullayevin tövsiyəsi ilə yaradılıb. Yarandığı vaxtdan Azərbaycan futbolunda pozuntulara, əyər-əskik işlərə qarşı çıxıb. Məhz PFL-in doğru, məqsədyönlü fəaliyyəti nəticəsində hakimliyimiz Avropada uğur qazandı və hazırda Əliyar Ağayev I kateqoriyadadır. PFL-in sayəsində Azərbaycan çempionatında hakim narazılıqlarına qarşı sərt qərarlar verildi. Şikayətə səbəb olan bütün hakimlərin işini öz təcrübəmizə əsasən araşdırdıq, səhv aşkarlanan kimi sərt cəzalandırdıq. Məhz bunlardan sonra hakimlik lağlağı, sərt müzakirələrdən azad oldu. Son 2-3 ildə Azərbaycan hakimliyinin səhvlərindən minimum, uğurlarından isə maksimum yazılır. Bundan başqa, PFL-in sistemli işi nəticəsində Azərbaycan UEFA klub reytinqində ən yüksək yerlərə qalxdı, MDB ölkələri arasında ilk 4-lüyə düşdü. Bizim fəaliyyətimiz dağıtmaq yox, yaratmaq olub. Mən çox şadam ki, PFL-in işini Rövnəq Abdullayev bəyənir. Son açıqlamalarında da bunu vurğulayıb.

- Bu söhbətlər ən çox komitələrin birləşdirilməsi və əcnəbinin sədr təyin edilməsindən sonra sürətləndi. Ümumiyyətlə, bunlara ehtiyac var idimi?
- Azərbaycanın zəngin hakimlik ənənəsi olub. Futbolumuzdan da çox hakimlərimiz uğur qazanıb, tarixdə var bunlar. Bizim tutduğumuz yol göstərdi ki, doğru istiqamətdəyik. Hər halda, I kateqoriyaya layiq hakim yetişibsə, demək, iş düzgün qurulmuşdu. Komitələrin birləşmsi UEFA-nın üzvləri qarşısında qoyduğu bir tövsiyədir. Məcburi addım deyil, sadəcə, tövsiyədir. İndi lazım bilindi ki, komitələr birləşdirilsin və sədr - adını da bilmirəm (Fritz Stuxliki nəzərdə tutur - red.), əcnəbi olsun.

- Qarşıdan qış toplanışı gəlir. Hər ilin yanvarında Antalyada hakimlərin 2-3 həftəlik təlim-mşq toplanışı olurdu və bunu koordinasiya eləyən qurum PFL idi. Bu dəfə necə olacaq?
- Qarşıdakı toplanışın heç bir qərarı PFL-ə aid olmayacaq.

- Deməli, qurumunuz tamamilə bu prosesdən uzaqlaşdırılıb.
- Qətiyyən maraqlanmıram və qarışmıram. Nəyi necə edəcəklərsə, etsinlər.

- Belə görünür ki, ab-hava gərgindir. PFL-in prezidenti postuna növbəti seçki 2020-ci ildə olacaq. Əslində, həm çox vaxt qalıb, həm də az. Növbəti dəfə namizədliyinizi irəli sürəcəksiz?
- Xeyr.

- Niyə?
- Futboldan yorulmuşam. Ürəyimdə 5 stent var. Sağlamlığımın qeydinə qalmaq vaxtıdır.

- Bəs PFL...
- Təkrar edirəm, PFL öz fəaliyyəti ilə böyük bir tarix yazıb və bu tarixi silmək mümkün deyil. Bu qurumun yaradılmasına təşəbbüskar şəxs AFFA prezidenti Rövnəq Abdullayevdir və o, həmişə, hətta son çıxışlarında da bu qurumun işindən razılığını bidirib. PFL yaşayacaq, kim prezident seçilsə də, fəaliyyətdə olacaq.

- Növbəti seçkiyədək postunuzdan getmək fikriniz yoxdur ki?
- Xeyr, səlahiyyətlərimi sona qədər canla-başla yerinə yetirəcəm. Bura böyük bir kollektivin iş yeridir. Vəzifəni qoyub, aradan çıxmaq işi yarımçıq qoymaq olar - mən elə insan deyiləm.

- Namizədliyinizi verməyəcəyiniz aydın odu. Bu, yalnız PFL-dəki missiyanı bitirməkdir, yoxsa ümumiyyətlə futboldan uzaqlaşacaqsınız?
- Tamamilə uzaqlaşacam futboldan.

- Milli komanda haqda danışmaq istəyirsiniz?
- Xeyr.

- Təşəkkür edirəm, açıq fikirlərlə müsahibəni maraqlı etdiz.
- Sizə də uğurlar.


 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right