Milli qoxulu U-21

Rəşad Sadıqov hələ də futbolçu karyerasını davam etdirir. Müstəqillik dönəminin ən yaxşı futbolçuları sırasında göstərilən Sadıqov beynəlxalq karyerasını başa vursa da, hələ də ölkənin ən güclü klubu “Qarabağ”ın lazımlı fiquru hesab olunur. Futbolumuzun  xarakterlərindən hesab olunan Sadıqov bununla yanaşı, məşqçilik karyerasına da start verib. Sadıqov faktiki olaraq, ölkənin ikinci yığmasına cavabdehdir. Kapitanın komandası dünən “Dalğa Arena”da İsrail millisini qəbul etdi. Bəri başdan deyək ki, əldən verilən xallara görə hələ çox təəssüflənəcəyik. Çünki İsrail həqiqətən də məğlub edilməli, dişimizə görə olan rəqib idi.

Ən vacib

Komanda üçün ən vacib məqamlardan biri, bəlkə də birincisi intizamdır. Əgər işə düzgün və məsuliyyətli yanaşma yoxdursa, heç bir komandadan və ya kollektivdən danışmağa dəyməz. İnsafən, U-21-dən milli, komanda, kollektiv iyi gəlir. 

Bu məqamda bir haşiyəyə çıxmaq lazımdır. Bu gün Rəşad Sadıqov “Qarabağ”ın heyətində futbolçu kimi meydançaya çıxanda hazırda rəhbərliyi altında oynayan bir sıra futbolçularla üz-üzə gəlir. Fəhmin Muradbəylidən tutmuş Anton Krivotsyuka qədər ona rəqib qismində olurlar. Məhz belə bir durumda intizam səviyyəsinin yüksək müstəvidə olması alqışlanası məqamdır. Sadıqov baş məşqçisi olduğu komandaya ağırlığını qoya bilib. 

Təəssüfləndirici məqam

Bu, ondan ibarətdir ki, oyuna maraq 10 faizin altında idi. Faktiki olaraq, futbol adamlarını, veteran oyunçuları, məşqçiləri, qurum rəhbərlərini və 45 dəqiqəlik dəstək göstərən əsas milli komandanı və jurnalistləri nəzərə almasaq, tribunada başqa heç kim qalmırdı. Tribunalar tamamilə boş idi. Səssizlik o qədər qulaqbatırıcı idi ki, hətta bizə ən uzaq olan futbolçuların səsini, hətta dialoqlarını belə eşidə bilirdik. Boş tribuna önündə oynamaq isə motivasiyasızlığa səbəb olur. Qol vuran futbolçu sevincini bölüşməyə azarkeş tapmır. Çox təsirli və düşündürücü məqamdır. 

Erkən qol, səviyyə fərqi və elita təcrübəsinin rolu

Oyunda ilk qol start fiti verilər-verilməz vuruldu. Statistik məlumatlara baş vurası olsaq, bəlkə də bu qolun milli tarixi üçün ən erkən olduğunu görmüş olarıq. Rəqibinin səhvindən maksimum yararlanan Renat Dadaşov hesabı açdı. 90 dəqiqə meydanda olan Dadaşov digərlərindən çox seçilirdi. Soyuqqanlı davranması, top üzərində hökmranlığı və onu ram etməsi, meydançada lazimi nöqtəyə açılması bizə bir şey deyir: o, futbol ölkəsində yetişib. Oyunçuda çatışmayan ən vacib detal aqressiv olmamasıdı. Ümumiyyətlə, oyun ərzində elita təcrübəsi olan futbolçular bir baş üstün görünürdülər. Anton Krivotsyuk nə qədər xoş təsir bağışlasa da, milli komandanın müdafiəsinin lideri Sertan Taşkındır. Kapitan çox etibarlı oyunu ilə diqqət mərkəzində idi. Ozancan, Fəhmin kimi oyunçuları da fərqləndirmək olar. Ümumiyyətlə, elita təcrübəsi olanlar daha  keyfiyyətli oyun sərgilədilər. Bu da futbolda oyun təcrübəsinin, praktikanın nə qədər önəmli olduğunu göstərir. 

Qələbə şansını lotereyada əldən verdik

Yazının əvvəlində qeyd etdiyimiz kimi İsrail məğlub ediləsi rəqib idi. Bunun üçün oyunun sonlarında çox gözəl şansımız vardı. Millimiz penalti vurmaq hüququ qazandı ki, topa yaxınlaşan Ziya Əzizov bir qədər istəkli, inamlı və dəqiq oynasaydı, hətta İsraildən gələn xüsusi dövlət mühafizəçiləri də qələbəmizə mane ola bilməyəcəkdi. Amma qapıçı dəqiq oynadı. Ümumiyyətlə, meydançaya sonradan daxilən olan İlkin Muradovla Ziya Əzizov üzərlərinə düşən  işi tam görə bilmədilər. Görünür, beynəlxalq arenadakı təcrübəsizlik oyunçulara mane oldu. 

Kəşf

Xəbər verdiyimiz kimi, “Qəbələ”nin müdafiəçisi Bəhlul Mustafazadə zədə səbəbindən bu oyunu buraxırdı. Onun yoxluğunda milli komandaya dəvət alan “Sabah”ın müdafiəçisi Eltun Turabov onu layiqincə əvəz edə bildi. Artıq Premyer Liqada da mütəmadi oynayan futbolçunun millidə çıxış etməyə hazır olduğunu söyləyə bilərik. Oyunu, etibarlığı ilə diqqət çəkən oyunçu yəqin ki bundan sonra da məşqçilər korpusunun siyahısında olacaq. 

Ümumiyyətlə, Turabovu oyunun kəşfi kimi qələmə verə bilərik. 

Çingiz ABASOV

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right