“Təcrübəli oyunçular belə səhv etməməlidir” – Nazim Süleymanov

“Təəssüflər olsun ki, azarkeşlərimizi sevindirə bilmədik. Amma irəli baxmaq lazımdır”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov deyib. 

“Kimyaçılar” Azərbaycan Premyer Liqasının I turunda öz meydanında “Neftçi”yə məğlub olub. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Komanda pis təsir bağışlamadı. İlk hissədə qol epizodlarımız oldu. Futbol səhvlərdən ibarətdi. İlk qol zamanı müdafiəçilərimiz ötürmənin qarşısını kəsməli idilər, amma alınmadı. İkinci qolda da səhv etdik. Təcrübəli oyunçular belə səhvlər etməməlidir. Çempionat yeni başladığı üçün irəli baxmalıyıq”.

- “Sumqayıt” ciddi hücumlarla yadda qalmadı. Hücumçu problemi olduğunu təsdiq edirsiniz?

- Bəli, hücumda bu gün Ülvi İsgəndərova etibar etdik. Kənardan da görsəndi ki, zəif təsir bağışlayır. Komandaya mütləq hücumçu cəlb etməliyik. 

- Yay fasiləsi zamanı hücumçu və qapıçı problemini həll edə bilmədiniz?

- Əfranı hücumçu kimi oynatdıq, bacardığını ortaya qoydu. Düzdü, bizdə futbolçu qıtlığı var.  Qapıçı mövqeyində də problemimiz mövcuddur, razıyam.

- Təcrübəli müdafiəçilər ciddi səhvlərə yol verdilər. Bu, qarşıdakı oyunlarda sizə problem yaratmayacaq?

- Futbol səhv oyunudur. Futbolçularımıza inanırıq. Məğlubiyyət olan yerdə çox şeylər danışılır. İrəli baxmalı və qələbələr qazanmalıyıq. Marafon uzundur.   

- Güclü futbolçu kimi Azərbaycan futbolunda imzanızı qoymusunuz. Ancaq istədiyiniz şərtləri rəhbərlik qarşısında irəli sürə bilmirsiniz.  Hücumçu və qapıçı problemini nə zaman həll edəcəksiniz?

- Futbolun özəyi ondadı ki, təzyiq baş məşqçiyə olur. Biz çalışırıq ki, qapıçı və hücumçu problemini həll edək. Toplanışa hücumçu və qapıçı cəlb etmişdik, amma alınmadı.  Bunu gələcəkdə aradan qaldırmağa çalışacağıq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right