Millimizin baş məşqçisini qayğılandıran məqamlar çoxdu: "İstədiyim oyunu hələ ki komandamdan görmürəm"

Çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League Baku 2018) turnirində Fransa yığması ilə qarşılaşan Azərbaycan milli komandası mübarizəyə inamlı qələbəylə başlayıb - 4:1.

Millimizin baş məşqçisi Zeynal Zeynalov matçdan sonra newsport.az-ın əməkdaşının suallarını cavablandırıb. Gənc mütəxəssis narazı qaldığı məqamlara da toxunub. 

- Sizcə, qələbədə həlledici amil nə oldu?

- Oyunçularımızın əzmkarlığı. Düzdür, hesab 2:1 olanda oyun bir az çətin keçdi. Ancaq yetirmələrim çalışdılar, əllərindən gələni etdilər ki, üstünlüyü əldən verməyək. 1 qol vuraraq oyunu "sındırdılar". 3:1-dən sonra matç artıq xeyrimizə həll olundu.

- Millimiz qarşıdakı matçlarda - Belarus və Portuqaliyayla qarşılaşmalarda da ən azından bu oyunu göstərə biləcəkmi?

- İnşallah, buna çalışacağıq. Evdə oynayırıq, ev sahibiyik. Meydana ancaq o fikirlə çıxırıq ki, qələbə, qələbə və yenə də qələbə. Bunun olub-olmayacağını artıq vaxt göstərəcək. Bizim üçün rəqibin fərqi yoxdu ki. bu, Fransa, Belarus və yaxud Portuqaliyadı. Mən də daxil olmaqla bütün komanda yalnız qələbə haqda fikirləşir. 

- Oyunların ardıcıllığı fiziki cəhətdən problem yaratmayacaq ki?

- Yox. Neçə ildir çimərlik futbolunda ardıcıl oyunların iştirakçısı oluruq. Hələ elə olur ki, bundan da çox - 4-5 matç dalbadal keçiririk. Məncə, problem olmaz.

- Qələbədə inamlı oynayan qapıçınız Vaqi Şirinbəyovun nə dərəcədə rolu oldu?

- İstəməzdim ki, tək qapıçını seçim. Bütün komandaya minnətdarlığımı bildirirəm. Komanda şəklində yaxşı oynadıq, yaxşı mübarizə apardıq. Düzdür, qapıçı komandanın 50 faizidi və onun rolu danılmazdı. Vaqif ilk matçda yaxşı dayandı, qarşılaşmada ən yaxşılardan biri idi. 

- Qalibi mühakimə etmirlər. Ancaq hər halda, yığmamızın oyununda problemlər var. Bu planda hansı məqamlar sizi daha çox qayğılandırır?

- Qayğılandıran məqamlar həddindən artıq çoxdu. Belə deyim, istədiyim oyunu hələ ki komandamdan görmürəm. Çalışıram ki, yığma başqa cür oynasın. Bildiyiniz kimi, A Divizionu B Divizionundan çox fərqlidi. Burda ustalıq səviyyəsi başqa cürdü. Oyunçular topu çox saxlayır, texnikaya, fizikaya böyük üstünlük verirlər. Bizdə bu olanda bir az çətinliklər var. İkinci ildi A Divizionundayıq. Çalışırıq ki, pillə-pillə o səviyyəyə qalxaq. 

- İstədiyiniz futbolda əsas komponentlər hansılardı?

- Topla çox oynamaq, topu çox saxlamaq. Topu itirən kimi tez pressinq edərək onu almağı istəyirəm. Mənim futbolum bunlardan ibarətdi.

- A Divizionunda qalmaq çətin olmayacaq?

- Həmişə çətindi. Bildiyiniz kimi, burda necə güclü komandalar var. Fransanın özü bizim səviyyədə komandadı. Ancaq görürsünüz ki, necə mübarizə gedir. Burda zəif komanda yoxdu. Gərək hər oyuna son qarşılaşma kimi çıxasan ki, A Divizionunda yerini qoruyasan. Burda qalmağı fikirləşmirik. Onu düşünürük ki, pillə-pillə irəli gedək. 

- Sizcə, digər iki rəqibdən hansıyla matç həlledici olacaq? Favorit kimdi?

- Favorit deyəndə, burda hər oyun finala bərabərdi. Üç qarşılaşmanın hamısında qələbə qazansan, Superfinala düşürsən. Ona görə də gərək hər matçı udasan. İkinci görüşəcəyimiz Belarus da çətin rəqibdi, Portuqaliya ondan da çətin. 

- Bu yığmaların görüşü sizdə hansı təəssürat oyatdı?

- Bu oyunu izlədim. Hər ikisi əla komandadı. Portuqaliya yalnız fərdi ustalıq səviyyəsində üstündü. Ancaq bu olmasa, ikisi də eyni səviyyəli komandadır.

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right