Rəşad Sadıqov Renat Dadaşovu milliyə çağıracaq: "Öz işim üçün çox böyük itkidi"

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə Makedoniyaya 0:1 hesabı ilə məğlub olub.

Newsport.az saytının məlumatına görə, oyundan sonra yığmanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərə müsahibə verib.

- Bugünkü oyunun fonunda U-20-nin ilk təlim-məşq toplanışını necə dəyərləndirərdin?

- Təlim-məşq toplanışından ümumilikdə götürdükdə razıyam. İstər futbolçuların nizam-intizadı, istərsə də işə yanaşması olsun. Düşünürəm ki, bizim üçün çox faydalı təlim-məşq toplanışı oldu. Üç yoxlama matçı keçirdik. Çox istəyərəm ki, daha çox bir yerdə olaq, daha çox oyunlar keçirək. Çünki çatışmayan şeylərimiz çoxdu. Sadəcə, onlar üzərində işləməyə vaxtımız yoxdu. Millinin toplanışı da belə olacaq, gəlib 10 günə 2 oyun keçirəcəksən. İstəyərəm ki, daha çox vaxtımız olsun. Bunu Antalya toplanışında da demişdim. Amma vaxtımız məhduddu və buna görə də qısa müddətdə nəsə düşünüb etməliyik. 

- Hər məşqçi oyundan müəyyən nəticə çıxardır. Siz konkret bu matçdan hansı nəticəni çıxardınız?

- Oyunu ümumən iki hissəyə bölmək olar. Tam fərqli hissələr oldu. Özünüz də gördünüz ki, oynamayan futbolçulara şans vermək, onları iş başında görmək istəyirdim. Gəzirik, baxırıq, oyunları izləyirik. Ancaq Azərbaycan çempionatı başqadı, beynəlxalq matçlar başqa. Kiminsə oyunu alınmadısa, zəif çıxış etdisə, bu, o demək deyil ki, onun üzərindən xətti çəkirik və yaxud nəsə. Bunu da başa düşmək olar. Az beynəlxalq oyun keçiririk. Ən çox başıbəlamız də budu. Ancaq sağ olsunlar, indi yaxşı şərait yaradırlar, çoxsaylı oyun keçiririk. İstər U-19, istərsə də U-18, U-17 olsun. Hamıya belə şərait yaradılır. Fikirləşirəm ki, bu, getdikcə bəhrəsini verəcək.

- Görünən odu ki, ehtiyat qüvvəmiz adı. Çətin olmayacaq?

- Ümumiyyətlə, ilk təlim-məşq toplanışında olduğumuza görə demək olmur ki, əsas heyət kimdi, əvəzedici heyət kim. Sadəcə, ilk 2 qarşılaşmada az oynayanlara şans verdim. Zədəli oyunçularımız da var. Həmin 4-5 nəfər sıralarımıza qoşulduqdan sonra vəziyyət yavaş-yavaş yaxşılaşacaq. Vaxtımız var. Bir ilə əsas heyətimiz "oturacaq". Burdan 12-13 nəfər U-21-in təlim-məşq toplanışına dəvət alacaq. Belə qaydada işləyə-işləyə bu komandanı formalaşdırmağa çalışacağıq. 

- Buraxılan qolu sanki normal qarşıladınız...

- Buraxılan qol məni o qədər üzmür, çünki texniki səhvdi. Məni üzən başqa şeylər olur ki, kimsə mübarizələrə istəksiz yanaşır, onu çox rahatlıqla uduzur. Məni üzən bu şeylərdi. Topa arxaya verəndə qapıçıyla bir-birini hiss etmədilər və bu da qol oldu. Bu, futbolda olan şeylərdi.

- Makedoniya hər halda, İtaliya, İngiltərə deyil və bizim oyunçular rəqibdən futbol düşüncəsinə görə çox aşağıdı. Sizcə, niyə belə zəifik?

- Ümimiyyətlə, bu Makedoniya yığması çox güclüdü. İngiltərə yığmasını qeyd etdiniz. İki ay öncə onların üzərində elt-raundda 2:0 hesabıyla qələbə qazanıblar. Rəqib çox yaxşı olsa da, bu, bəzi səhvlərə yol verməyimizə bəhanə deyil. Futbol düşüncəmiz oyundan-oyuna yaxşılaşmalıdı. Bunun üçün çoxlu matçlar keçirməliyik. 

- Bununla düzələcək?

- Bəli. Əvəzedicilərin, U-19-un oyunlarıyla, məşqlərlə addım-addım düzəldirik. Ancaq bunlar birdən düzələn şeylər deyil. 

- Köməkçiniz Aftandil Hacıyev "Səbail"in baş məşqçisi postuna getdi. Sizcə, onda klubda sərbəst şəkildə çalışmaqla nələr alınacaq? Hacıyevi yığmada kim əvəzləyəcək?

- Şəxsən öz işim üçün çox böyük itkidi. Hacıyevin yerinə əvəzetmə tapmaq çox çətin olacaq. Ona işində uğurlar arzulayıram. Məsuliyyətli işin altına girib. Mənim də fikrimi soruşandan sonra dedim ki, özün qərar ver. Mənim üçün burda itkidi, ancaq təklif gəlibsə, özün qərar verməlisən. Hara getdiyini, gələcəkdə necə olacağını, hər şeyi yaxşı götür-qoy etməlisən. O da bir gün fikirləşdikdən sonra dedi ki, bu şansı dəyərləndirmək istəyirəm. Mən də bunu normal qarşıladım. Bacarıb-bacarmadığını isə artıq zaman göstərəcək.

- Kapitanlığın Anton Krivotsyuka verilməsi Premyer Liqa təcrübəsinin olmağı ilə bağlıdı?

- Əsas kapitanımız Hacıağa Hacıyevdi. İkinci kapitan Anton, üçüncü isə Kamran İbrahimovdu. Gələcəkdə kimsə özünü kapitanlığa daha layiq göstərsə, kimsə buna layiq olmasa, dəyişikliklər ola bilər. 

- Krivotsyukun Azərbaycan himnini oxuması da diqqətimizi çəkdi.

- Anton özümüzünküdü, onun milliləşmiş legioner kimi qəbul etmirəm. Təmiz azərbaycanca danışır, himnimizi oxuyur. Toplanışlarda ona çox şeyi tərcümə etmirik, özü azərbaycanca başa düşür. Mən onu bir növ azərbaycanlı kimi qəbul edirəm. Maksim Medvedevin davamçısı kimi.

- Renat Dadaşov U-21-də olacaqmı?

- U-21-i deyə bilmərəm. U-20-yə dəvət etməyi fikirləşirdik. Sadəcə, bu dəqiqə klubla bağlı problemləri var. Transfer danışıqları, görüşləri daha çox olur. Bu zaman bir də bura gəlib-getməyini istəmədik. Özüylə danışdıq, Elə fikirləşdik ki, indiki vaxtda problemini həll etsin. Bunu edəndən sonra yığmaya dəvət etməyi fikirləşirəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right