U-17 Liqası: Mərkəzi oyunda məhsuldar heç-heçə

Martın 5-də «Bakcell U-17 Liqası»nda 23-cü turun oyunları keçirilib. Turun mərkəzi görüşü Binə qəsəbə stadionunda keçirilib. Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan «Qarabağ» 5-ci yerin sahibi «Səbail»i qəbul edib. Rəqiblər arasında 2 xal fərqin olması, üstəlik, medallar uğrunda mübarizə aparmaları «Qarabağ» - «Səbail» qarşılaşmasını turun mərkəzi oyunu edirdi. Oyunun gedişində meydan sahiblərinin 2 top öndə olmasına baxmayaraq, tərəflər mübarizədən sülhlə ayrıldılar. 2:2 hesabı ilə başa çatan oyunda qonaqlardan hər iki qolu Kənan Qasımlı vurdu. O, 28-ci dəqiqədə penaltidən, 5 dəqiqə sonra isə oyundan fərqləndi. «Səbail»dən isə Hikmət Verdiyevlə (41-ci dəq.) Xəlil Bəşirov (60-cı dəq., penalti) «Qarabağ»ı məyus etdilər.

Heç-heçə hər iki tərəfə sərf etməyən nəticələrdən idi. İtirilən 2 xal həm Füzuli Məmmədovun, həm də İlyas Qurbanovun komandalarını 2-ci pillənin sahibi «Keşlə»dən bir qədər aralı saldı. İndi «Qarabağ» sözügedən komandadan 2, «Səbail» isə 3 xal geridədir.

«Keşlə»dən söz düşmüşkən, Nadir Əliyevin komandası çətin Sumqayıt səfərindən qələbə ilə dönməyi bacardı. «Kapitalbank Arena»da «Sumqayıt»ın qonağı olan «Keşlə» 28-ci dəqiqədə Ceyhun Nuriyevin sayəsində hesabda önə keçdi. 49-cu dəqiqədə isə Cavid Əliyev baxımlı qol vurdu.

İlk «beşlik»də qərarlaşan komandalardan «Neftçi» nisbətən asan rəqiblə qarşılaşdı. Ağsuya səfər edən Müşviq Qənbərovun komandası yerli «Ağsu»nu böyük hesabla məğlub etdi. «Neftçi»nin vurduğu bütün qolların müəllifi Vüsal Əsgərov oldu. Başqa sözlə, Vüsal «poker» etdi.

Çempionatın lideri «Qəbələ» də asan qələbəyə sevindi. Evdə «Neftçi» İK İB-ni qəbul edən «Qəbələ» 23, 45 və 47-i dəqiqələrdə rəqibi meydanın mərkəzindən başlamağa məcbur etdi. Meydan sahiblərindən Nicat Əliyev, Salman Ələsgərov və İbrahim Camalov fərqləndilər.

Digər 2 oyuna gəlincə, «Zirə» - «Xəzər Lənkəran» və «Kəpəz» - «Mil Muğan» matçlarında meydan sahiblərinin qalib gələcəkləri, özü də böyük hesabla qalib gələcəkləri gözlənilən idi. Rəşad Hüseynovun futbolçuları lənkəranlıları 6, «Kəpəz» isə imişlililəri 7 cavabsız topla məğlub etdi. Bakılıların heyətində Anar Abdullayev (26-cı dəq.), Seyran Fərəcov (37), Rəvan Babazadə (64), Mikayıl Kərimli (70, 80), Xanlar Nəsibov (75), gəncəlilərdən isə Babək Mehdiyev (3 qol), Samir Məmmədov, Nihat Fərəci, Ruslan Məmmədov və İsmayıl Məmmədov adlarını qol vuran futbolçuların siyahısına yazdırdılar.

U-17 Liqası, 23-cü tur:

«Qəbələ» - «Neftçi» İK İB 3:0

«Zirə» - «Xəzər Lənkəran» 6:0

«Sumqayıt» - «Keşlə» 0:2

«Kəpəz» - «Mil Muğan» 7:0

«Ağsu» - «Neftçi» 0:4

«Qarabağ» - «Səbail» 2:2

Bombardir: Nicat Musayev («Neftçi»)-21 qol.

U-17 Liqasında 24-cü turun oyunları martın 12-də keçiriləcək: «Ağsu» - «Kəpəz», «Neftçi» - «Zirə», «Xəzər Lənkəran» - «Qarabağ», «Səbail» - «Sumqayıt», «Keşlə» - «Qəbələ», «Neftçi» İK İB – «Mil Muğan». Oyunların başlama vaxtı və keçiriləcəyi yer haqqında əlavə məlumat verəcəyik.

«Het-trik news» 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right