Rəşad Sadıqov: "Doğma oğlun olsa belə, qırağa qoyursan ki, təki nəticə yaxşı olsun" Müsahibə

“Maraqlı oyun alındı. “Sumqayıt”a qarşı səfərdə belə futbol sərgiləyəcəyimizi gözləmirdim. Qapımıza doğru bir zərbə endirdilər və bu da qolla nəticələndi.  Lakin buna baxmayaraq komandamız pis oynamadı. Əgər səfərdə çoxsaylı hücumlar edib, bir zərbə ilə qapımızda qol gördüksə, bunu sərfəli nəticə hesab etmək olar".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov jurnalistlərə verdiyi açıqlamasında bildirib:

- 3 xal qazanmamağınıza şanssızlıq mane oldu demək olarmı?

- Düzdür, çoxlu sayda qol vəziyyətləri yaratdıq ilk hissədə. Hətta, bərabərlikdən sonra da qol şanslarımız oldu. Lakin təəsüflər olsun ki, yaranan fürsətlərdən istifadı edə bilmədik.

- Bir epizotda azarkeşlə dialoqunuz oldu. Nə baş verdi həmin anda? Sizə qarşı söyüşmü söydü?

- Xeyr, söyüş olmadı. Sadəcə, söz dedi, mən də ona öz fikrimi dedim.

- 36 yaşlı rəşad bu gün Azərbaycan çempionatında çox rahat şəkildə oyun nümayiş etdirir. Bu, çempionatın səviyyəsinin aşağı olduğundan irəli gəlir? Yoxsa, sizin yüksək formada olmağınızdan?

- Özüm haqda hər hansı bir fikir bildirməyim yəqin ki, doğru sayılmaz. Lakin gördüyünüz kimi çempionatımız bu gün çox gərgin keçir. Xüsusən də qış fasiləsindən sonra.

- Meydanda baş məşqçi olduğun oyunçular var idi ki, onlara qarşı oynayırdın. Bu çox nadir hallarda baş verən bir hadisədir. Hətta bəzi epizotlar olurdu ki, sənə qarşı oynamağa çəkinirdilər ki, birdən milliyə çağırılmazlar.

- (Gülür) Siz məni elə biri kimi tanıyırsınız? Düzü, bu çox sevindirici haldır ki, “Sumqayıt” kimi bir klubda U-21 millimizin bir neçə futbolçusu forma geyinir. Özlərini də yaxşı tərəfdən göstərməyi bacardılar. Lakin onlarla meydanda qarşılaşmağım yadıma gəlmir.

- Son zamanlar Amil Yunanovun milliyə çağırılması məsələsi müzakirə mövzusudur. Bu gün də meydana çıxdı və qol vurdu. Necə düşünürsən,  özünü sübut edə bildimi bu oyunda? 

- Ümumiyyətlə, Amil çox yaxşı futbolçudur. Nəinki bu il, hətta ötən illərdə də çox yaxşı futbol sərgiləyirdi. Düşünürəm ki, bir az da çoxlu çalışsa, Qurban müəllimin diqqətini cəlb edəcək. Qurban Qurbanovun çox geniş siyahısı var, həmin siyahıda Amilin də adı qeyd olunur. Amil Azərbaycanda çox yaxşı hücumçulardan biridir. Düzdür, bəzən olur ki, Samir Abbasov da ondan şikayətlənir, ancaq mövsüm arası bəzən futbolçu ideal formada olmur. Amma hər şey futbolçunun özündən asılıdır. Hər bir məşqçi istəyər ki, ən yaxşı oyunçudan istifadı etsin. Bu, məşqçinin özü üçün də müsbət nəticədir. Mən özüm də məşqçilik fəaliyyəti ilə məşqul oluram və bu işləri daha yaxşı anlayıram. Düşünmürəm ki, hansısa məşqçi hər hansı bir futbolçu ilə prinsip aparsın. Hətta doğma oğlun olsa belə, qırağa qoyursan ki, təki nəticə yaxşı olsun.  Hər bir futbolçu əzimkarlıq göstərib öz üzərində çalışsa, milliyə düşmək üçün şansı olacaq. Bunu, Qurban müəllimi yaxşı tanıdığım üçün deyirəm.

- Mahir Mədətov bu gün yaxşı təsir bağışlamırdı. Bunun Dino Ndlovunun getməsi ilə əlaqəsi varmı?  Sanki bütün yük düşüb Mədətovun üzərinə, o isə bu yükü daşıya bilmir.

- Düşünürəm ki, Ndlovu məsəli çox müzakirə olundu. Bu haqda yetəri qədər məlumat vermişik. Mahirə gəldikdə isə, cavandır hələki.  Təcrübəsinin artması üçün illər lazımdır ki, daha da baxımlı oyun nümayiş etdirsin.  Sırf hücumçu kimi oynamaq məsuliyyətli bir işdir. Deməzdim ki, tam olaraq pis oynadı.  Öz üzərində çox çalışır, məşqləedə daima öz üzərində işləyir, lakin “Qarabağ”da oynmaq üçün daha çox şeyə sahib olmaq lazımdır.

- Eyni zamanda “Qarabağ”ın U-19-lardan ibarət komandasının baş məşqçisisən. Bu yaxınlarda “Sumqayıt”la oyununuz təxirə salındı. Deyilənə görə buna səbəb  sənin “Kəpəz”lə oyunda meydana çıxmağın olub.

- Xeyr, bir neçə dəfə olub ki, biz təklif göndərmişik “Sumqayıt” oyundan imtina edib. Yəni, bu mənimlə bağlı bir məsələ deyil.

- Qış fasiləsindən sonra “Qarabağ” çıxdığı 4 oyuna 3 qol vurub. Bu, komandanın fiziki yüklənməsindən irəli gələ bilərmi?

- Mən heç vaxt futbolu nəticəyə görə qiymətləndirməmişəm. Təəssüflər olsun ki, bu gün hər şeyi qolla, nəticə ilə ölçürlər. Bu gün pis oynayıb qələbə qazansaydıq, deyərdilər ki, “Qarabağ” yaxşı formadadır. Amma “Sumqayıt” kimi komanda ilə səfərdə bu cür oyun oynamışıq. Mənim üçün önəmli olan budur. Digər məsələlər artıq futbolun texniki tərəfidir. Belə hallar ayrı-ayrı vaxtlarda “Qarabağ”da olub. Bu günün məsələsi deyil. Qol epizodlarına görə Çempionlar Liqasından kənarda qalmışıq. Ötən mövsüm ikinci dövrəyə bundan qat-qat pis başlamışdıq. Qol epizodlarından istifadə edə bilmirdik. Çoxlu xal itirmişdik. Rəqiblər də müqavimət göstərirlər. Çox yaxşı müdafiə olunurlar. Həmişə 2-ci dövrə birincidən fərqli keçir. Mövsümün sonu yaxınlaşdıqca hamı istəyir ki, özünü yaxşı tərəfdən göstərsin. Bunlar futbolda normaldır.

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right