"Xuliqan sözünün mənasını mənə tərcüməçi anlatdı" "Neftçi"nin futbolçusu

"Neftçi"nin futbolçusu İqnasio Herrera AZAL-ı 4:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra brifinq keçirib.
Newsport.az-ın məlumatına görə, çilili yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb...
 
- Oyun haqda nə deyə bilərsiniz ?
- Əlbəttə, bir neçə məğlubiyyətdən sonra bizə qələbə lazım idi. Qələbəmiz bu oyuna təsadüf etdi. Toparlanaraq qalib gəldik. Bütün "Neftçi” azarkeşlərini təbrik edirəm.
 
- Komandanızın Avropa Liqasına vəsiqə şanslarını necə dəyərləndirirsən?
- Əvvəlki oyunlarda xal qazanmalı idik. Amma təəssüf ki, xal itirdik. Buna baxmayaraq, hələ də şanslarımız var. Hər şey öz əlimizdədir. Rəqib komandaların da xal itirməsindən çox şey asılıdır. İnanıram ki, son 2 oyunda öz vəzifəmizi yerinə yetirib qələbə qazanacağıq və alınsa, Avropa Liqasına vəsiqə qazanacağıq. 
 
- Son oyunlarda qol vura bilmirsiniz və kubokdan sonra ardıcıl 2 oyunda məğlub olmusunuz...
- Futbolda belə nəticələr olur. Buna öyrəşmək lazımdır. Təcrübəli oyunçu bunlara alışmalıdır. Düzdür, uduzduq. Amma buradakı 4 ay ərzində kuboku qazanmaq və Avropa Liqasına daha asan yolla vəsiqə əldə etmək istəyirdim. Çox təəsüflər olsun ki, kubokda mübarizəni dayandırdıq. İndi əlimizdə qalan şans budur və bundan maksimum yararlanmağa çalışacağıq. 
 
- 4 aydır "Neftçi”dəsən. Bu müddətdə potensialını ortaya qoya bildinmi?
- Maksimum potensialımı göstərə bilməmişəm. Çünki adaptasiya bir az uzun getdi. 2 ay ərzində özümü meydanda tapa, yaxşı hiss edə və uyğunlaşa bilmirdim. Amma son dövrlər baş məşqçimiz mənə inanır, etibar edir. Çalışıram ki, bundan maksimum yararlanım, hər dəfə daha da yaxşı oyun sərgiləyim. İnanıram ki, bundan da yaxşı oyunumu görə biləcəksiniz.
 
- Baş məşqçidən söz düşmüşkən, Elxan Abdullayev azarkeşləri "xuliqan" adlandırmışdı. Komanda üzvləri ilə azarkeşlər arasında hansısa problem yoxdur? 
- Düzü, "xuliqan" sözünün mənasını bilmirdim. Tərcüməçi tərcümə etdikdən sonra bildim. Dünyanın hər yerində belədir: Komanda nəticə verəndə azarkeşlər sevinir, dəstəkləyir və çoxalırlar. Əks halda, söyməyə başlayır, oyunlara gəlmir və mənfi münasibət göstərilər. Biz buna öyrəşməli, komanda şəklində öyrəşməli və vəziyyətdən çıxmağa çalışmalıyıq. 
 
- Karyeran ərzində oynadığın klublarda baş məşqçinin azarkeşləri xuliqan adlandırması halı ilə üzləşmisən?
- Latın Amerikasında belə şeylər normaldır, buna alışmışam. Yəni, baş məşqçi ilə azarkeşlər arasında problemlər olur. Ona görə də mehriban olmaq və dəstəkləmək lazımdır. 
 
- Avroliqa uğrunda mübarizədə əsas rəqibiniz olan "Sumqayıt” və "Zirə” bu gün xal itirdi. Bu nəticə komandanızın motivasiyasına nə dərəcədə təsir etdi?
- Bizi "Zirə" və "Qarabağ"la final əhəmiyyətli oyunlar gözləyir. Həm "Sumqayıt", həm də "Zirə"nin xal itirməsi bizim üçün sevindirici haldır. Avroliqaya yüksəlmək özümüzdən asılıdır. "Zirə"nin meydanında qalib gəlməyə çalışacağıq ki, şanslarımızı qoruyub saxlayaq. 
 
- Amma ölkə kubokunun 1/4 finalını nəzərə almasaq, "Neftçi" "Zirə"yə heç vaxt qalib gələ bilməyib...
- Statistikalar onu yeniləmək üçündür

Sportnet.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right