Tarix təkrarlanmasın!

24 noyabr 2016-cı il...

Azərbaycan futboluna daha bir acı gün kimi yazıldı bu tarix. Heyf, bu gündən çox şey gözləyirdik. Yeni tarixi uğura sevinəcəyimizi düşünürdük.

Amma...

Sanki uğursuzluğun təməli Rikardinyo təkrar penaltini qaçırmaqla atıldı. “Qəbələ” öncə hesabda önə çıxmaq – qalib gəlmək fürsətini əldən verdi. Ardınca isə 1 xal da əldən çıxdı. Ümidimizi “Qarabağ”a bağladıq. Dedik ki, eybi yox, Qurban Qurbanov və komandası sevindirər bizi. “Slovan”a qalib gəlməklə Avroliqanın 1/16 final mərhələsinə yüksələn ilk klubumuz olar “Qarabağ”. Amma çexlər asan yem olmadı. Başımıza bəla oldu...

Hər şey bizim istədiyimiz kimi idi

Buna qədər qrupda vəziyyət lehimizə idi. “Slovan”la Bakıda heç-heçədən sonra əldə olunan 1 xala PAOK-la hər iki qarşılaşmada qazanılan qələbədən gələn 6 xal əlavə olunmuşdu. Beləliklə, təmsilçimiz 7 xalla J qrupunda 2-ci pillədə qərarlaşmışdı. Çexiya klubu ölkə çempionatında bərbad çıxış edirdi. Son turlar ümumiyyətlə qələbəyə həsrət idilər. “Qarabağ” isə qələbələri sıralayırdı. Yalnız Rəşad Sadıqovun yoxluğu ağıllarda sual yaradırdı. Amma unutmayaq ki, “Slovan”ın da ciddi itkisi var idi. “Dalğa Arena”da qapımıza yol tapan təcrübəli Milan Baroş Çexiya çempionatının son turunda zədələnmişdi. Göründüyü kimi, rəqib əsas “silah”ını itirmişdi. Üstəlik, qrupdan çıxmaq şansını da itirmişdi. Bu isə o demək idi ki, motivasiya sarıdan da “Qarabağ” rəqibindən bir baş üstündür.

Qurban Qurbanov nədə səhv etdi?

Komandalar demək olar ki, eyni taktiki düzülüşlə meydana çıxmışdı. “Slovan”da qapı Martin Dubravkaya həvalə olunmuşdu. Müdafiənin solunda Lukaş Bartoşak, sağında Andrey Karafiat, mərkəzində isə Lukaş Pokornı və Vladimir Tsoufal çıxış edirdi. Onların önündə Radim Breyte - Jdenek Folprext yer almışdı. Yeqon Vux və Ubonq Ekpay cinahlardan, Petr Şevçik mərkəzdən hücumdakı Nikolay Komliçenkoya dəstək verirdi. “Qarabağ”da həmişəki kimi qapı İbrahim Şehiçə tapşırılmışdı. Müdafiə dördlüyü Ansi Aqolli, Maksim Medvedev, Bədavi Hüseynov və Arif Daşdəmirovdan ibarət idi. Qara Qarayev və Miçel dayaq yarımmüdafiəçisi kimi çıxış edirdi. Muarem Muarem yarımmüdafiənin solunda, Dani Kintana isə sağında nəsə etməyə çalışırdı. Oyun qurmaq vəzifəsi Riçard Almeydaya tapşırılmışdı. Əsas qol ümidi isə Dino Ndlovu idi. Qurban Qurbanovun əsas yanlışı Daşdəmirovu oynatması idi. Şimali İrlandiya ilə oyunda yığmanı batıran birisinə belə həlledici matçda şans vermək riskli addım idi. Ondansa İlqar Qurbanov daha ağıllı variant olardı. Yəqin ki, baş məşqçi artıq 2-ci hissədə səhv etdiyini anlamışdı.

O top girsəydi...

Elə ilk dəqiqələrdən göründü ki, bu oyun “Qarabağ” üçün asan keçməyəcək. Gedişat plana uyğun deyildi. Topa nəzarət etmək mümkün olmurdu. Çünki rəqib təmsilçimizi yaxşı təhlil etmişdi. Demək olar ki, ağdamlılara boş zona vermirdilər. Əksinə, çox əzmkar mübarizə sərgiləyirdilər. Meydanın hər qarışı uğrunda döyüşürdülər. Sanki canlarından keçməyə hazır idilər. Sanki bu oyun onlar üçün sonuncu matç idi. Xüsusən 3 futbolçu “Qarabağ”a qənim kəsilmişdi. Ekpayın qarşısını kəsmək qəliz məsələydi. Çox sürətli və texnikalı futbolçu olan Ubonq sağ cinahda ağalıq edirdi. Onun təkcə ikinci hissədə 3 futbolçudan sıyrılması nəyə desən dəyərdi. Həmçinin Yeqon Vux və Nikolay Komliçenko ikilisini fərqləndirmək lazımdı. Vux hesabı açan futbolçu oldu. 3-cü qolun ötürməsini də o verdi. Komliçenko isə dubla imza atmaqla qələbədə böyük pay sahibi oldu. Bəs “Qarabağ” nə etdi? Daşdəmirovun səhvləri bitib tükənmək bilmirdi. Birinci və üçüncü qol onun ayağına yazılmalıdı. Birincidə mövqe səhvinə yol verdi, ikincidə isə önündəki topu auta çıxarmağı belə bacarmadı. Maksim və Bədavinin səhvləri də məğlubiyyətdə böyük rol oynadı. Ümumiyyətlə, dünən “Qarabağ”da yaxşı oynayan futbolçu var idimi? Yox, dünən meydanda bizim “Qarabağ”yox, tam başqa komanda idi sanki. Amma bəlkə də bir epizoddan yararlana bilsəydik, indi fərqli şeylər yazardıq. Muarem Muarem təkbətəyi qaçırmamalıydı. O cür texnikalı futbolçu üçün topu sadəcə Martin Dubravkanın başının üstündən aşırmaq qalırdı. Amma bacarmadı. Hesab bərabərləşsəydi, o zaman rəqibin də mübarizə əzmi sarsılacaqdı. Heyf, çox heyf...

Reynaldoya nə olub?

Bir vaxtlar “Qarabağ”ın ən güclü futbolçusu kimdi sualını verəndə hamı bir ağızdan Reynaldo deyərdi. Amma indi hanı bu futbolçu? Deyəsən, transfer təklifləri onu yoldan çıxarıb. Məşqlərə, oyunlara köklənə bilmir. Nə əvvəlki texnikası qalıb, nə də sürəti. PAOK-la oyunda bir neçə yüz faizli qol vəziyyətini qaçıran braziliyalı bu dəfə ümumiyyətlə heç nə ilə yadda qalmadı. Belə görünür ki, onunla vidalaşmağın vaxtı çatıb. Bəlkə də “9 nömrə” də bunu yaxşı dərk edir. “Qarabağ”a layiq futbolçu olmaq istəyirsə, özünə çəki-düzən verməli, əvvəlki əzəmətini geri qaytarılmadı. Yeri gəlmişkən, dünən heç Əfran İsmayılov da meydana sonradan daxil olduqdan sonra komandanı gücləndirə bilmədi. Maraqlıdı ki, Qurban Qurbanov nədənsə 3-cü əvəzetməyə ehtiyac duymadı. Halbuki Rahid Əmirquliyev və ya Coşqun Diniyev kimi sürətli futbolçulara şans vermək olardı.

Tarix təkrarlanmasın!

İki il əvvəl “Qarabağ” debüt ilindəcə qrupdan çıxmağa yaxın idi. Bunun üçün 6-cı turda “İnter”i Bakıda məğlub etmək tələb olunurdu. Heç-heçə bir halda işimizə yaraya bilərdi ki, “Dnepr” qələbə qazana bilməsin. Amma ukraynalılar “Sent-Etyen”i üstələdi. Bizim isə son dəqiqə qolumuzu Zelinka qeydə almadı və oyun başladığı hesabla başa çatdı. Yekunda “Qarabağ” 3-cü yeri tutaraq 1/16 final mərhələsinə yüksəlmək şansını əldən verdi. İndi yenə son tur ərəfəsində oxşar vəziyyət yaranıb. Yenə bir İtaliya klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək “Qarabağ” qələbə qazanaraq bu missiyanın öhdəsindən gəlməlidir. Amma 1 xal da kifayət edə bilər. Bunun üçün PAOK Yunanıstanda “Slovan”a qalib gəlməməlidir. Göründüyü kimi, eynən 2 il əvvəlki vəziyyətdi. Adətən tarix təkrarlanır deyirlər. Yox, qoy, bu dəfə tarix təkrarlanmasın! Haydı “Qarabağ” özün üçün yeni şanlı tarix yaz! Axı tarix yazmaq sənin işindir...

Mərdan HƏSƏNOV , Liberets





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right