Türkiyəli mütəxəssis Abdullah Avcı iki millinin baş məşqçisi postuna namizəddir.
Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, o, Türkiyə və ya Azərbaycan millisinin “sükanı arxasına” keçə bilər.
Məlumatda bildirilir ki, Azərbaycan tərəfi bu məsələdə tələsik qərar vermək istəmir. AFFA yalnız yeni ildən baş məşqçi dəyişikliyinə gedə bilər. Türkiyə Futbol Federasiyası isə Vinçentso Montellanın istefasından sonra boş qalan baş məşqçi postuna Avcını gətirməyi planlaşdırır.
63 yaşlı çalışdırıcı heç bir federasiyadan rəsmi təklif almadığını açıqlayıb: “Adımın hallanması gözəl şeydir. Ancaq indiki durumda nə bir təklif olub, nə də danışıq. Xüsusən də Türkiyə millisində işləmək böyük fəxrdir. Həm A millidə, həm də gənclər millisində işləmişəm. Adımın bu komanda ilə hallanması məni sevindirir”.
Qeyd edək ki, Abdullah Avcı sonuncu dəfə 2023-2024 mövsümündə “Trabzonspor”u çalışdırıb. Ondan sonra onun adı dəfələrlə yığmamızla və müxtəlif klublarımızla yanaşı hallanıb. Lakin onun reklamı ilə məşğul olan menecerlər arzusuna çatmayıb.
Əslində, indiki halda Avcıya xüsusilə Azərbaycanda ehtiyac yoxdur. Milli komandanın baş məşqçisi var və Ayxan Abbasov komandanı Millətlər Liqasında qrup lideri edib. Bundan əlavə, yığmanın oyunçu potensialının yüksək olmadığı bir məqamda əcnəbiyə böyük pullar xərclənməsi ağılsızlıq olar.
Abdullah bəyin yalnız Türkiyə millisində işləməyin böyük fəxr olduğunu deməsi də diqqətdən yayınmamalıdır. Deməli, o, bizim yığmaya yalnız pul qazanacağı sıradan iş yeri kimi baxır.