“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Barselona”ya 1:4 hesabı ilə uduzduqları matç haqda danışıb.
Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis komandasının çıxışını dəyərləndirib, rəqibin gücündən danışıb və məğlubiyyətin səbəblərini izah edib.
“İlk hissədə müəyyən dəqiqəyə qədər istədiklərimizi etdik və qol vurduq. İkinci qolu da vurduq, amma qolumuz ləğv edildi. İlk hissənin sonlarına doğru çox geri çəkildik. “Barselona”ya qarşı bunu heç istəmirdim. Rəqibi qapımıza yaxın buraxmağın təhlükəli olduğunu bilirdik. Buraxdığımız qol bəxtsiz idi. Yamal yıxıldı, top oyunçular arasında qaldı və bir anlıq çaşqınlıq yarandı. Nəticədə qol buraxdıq”, – deyə Buruk bildirib.
Baş məşqçi fasilədə futbolçularından daha irəli çıxmağı və rəqibi öz qapılarından uzaqda qarşılamağı tələb etdiyini söyləyib:
“İkinci hissədə çox erkən hesab 3:1 oldu. Üçüncü qolun da vurulması ilə oyun birdən-birə dəyişdi. Çox güclü komandaya və yüksək səviyyəli futbolçulara qarşı oynayırdıq. Hesabdakı fərq artdıqca komandamızın əhvalı da aşağı düşdü.
İspaniyanın dünya çempionu olan heyətindən 7-8 futbolçunun “Barselona”da çıxış etdiyini görürük. Onlar bir-birlərini çox yaxşı tanıyırlar. Təzyiq göstərdiyimiz anlarda belə topu itirmədən pressinqdən çıxa bilirlər. Pedri və Rodri kimi futbolçulara qarşı hücum pressinqi etmək çətindir. Bunu müəyyən məqamlarda sınadıq və bəzən alındı. Ancaq çox güclü rəqiblə qarşılaşmışdıq”.
Buruk ikinci qolu vuraraq hesabı 2:0-a çatdıra bilsəydilər, oyunun fərqli inkişaf edə biləcəyini də qeyd edib:
“2:0 hesabı ilə önə keçsəydik, bəlkə də bizim üçün tamam başqa, üstünlük qazana biləcəyimiz bir matç olardı. Ancaq ikinci hissədə erkən buraxdığımız qollar oyundan qopmağımıza səbəb oldu. Bəzi məqamları yaxşı, bəzilərini isə pis etdik. Futbolçularıma bu oyuna görə deyəcəyim çox söz yoxdur. Hamısı əllərindən gələni etməyə çalışdılar”.