Benin millisi Lionel Messinin vida matçında Argentinaya qarşı keçirdiyi oyundan sonra onlara göstərilən münasibətdən narazı qalıb.
Buenos-Ayresdə keçirilən və Argentina millisinin 3:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra bəzi beninli futbolçular Lionel Messidən forma və foto istəyiblər. Lakin futbolçulardan biri israrla Messi ilə selfi çəkməyə və formasını almağa çalışarkən argentinalı ulduz onu yüngülcə itələyərək yanından uzaqlaşdırıb.
Bununla yanaşı, jurnalist Romen Molina Argentina Futbol Federasiyası və matçın təşkilatçıları tərəfindən Benin millisinin bir sıra məhdudiyyətlərlə üzləşdiyini iddia edib. Onun sözlərinə görə, Benin tərəfinə matçın və sponsor gəlirlərindən ödəniş edilməyib, forma dəyişməyə və foto çəkdirməyə icazə verilməyib, həmçinin komandanın Argentina millisinin dəhlizinə daxil olması qadağan olunub.