İspaniya millisi və "Mançester Siti"nin sabiq futbolçusu David Silva karyerasını bərpa edir.
Newsport.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi Honq Konq çempionatında çıxış edən “Şatin” klubu ilə qısamüddətli müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Silva əvvəlcə komandanın heyətində bir matçda iştirak edəcək. Bundan sonra onun klubda çıxışını davam etdirib-etdirməyəcəyi ilə bağlı qərar veriləcək.
Futbolçu tibbi müayinədən keçdikdən sonra oktyabrın ortalarında Honq Konqa yollanacaq. Klubun mətbuat xidmətinin məlumatına görə, Silva optimal fiziki formaya düşməsi üçün komandanın məşqlərinə qoşulacaq.
Qeyd edək ki, Silva 2023-cü ildə çarpaz bağlarının qopmasından sonra futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.
O, İspaniya millisinin heyətində dünya çempionu və ikiqat Avropa çempionu olub. “Mançester Siti” ilə 4 dəfə İngiltərə çempionluğu, 5 Liqa kuboku, 2 İngiltərə kuboku və 3 İngiltərə Superkuboku qazanıb. Həmçinin “Valensiya” və “Real Sosyedad”ın heyətində İspaniya kubokunu bir dəfə əldə edib.